AzərbaycanРусскийEnglish
» » » 2015-ci ildə alınan elmi nəticələr

2015-ci ildə alınan elmi nəticələr

2015-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunda aparılan elmi-tədqiqat işləri əsasında alınan mühüm elmi nəticələr:

1. Stasionar dəniz neft-qaz platformalarının nəzarət və diaqnostika sistemlərinin sensorlarının çıxışlarında alınan texnoloji parametrlərin küylərinin analizi vasitəsilə texniki vəziyyətinin dәyişmәsinin erkən monitorinqini təmin edən effektiv alqoritmlәr və texnologiyalar işlənilmişdir.
İcraçılar: akad. Əliyev Telman, t.ü.f.d. Əlizadə Tahir

2. Neft quyularının dinamoqramlarının real vaxt ərzində identifikasiyasının adekvatlığını təmin etməklə onların iqtisadi cəhətdən daha səmərəli olan onlayn rejimində idarə edilməsi hesabına rentabelliklərini xeyli artıran hibrid informasiya texnologiyaları işlənmişdir və Bibiheybət neftqazçıxarma İdarəsinin obyektlərində sınaqdan keçirilmişdir.
İcraçılar: akad. Əliyev Тelman, t.e.d. Quluyev Qəmbər, t.ü.f.d., dos. Rzayev Asif, Əliyev Yavər, a.e.i. Rezvan Məhəmməd

3. Kütləvi xidmət sistemlərində vəziyyətdən asılı sıçrayışlı prioritetlər təyin edilmiş və onların xarakteristikalarının hesablanması və optimallaşdırılması üçün səmərəli üsullar təklif edilmişdir.
İcraçı: t.e.d., müxbir üzv Məlikov Ağası

4. Ştanqlı dərinlik nasos qurğularının dinamoqramları əsasında neft quyularının hasilatının operativ təyin edilməsi üsullarının dəqiqliyini artırmaq məqsədi ilə periodik ölçmələrin nəticəsinə görə korreksiya alqoritmləri işlənilmişdir.
İcraçılar: akad. Əliyev Тelman, t.e.d. Quluyev Qəmbər, t.ü.f.d. Rzayev Asif, t.e.d. Rzayev Abbas

5. Mürəkkəb halqavari strukturlu neft kəmərlərində mayenin qərarlaşmamış rejimdə hərəkəti zamanı sızma yerlərinin lokalizasiyası məsələsinin ədədi həll üsulu təklif edilmişdir. Model məsələlər üzərində ədədi eksperimentlər aparılmışdır
İcraçılar: r.e.d., m.üzv Ayda-zadə Kamil, r.ü.f.d., dos. Əşrəfova Yeganə

6. Anomal-seysmik proseslərin Robast noise monitoring stansiyalarında formalaşan noise xarakteristikaların amplitudasına əsasən gözlənilən zəlzələlərin ocaqlarının zonalarının tapılması və onların maqnitudalarının qiymətlərinin müəyyənləşdirilməsi üçün alqoritmlər və proqram kompleksi işlənilmişdir.
İcraçılar: akad. Əliyev Telman, t.e.d. Quluyev Qəmbər, t.ü.f.d. Paşayev Fərhad, r.ü.f.d., dos. Paşayev Ədalət.

7. Tsiklik proseslərin identifikasiyanın adekvatlığını təmin etməyə imkan verən hibrid, mövqeli-binar (MB) və dinamik zaman transformasiyası (DTW) üsulu təklif olunmuşdur.
İcraçılar: t.e.d., prof. Nüsrətov Oqtay, r.ü.f.d., dos. Kərimov Azər

8. Tikinti sənaye obyektlərinin istismarı zamanı qəza vəziyyətinə keçmələrinin gizli dövrünün identifikasiyası modelləri və proqram paketi işlənilmişdir.
İcraçılar: t.e.d., prof. Musayeva Nailə, e.i. Süleymanova Mətanət, Qazızadə Bəhruz, Qazızadə Pərviz

9. Paralel hesablama texnologiyaları əsasında optimallaşdırmanın tətbiqi proqram paketi ilə idarəetmə sistemi üçün alqoritmlər və proqram təminatı hazırlanmışdır.
İcraçılar: r.e.d., m.üzv Ayda-zadə Kamil, r.ü.f.d., dos. Quliyev Samir, t.ü.f.d. Talıbov Səxavət

10. Kompüter vasitəsilə azərbaycan mətnlərinin anlanılması üçün gizli markov və neyrofazi modelləri əsasında alqoritmlər və proqram təminatı yaradılmışdır.
İcraçılar: r.e.d., m.üzv Ayda-zadə Kamil, t.ü.f.d., dos. Rüstəmov Samir, t.ü.f.d. Mustafayev Elşən

11. Azərbaycan dilindəki mətnlərin müəlliflərinin tanınması üçün alqoritm və proqram təminatı işlənilmışdır.
İcraçılar: r.e.d., m.üzv Ayda-zadə Kamil, t.ü.f.d. Talıbov Səxavət

12. Mövcud olan proqnozlaşdırma modellərinə nisbətən mühüm dərəcədə daha dəqiq proqnoz verilənlərini əldə etmək imkanını verən zəif strukturlaşmış zaman sıralarının qeyri-səlis modelləşdirməsinin yeni üsulları işlənilmışdır.
İcraçılar: t.e.d., dos. Rzayev Ramin, r.ü.f.d., dos. Camalov Zeynal, Mehdiyev T.Z.

13. Neyroşəbəkəli məntiqi bazisdə qeyri-səlis çıxarılış sisteminin tətbiqi əsasında rabitə xidmətlərinin keyfiyyətini qiymətləndirən modullu intellektual sistemin qurulmasının yeni prinsipləri formalizə edilmişdir və icra mexanizmi işlənilmişdir.
İcraçılar: t.e.d., dos. Rzayev Ramin, dis. Göyüşev Aydın, Almasov Əsgər

14. Respublikada "Yaşıl iqtisadiyyat”–ın inkişaf səviyyəsini müəyyən etmək üçün qeyri-səlis modellər yaradılmış və onlara uyğun məsələləri həll etmək üçün alqoritm verilmişdir.
İcraçı: i.e.d., prof. İmanоv Qorxmaz

15. Dövlətin qanunvericilik və inzibatçılıq səylərinin yaratdığı vergi potensialının qiymətləndirilməsi üçün makroiqtisadi göstəricilərin tənzimlənməsi ilə vergi canlanması və elastikliyi əmsalları təklif edilmişdir.
İcraçı: i.e.d., prof., m.üzv Musayev Akif

16. Ekonometrik modelləşdirmə vasitəsi ilə müəyyən edilmişdir ki, neft ehtiyatlarının (təbii ehtiyatların) istismarından əldə onunan pul vəsaitlərinin dünya üzrə borcların həcmini artırır.
İcraçılar: i.e.d., prof. Həsənli Yadulla, İsmayılova Simrah

17. Fraktal strukturların yaranmasının başlanğıc fazası olan "özlü barmaqların” fraktal ölçüyə malik olan strukturlara çevrilməsindən sonra və ya əvvəlcədən fraktal struktura malik olan məsaməli mühitlərdə birölçülü və ikiölçülü süzülmə məsələllərinin riyazi modelləri işlənilmişdir.
İcraçı: t.e.d., prof. Həsənov Allahverdi

18. Xarici qeyri-stasionar təsirlər altında neftli-qazlı laylarda baş verən müvazinətsiz keçici proseslər nəticəsində fraktal strukturların yaranması şərtləri riyazi şəkildə formalaşdırılmışdır. Fraktal yaranmasının başlanğıc fazası olan "özlü barmaqların” fraktal ölçüyə malik olan strukturlara çevrilməsindən sonra və ya əvvəlcədən fraktal struktura malik olan məsaməli mühitlərdə birölçülü və ikiölçülü süzülmə məsələlərinin riyazi modelləri işlənilmişdir.
İcraçı: t.e.d., prof. Həsənov Allahverdi

19. Aparılan nəzəri və eksperimental tədqiqatlar nəticəsində Azərbaycanda torpaqların meliorasiyası və suvarma suyu ilə təmin edilməsi üçün istismar olunan hidromeliorativ və irriqasiya sistem və qurğularının etibarlılıq və istismarının effektivlik məsələləri araşdırılmışdır. Bu sistemlərin etibarlığını müəyyən etmək və onların effektivliyinin yüksəldilməsi məqsədi ilə yeni rıyazı modellər qurulmuş, ehtimal və etibarlılıq nəzəriyyələrinin nəticələrindən istifadə edərək bu sistemlərin etibarlılığının və effektivliyinin artırılması üçün elmi-praktiki əsaslar işlənilmişdir.
İcraçılar: akad. Hacıyev Asəf, r.ü.f.d. Rüstəmov Yasin

20. Fazi qonşuluq münasibətləri əsasında klasterizasiya məsələlərinin həlli üçün daha effektiv olan yeni OFJP (Optimal-time FJP) alqoritminin səviyyə əsaslı yeni versiyası təklif olunmuşdur və bu alqoritmin doğru həll verdiyi nəzəri cəhətdən isbat olunmuşdur.
İcraçı: r.e.d., prof. Nəsibov Əfəndi

21. Biofizik və genetik verilənlərin analizində müvəffəqiyyətlə tətbiq oluna bilən Fuzzy birləşmiş nöqtələr (FJP) metodu tədqiq olunmuş və bu metodun yeni versiyaları olan MFJP (Modified FJP) və OFJP (Optimal-time FJP) alqoritmləri təklif olunmuşdur. Bu algortitmlər klassik FJP algoritmindən, uyğun olaraq, və n2 dəfə daha sürətli olduğu isbatlanmışdır. Ayrıca, OFJP (Optimal-time FJP) algoritminin FJP sinfindən olan algoritmlər içərisində zaman mürəkkəbliyi baxımından optimal olduğu nəzəri cəhətdən isbat edilmişdir
İcraçı: r.e.d., prof. Nəsibov Əfəndi

22. Verilənləri tamədədli intervallar olan Bul proqramlaşdırılması məsələsinin suboptimist və subpessimist həllərinin qurulması üçün üsul təklif olunmuşdur.
İcraçılar: r.e.d., prof. Məmmədov Knyaz, dokt. Məmmədova Ayla

23. "Çətin həll olunan məsələlər” sinfindən olan bir məhdudiyyətli qismən tamədədli proqramlaşdırma məsələsinin optimal həllinin tapılması üçün yeni üsul işlənilmişdir.
İcraçılar: r.e.d., prof. Məmmədov Knyaz, dis. Yolçuyeva Sevinc

24. Torpaqların Rusiya və Azərbaycan təsnifatının informasiya modellərinin müqaysəli analizi aparılmışdır. Müəyyən olmuşdur ki, strukturlar yaxın olsa da, tam üst-üstə düşmür və odur ki, klassifikasiyaların birini digərinə inikas etdirmək olmur.
İcraçılar: r.ü.f.d., dos. Paşayev Ədalət, e.i Həsənova Samira

25. Müsbət və mənfi meyilli semimarkov dolaşma prosesinin "a(a>0)” səviyyəsinə çatma anı ilə bu səviyyəni aşma uzunluğunun birgə paylanmasının Laplas-Stiltyes çevirməsi tapılmışdır
İcraçılar: r.e.d., prof. Nəsirova Tamilla, r.ü.f.d. İbayev Elşən, r.ü.f.d., dos. Əliyev Tofiq, r.ü.f.d. Ömərova Könül.

26. Moskalenko tipli kəsilməz optimal idarə məsələsində optimallıq üçün ikinci tərtib zəruri şərt alınmışdır.
İcraçı: r.e.d., prof. Mənsimov Kamil

27. İntegral rabitə şəbəkələrində xidməti trafiklərin verilişi və qəbulu prosesi tədqiq edilərək, signallaşma sistemlərin maneəyə davamlılığının və etibarlılığının yüksəldılməsi üçün hesablama üsulu təklif olunmuş və onların keyfiyyət xarakteristikalarını qiymətləndirmək üçün analitik ifadələr alınmışdır.
İcraçılar: t.e.d., prof. İbrahimov Bayram, dis. İsmayılova Sevinc, dis. Hüseynov Fəxri

28. Xəzər dənizi Azərbaycan sektorunun əsas ekoloji subregionları (sahil zona, şelf zonası, dərinlik tənəzzülü, dərin su zonası) üçün Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinin metodoloji əsasları işlənilmişdir.
İcraçı: t.ü.f.d.. dos. Qarayev Robert

29. Neftin uçot qovşağında miqdarını təyin etmək məqsədi ilə, onun tərkibindəki çoxsaylı qarışıqların inteqral göstəricilərinin təyini alqoritmi və struktur modeli təklif olunmuşdur.
İcraçı: t.ü.f.d., dos. İsayev Məzahir

30. Aller tənliyini, Manjeron tənliyini və digər model tənliklərini ümumiləşdirən yüksək tərtibli, qeyri-hamar əmsallı hiperbolik tənlik üçün qeyri-klassik traktovkada 3D kontakt-sərhəd məsələsi əsaslandırılmış və onun üçün yeni həll üsulu təklif edilmişdir.
İcraçı: r.ü.f.d., dos. Məmmədov İlqar

31. Bianki tənliyini, rütübət keçirmə tənliyini, istilikkeçirmə tənliyini, Aller tənliyini, Bussineska-Lyava tənliyini, Manjeron tənliyini və digər model tənliklərini ümumiləşdirən yüksəktərtibli, qeyri-hamar əmsallı hiperbolik tənlik üçün qeyri-klassik traktovkada 3D final-sərhəd məsələsi əsaslandırılmış və onun üçün yeni həll üsulu təklif edilmişdir.
İcraçı: r.ü.f.d.. dos. Məmmədov İlqar

32. Diffuziya əmsalı idarəetmədən asılı olan və sağ ucunda məhdudiyyət verilən halda optimal həllərin keçid anları və optimal idarəetmənin təyin olunması üçün maksimum prinsipi isbat olunub.
İcraçı: r.ü.f.d., dos. Ağayeva Çərkəz

33. Unimodal olmayan, diferensiallana bilməyən, kəsilən funksiyaların optimallaşdırılması Dubinin prinsipinə əsaslanan yeni evolyusion alqoritm təklif edilmiş və bu alqoritm klaster analizi məsələsinin həlli üçün istifadə edilmişdir.
İcraçı: r.ü.f.d. Davudova Rəvanə

34. Üçüncü tərtib operator-diferensial tənlik üçün bir sərhəd məsələsinə baxılıb. Tənliyə və sərhəd şərtinə daxil olan operatorlar üçün kafi şərtlər tapılmışdır ki, bu şərtlər daxilində məsələnin korrekt və birqiymətli həll olunması təmin olunur.
İcraçı: r.ü.f.d., dos. Babayeva Sevinc

© Məlumatlardan istifadə zamanı www.ISI.az saytına istinad zəruridir.

Sayt AMEA İdarəetmə Sistemləri İnstitutunun "Web Qrup"u tərəfindən idarə olunur.