AMEA İSİ və BDU arasında birgə yeni layihənin müzakirəsi keçirildi
27.10.2016 / Xəbərlər27 oktyabr 2016-cı il tarixində AMEA İdarəetmə Sistemləri Institutu (İSİ) və Bakı Dövlət Universiteti (BDU) əməkdaşlarının iştirakı ilə Bakı Dövlət Universitetinin (BDU) "Nanotexnologiyalar” laboratoriyasında "NANO VƏ DİGƏR TEXNOLOGIYALARIN TƏTBİQİ İLƏ NEFTÇIXARMANIN İNTELLEKTUAL ONLİNE İDARƏETMƏ SİSTEMİNİN YARADILMASI” mövzusunda seminar keçirilmişdir.
Keçirilən seminarda BDU rektoru, akademik Abel Məhərrəmov, "Nanoaraşdırmalar” mərkəzinin rəhbəri, professor Məmmədəli Ramazanov, "Hesablama riyaziyyatı” kafedrasının professoru Vaqif İbrahimov, AMEA İSİ direktoru, akademik Telman Əliyev, İSİ-nin direktor müavini, t.e.d. Oktay Nüsrətov və digər alimlər iştirak etmişdirlər. Akademik Telman Əliyev seminarı giriş sözü ilə açaraq layihənin vacibliyini və əsas məqsədlərini qeyd etmişdir.
Akademik Telman Əliyev işlənmənin son mərhələsində olan yataqlarda neftvermənin artırılması üçün intellektual idarəetmə sisteminin yaradılması ilə bağlı uğurlu işlər aparıldığını seminar iştirakçılarının diqqətinə çatdırdı.
Sonra İSİ əməkdaşları nəzərdə tutulan işlər barədə məlumat verdilər. İSİ-nin "Neft çıxarma obyektlərinin nəzarət, diaqnostika və idarəetmə sistemləri” laboratoriyasının müdiri, t. ü. f. d., dosent Asif Rzayev "İşlənmənin son mərhələsində olan yataqlarda neftvermə əmsalının artırılması üçün nanotexnologiyaların tətbiqi ilə intellektual idarəetmə sistemlərinin yaradılması” mövzusunda təqdimatla çıxış etmişdir. Bu istiqamətdə elmi-tədqiqat işlərininin nəticəsi olaraq Azərbaycanın Bibiheybət neft-qaz çıxarma mədənlərində 55 quyu, Şirvan-Oil – 190 quyu və Salyan-Oil LTD şirkətində 140 quyunu əhatə edən14 ədəd qrup şəkilli ölçü qurğusu tətbiq edilmişdir.
Seminarda eyni zamanda layihə ətrafında geniş müzakirələr aparılmışdır.