Nyu-York nəşriyyatı olan kitaba Azərbaycan aliminin yazdığı fəsil daxil edilmişdir
29.09.2015 / XəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri Robert Əsədulla oğlu Qarayev tərəfindən yazılmış fəsil "Nova Science Publishers Inc” (USA: N.Y.) nəşriyyatında çap olunan "Knowledge Engineering. Principles, Methods and Applications” kitabında dərc olunmuşdur.
Fəslin nəşri üçün dəvət kitabın redaktoru prof. Alfonso Perez Gama (University of Essex, United Kingdom) tərəfindən olunmuşdur.
Yuxarıda göstərilən kitabın "Cognitive Approach and its Application to the Modeling of Strategic Management of Enterprises” (Koqnitiv yanaşma və onun müəssisələrin strateji menecmentinin modelləşdirilməsinə tətbiqi) fəslində son zamanlar dünya idarəetmə elmində fəal inkişaf edən koqnitiv yanaşmanın metodologiyasına və tətbiqi imkanlarina baxılır (http://rabitadunyasi.info.az/News/?newsID=1389&lang=az).
Koqnitiv yanaşmanın ideya və metodları idarəetmə elminin yeni paradiqmasını əks etdirir və müasir real aləmin mürəkkəb obyektlərinin (müəssisələr, banklar, dövlət büdcəsi, fövqəladə hallar, bioehtiyatlar, ekosistemlər və s.) effektif idarə olunması üçün unikal imkanlar açır. Bu obyektlərin əsas fərqləndirici xüsusiyyətləri bunlardır: çox kriteriyalılıq, çox faktorluq, dinamiklik, qeyri-müəyyənlik, fənnlərarası. Belə xüsusiyyətlər bu tip obyektlərin ənənəvi iqtisadi-riyazi vasitələrlə modelləşdirilməsi imkanını istisna edir.
Fəsildə bugün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin, o cümlədən, Azərbaycanın iqtisadi inkişafının əsası olan kiçik və orta müəssisələrin strateji menecment məsələlərinə koqnitiv yanaşmanın tətbiqinin nəticələri göstərilmişdir.