AzərbaycanРусскийEnglish
» » Asəf Hacıyevin akademik Cəlal Əliyevin 89-cu il dönümünə yazdığı “Elmə həsr edilmiş ömür” məqaləsi nəşr edilib

Asəf Hacıyevin akademik Cəlal Əliyevin 89-cu il dönümünə yazdığı “Elmə həsr edilmiş ömür” məqaləsi nəşr edilib

"Azərbaycan” qəzetinin 30 iyun 2017-ci il tarixli buraxılışında AMEA İDARƏETMƏ Sistemləri İnstitutunun laboratoriya rəhbəri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi, akademik Asəf Hacıyevin tanınmış Azərbaycan alimi, akademik Cəlal Əliyevin 89-cu il dönümünə yazdığı "Elmə həsr edilmiş ömür” adlı məqaləsi nəşr edilmişdir.

Elmə həsr edilmiş ömür
Bu gün Azərbaycanın görkəmli alimi akademik Cəlal Əliyevin, yaşasaydı 89 yaşı tamam olardı. Elm, onun zəngin yaradıcılıqla və eyni zamanda, enişli-yoxuşlu və mübarizələrlə dolu olan bütün ömrünün mənasını təşkil edirdi. Bir söhbət zamanı o, belə demişdi: "Əgər Tanrı mənə ikinci bir həyat bəxş etsəydi, heç düşünmədən yenə də elm yolunu seçib həyatımı ona həsr edərdim”. 
Akademik Cəlal Əliyevin ömrünü bağladığı və bütün səmimiyyəti ilə ona xidmət etdiyi elmin sirri nədir? Elm gözəlliklə, harmoniya, estetika ilə zəngin və yaşadığımız dünyaya paralel olan əsrarəngiz bir kainatdır. Fəqət, elmin sehri və möhtəşəmliyi ona məxsus estetik gözəlliklərlə də bitmir. Hələ XVI əsrdə dahi Galileo Galiliey "Təbiətin kitabı elm dilində yazılmışdır”- söyləyərək təbiətin və elmin bütünlüyünü bəşəriyyətə anlatmağa çalışırdı. Elmin əsas funksiyalarından biri də informasiya selini nizamlamaqdan ibarətdir. Tanınmış rəssamların əsərlərini adi boya rənglərindən fərqləndirən də bu nizamdır. Akademik C.Əliyevin elmi yaradıcılığı və fəaliyyəti də bu İlahi nizamın bir təcəssümü və təzahürüdür.
Elm, incəsənət, mədəniyyət azad düşüncə və təfəkkürün olmadığı yerdə inkişaf edə bilməz. Akademik C.Əliyevin ömrünü elmə həsr etməsinin bir səbəbi, bəlkə də onun ruhundakı və xarakterindəki bu azadlıq sevgisi və coşqusudur.
Böyük elm xadimlərinin həyat yoluna nəzər salarkən onların çoxunun məşhur elmi mərkəzlərdə yetişdiyini və fəaliyyət göstərdiyini görürük. Amma akademik C.Əliyev belə mərkəzlərdə təhsil almadı. Fitri istedadı və böyük zəhməti sayəsində o özü bir məktəb yaratdı və bu məktəbi bütün dünyaya tanıtdı. Akademik C.Əliyev öz elmi məktəbini həm də elə bir dövrdə yaratdı kı, bu dövr ötən əsrin postsovet məkanında elmin maddi baxımdan çox ağır vəziyyətdə olduğu bir zamana təsadüf edirdi. Belə bir elmi mərkəzin yaradılması və onun dünyaya tanıdılması əsl elmi qəhrəmanlıq nümunəsidir. Rusiya Elmlər Akademiyasının akademiki, dünyaca tanınmış alim İ.A.Tarçevski Cəlal Əliyevi "böyük zəhmətkeş” adlandırırdı. "Ancaq sadəcə, zəhmətkeşlik onun uğurlarının əsasını təşkil etmirdi. Buna onun incə və dərin düşüncəsini, mahir təşkilatçılıq qabiliyyətini də əlavə etmək lazımdır”- deyirdi akademik İ.A.Tarçevski.
Akademik C.Əliyev elmin çox önəmli fundamental bir prinsipini həyata keçirirdi. Bu prinsip fundamental nəzəri-elmi nəticələr əsasında təcrübi nümunələr yaratmaq və bu nümunələri praktik nəticələrə çevirmək ideyasına əsaslanırdı. Akademik C.Əliyev və onun yaratdığı elmi məktəb bu prinsipə əsaslanaraq molekulyar biologiya sahəsində dərin və fundamental elmi nəticələr əldə edib yeni taxıl sortları yaratdı. Bu sortlar daha sonra dünya tərəfindən qəbul olunaraq istifadə edilməyə başladı. Rusiya Elmlər Akademiyasının Bitkiçilik İnstitutunun direktoru, akademik V.Draqavtsev bu nəticələrlə tanış olduqdan sonra demişdir: "Taxıl sahəsində böyük hadisə baş verdi. Artıq demək olar ki, ideal taxıl sortu yaradılmışdır”.
Amma elmin bu zirvəsinə gəlməzdən öncə akademik Cəlal Əliyev həyatın çox ağır imtahanlarından keçməli oldu. Elmin mövcud sərhədlərini aşan böyük ideyalar kimi, C.Əliyevin də biologiya elminə riyaziyyat, fizika və digər fundamental elmlərin cəlb edilməsi fikri də bir zamanlar ağır ittihamlara və təzyiqlərə məruz qaldı. Fundamental elmlərin biologiyanın inkişafına verəcəyi təkanı ötən əsrin 70-ci illərində anlamaq, görmək yalnız C.Əliyev kimi dərin elmi təfəkkürə və intuisiyaya malik olan alimlərin bacara biləcəyi elmi bir hünərdir. Ötən əsrin 60-70-ci illərində buna bənzər bir hadisə M.V.Lomonosov adına Moskva Dövlət Üniversitetində baş vermişdir. XX əsrin ən böyük riyaziyyatçılarından olan akademik Israel Moiseyeviç Gelfand Moskva Dövlət Üniversitetində riyazi biologiya laboratoriyasını yaradaraq, biologiya, tibb və genetika sahəsində çox böyük uğurlar qazanmışdır. XXI əsrdə elmin inkişafının onun müxtəlif və bəzən də çox uzaq sahələrinin qarşılıqlı təması və inteqrasiyası nəticəsində meydana gələcəyini öncədən görmək akademik I.Gelfand və C.Əliyev kimi elm nəhənglərinin vəzifəsidir. Amma əgər akademik Gelfand bu fəaliyyətinə görə böyük mükafatlara layiq görüldüsə, akademik C.Əliyev bundan əziyyət çəkdi və hətta ona qarşı cinayət işi açıldı. Amma bütün çətinliklərə baxmayaraq, o, öz yolundan dönmədi və qalib gəldi. Elmin tarixində belə misallar mövcuddur. Hətta ölüm hökmünə baxmayaraq, belə alimlər öz əqidələrindən dönməyiblər və bu alimlərin adları elmin tarixinə qızıl hərflərlə yazılıb. Vətəndaş-alim akademik Cəlal Əliyev də onlar arasında öz şərəfli yerini tutanlardandır.
Akademik Cəlal Əliyev Azərbaycanda baş verən və Azərbaycan xalqının taleyi ilə baglı olan bütün hadisələrə öz vətəndaş münasibətini heç bir təhdiddən çəkinmədən cəsurcasına açıq şəkildə bildirir və mübarizə aparırdı. Hər zaman da bu mübarizələrdən qələbə ilə çıxırdı. O, elmin və incəsənətin yaşadıgı böhranlı illərdə belə, elmə olan sədaqətini tərk etmədi və özünəməxsus bir elmi məktəb yaratdı. Bu məktəbin əsas xüsusiyyəti əldə edilən fundamental elmi nəticələri yubandırmadan təcrübə sahəsində sınaqdan keçirmək və insanların xidmətinə verməkdən ibarətdir. O, yaratdığı elmi məktəbi, məktəb də onu bütün dünyaya tanıtdı. Hazırda akademik C.Əliyevin yetişdirdiyi tələbələr dünyanın ən məşhur elmi mərkəzlərində, ABŞ, Yaponiya, İngiltərə və digər ölkələrdə fəaliyyət göstərirlər, öz müəllimlərinin ideyalarını davam etdirirlər. Amma o, bu böyük şöhrətə illərcə apardığı ağır mubarizələrdən sonra çatdı. Amma bu gün kim bu illəri və bu mübarizələrə sərf edilən zamanı, gücü və enerjini qaytaracaqdı? Nə qədər böyük ideyalar və layihələr həyata keçmədən onunla əbədiyyətə qovuşdu, bəşəriyyət isə elm adına çox şeylər itirmiş oldu.
Bütün keşməkeşlərə və çətinliklərə baxmayaraq, akademik C.Əliyev əsl bir vətəndaş-alim kimi çox parlaq bir həyat yaşadı. O, hər yerdə, elmdə, siyasətdə, cəmiyyətdə nümunəvi bir şəxsiyyət idi. Ruhundakı cəsarət və çətin vəziyyətlərdən çıxış yolu tapma qabiliyyəti hər kəsi heyrətə gətirirdi. Bu sətirlərin müəllifi xaricdə baş verən bir hadisədə C.Əliyevin qeyri-adi düşüncəsinin şahidi olmuşdu. 1998-ci ildə Milli Məclisin nümayəndə heyəti İngiltərəyə rəsmi səfər etmişdi. İnformasiya blokadasında olan Azərbaycan o illərdə haqsız tənqidlərə məruz qalırdı. İngiltərə parlamentində görüşlərin biri zamanı nümayəndə heyətimiz yenə haqsız ittihamlarla qarşı-qarşıya qaldı. Birdən İngiltərə parlamentinin üzvlərindən biri: "Gəlin vəziyyəti izah etmək üçün Prezident Heydər Əliyevin qardaşına müraciət edək” - dedi və üzünü C.Əliyevə çevirərək, "Siz Prezidentin qardaşı deyilmisiz?”- deyə soruşdu. Araya dərin bir süküt çökdü. Amma bir dəqiqə belə keçmədən C.Əliyev söz alaraq dedi: "Bəli, mən Prezidentin deyil, azərbaycanlı Heydər Əliyevin qardaşıyam və bununla fəxr edirəm. Amma ailə dövlət işlərini müzakirə edib qərarlar qəbul etmək yeri deyil. Digər tərəfdən, məni təcübləndirən odur ki, bu gün Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq və bütün dünya, o cümlədən İngiltərə Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, aqressora qarşı heç bir tədbir görmür. Əgər sizin ailələrinizdə dövlət məsələləri həll olunursa, öz övladlarınızdan bu işğalın nə gədər ədalətli olub-olmadığını soruşarsınız. Əminəm ki, sizin məsum və ədalətli övladlarınızın verəcəyi cavab mənim düşündüklərim ilə eyni olacaqdır.” Bu cavab ingilis siyasətçisinə dərin bir intellektə sahib siyasətçi-alimin verdiyi bir master klass idi.
Akademik C.Əliyev sənəti və mədəniyyəti dərindən bilən və ona yüksək qiymət verən bir şəxsiyyət idi. Moskvaya olan hər səfərində Böyük Teatra və ya Kreml Sarayına getmə fürsətini qaçırmazdı. O, ətrafındakı insanlara da bu mədəniyyət ocaqlarına getməyi tövsiyə edərdi. Bir dəfə Moskvada "Sonalar gölü” baletinə bilet tapıb yoldaşlarını da oraya dəvət etmişdi. Bəziləri baletə getməkdən boyun qaçırmaq üçün müxtəlif bəhanələr gətirirdi. Biri hətta dedi ki, mövzu köhnə olduğundan oraya getmək istəmir. Cəlal Əliyev dərhal ciddi bir şəkildə: "Xeyr, qu quşları bu gün Moskvanın ətrafında olan göllərdən gətirilib, ona görə hər şey təzə olacaq”- deyə cavab verdi. Bu, elmdə çox ciddi nəticələr əldə etmiş böyük bir alimin incə yumoru idi.
Musiqidə və elmdə tanınmış şəxslər iki kateqoriyaya bölünür: bir neçə məşhur əsərlər yaradanlar və bununla tanınmış olanlar. Amma elə şəxslər də var ki, onları məşhur edən dünya elminə gətirdikləri və bir çox anlayışları dəyişən yeni yanaşmalarıdır. Akademik Cəlal Əliyev məhz bunlardan idi. Qədim və zəngin tarixi olan ölkəmizdə elmə hər zaman böyük maraq olmuşdur. Azərbaycanın böyük filosof-şairi Nizami Gəncəvi hələ XII əsrdən bizə belə səslənmişdi:
Elmlə, ədəblə tapılar şərəf
Mirvari olmasa, nə lazım sədəf.
Akademik Cəlal Əliyev elmin mirvarisi olub ona şərəf verən və ölkəmizi dünyaya tanıdan bir şəxsiyyət idi.

© Məlumatlardan istifadə zamanı www.ISI.az saytına istinad zəruridir.

Sayt AMEA İdarəetmə Sistemləri İnstitutunun "Web Qrup"u tərəfindən idarə olunur.