Ulu Öndərimiz Heydər Əliyevin 90 illik yubileyi qeyd edildi
01.05.2013 / Xəbərlər01.05.2013-cü ildə AMEA-nın Kibernetika İnstitutunda Ulu Öndərimiz Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə təntənəli yığıncaq keçirilmişdir. Yığıncaqda Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən video rolik nümayiş etdirilmişdir.
Sonra AMEA Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev Heydər Əliyevin Azərbaycanda Kibernetika və İnformatika elminin inkişafındakı rolu barədə çıxış etmişdir.
O, çıxışında qeyd etdi ki: "Ulu öndərimiz Heydər Əliyev cənablarının Azərbaycanda kibernetika və informatika elmlərinin inkişafında böyük rolu olmuşdur. 1972-ci ildə möhtərəm H.Əliyevin SSRİ EA-nın prezidenti, akademik M.Keldışla görüşü tarixi bir gün kimi yaddaşlarda qalmışdır. Həmin görüş Azərbaycanda Kibernetikanın inkişafına, onun elmi potensialının formalaşmasına böyük təsir göstərmişdir. O vaxtkı Dzerjinski adına (indi Şəhriyar adına) klubda M.Keldışın iştirakı ilə, ona həsr olunmuş görüşdə möhtərəm H.Əliyev ətraflı çıxış etdi, onun elmi fəaliyyətinin dərin təhlilini verdi. H.Əliyev cənabları M.Keldışın dahi alim olduğunu yüksək səviyyədə əsaslandırdı, onun elmi-ictimai fəaliyyətinə yüksək qiymət verdi ki, buda M.Keldışı çox məmnun etdi. Bundan sonra Keldışın nəinki Kibernetika İnstitutuna, hətta bizim Akademiyaya olan münasibəti kökündən dəyişdi və bunun nəticəsində o, Respublikaya saysız-hesabsız, o zaman çətin tapılan avadanlıqlar ayırmaqla elmimizin təşkili üçün yüksək səviyyəli texniki baza yaratmağa kömək etdi. Bunların içərisində o vaxt yalnız hərbçilərə verilən super-hesablayıcı maşın sayılan BESM-6 tipli kompleksin verilməsi məsələsi də həll edildi. Bu da respublikada müxtəlif iqtisadi və elmi əhəmiyyətli problemlərin həll edilməsi üçün çox əlverişli şərait yaratdı. Sonrakı dövrlərdə də hər il Heydər Əliyevin birbaşa göstərişi ilə ölkə büdcəsindən lazımı vəsait ayrılır, ən müasir informasiya vasitələrinin alınması təmin olunurdu. Bütün bunların nəticəsində Akademiyada elmin bütün sahələrində həm fundamental, həm də tətbiqi xarakterli yüksək səviyyəli işlər aparmaq imkanı xeyli artdı. Bununla yanaşı, Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda kibernetika elminin inkişafına böyük təsir göstərən müxtəlif nazirliklərdə və birliklərdə 120-dən artıq informasiya-hesablama mərkəzləri, informatika elmi-istehsalat birlikləri və başqa informasiyalaşdırma ilə məşğul olan müəssisələr yaradıldı.
Ümummilli liderimiz H.Əliyev barəsində Rusiyanın Sankt-Peterburq və Pskov şəhərlərində danışılan iki hadisəni qeyd etmək istərdim. 1996-cı ildə 1-4 iyul tarixində Sankt-Peterburq Dövlət Elektrotexniki Universitetində təşkil edilmiş «İntellektual Sistemlər» Beynəlxalq simpoziumunda iştirak edirdik. Tənəffüs zamanı Universitetin rektoru, professor V.B.Yakovlev bizə Azərbaycandakı vəziyyət barəsində sual verdi, biz ölkəmizdə vəziyyətin yaxşılaşma tendensiyasını və ümimiyyətlə, işgüzar elmi mühitin olmasını və bununla əlaqədar bizim də simpoziumda aktiv iştirakımızın mümkün olmasını və hər bir azərbaycanlı alim kimi, Prezidentin həm akademiyaya, həm də elmimizə diqqətini hiss etdiyimizi qeyd etdik. O bizə dedi ki, onun özü də, rəhbərlik etdiyi Universitet də H.Əliyevin qayğısına həmişə minnətdar olacaqlar. Bunun səbəbini Universitetin, demək olar ki, ən yüksək səviyyədə tərtibatına, onun texniki bazasının yeniləşməsinə, ümumiyyətlə, gördüyümüz bütün yaxşı şeylərə görə ona minnətdar olduğunu bildirdi. V.B.Yakovlev dedi ki: "bizim Universitet çox pis vəziyyətdə idi, dəfələrlə ən yüksək səviyyədə müraciətlər etmişdik və bizə söz vermişdilər. Lakin, heç kim real bir iş görməmişdir. Bir dəfə H.Əliyevin rəhbərliyi altında Rusiya Ali Təhsil Universitetinin problemlərinə həsr edilmiş müşavirə aparılırdı, mən müşavirədən sonra ona müraciət edib öz çətinliklərimizdən danışdım. O, köməkçisinə tapşırdı və mən deyənləri qeydiyyata aldırdı. Mənə dedi ki, gözləyin, yaxın vaxtlarda sizin məsələ həll ediləcəkdir. Az sonra bütün bu gördüyünüz möcüzələr baş verdi. Bizim hamımız heç vaxt bunu unutmuruq və unutmayacağıq".
Biz bu söhbətdən çox qürur hissi keçirdik və demək olar ki, axıracan onların bizə diqqətini hiss etdik.
1998-ci ildə Pskov şəhərində üçüncü Beynəlxalq "İntellektual Sistemlər Simpoziumu" keçirilirdi. Simpoziumun qurtarması münasibəti ilə Pskov vilayətinin rəhbərliyi tərəfindən təntənəli mərasim keçirilirdi. Mərasimi aparan Rusiya Elmlər Akademiyasının akademiki, Sankt-Peterburq Dövlət Universite-tinin rektoru bizə müraciət etdi. Soruşdu ki, Azərbaycanda vəziyyət necədir və Prezidentimizin fəaliyyəti ilə maraqlandı. Biz ona ölkənin vəziyyətinin artıq xeyli dərəcədə yaxşılaşdığını, inflyasiyanın dayandığını, iqtisadiyyatın inkişafa başlamasını, elmimizin canlanmasını dedik. O dedi ki, bunlar onu təəccübləndirmir. Çünki, sizin xalq xoşbəxtdir ki, onun belə böyük, dünya səviyyəli rəhbəri var. Biz ruslar sizə qibtə edirik. Sonra hamının yanında bütün məclisdə oturanlara müraciət edərək bir sağlıq dedi. O, sözunu belə başladı: - "SSRİ Ali təhsil rektorlarının ümumittifaq yığıncağında, o zamankı rektorlardan biri kimi, çıxış etmək mənə tapşırılmışdır. Mən çıxışımı hazırladıqdan sonra, o vaxtkı qaydaya uyğun olaraq, Mərkəzi Komitənin təhsil şöbəsində müzakirə edildi və razılıq alındı. Tədbirin aparılmasına cənab H.Əliyev və cənab Y.Liqaçov rəhbərlik edirdi. O vaxtkı qəbul olunmuş qaydaya görə, əvvəlcə titullu natiqlərə söz verilirdi, mən isə axıra qalmışdım. Nətəcədə, məndən əvvəl çıxış edənlər mənim demək istədiyim bütün fikirləri dedilər. Buna görə də mən, əvvəldən hazırlanmış və razılaşdırılmış çıxışın təkrar olduğunu nəzərə alaraq, heç kimdən icazə almadan, bir neçə yeni təkliflə çıxış etmək qərarına gəldim. Həmin təkliflərdən biri, o zamankı aspirantların təqaüdünün artırılmasına aid idi. Mən çıxışımda bunu kifayət qədər əsaslandırdım. Bunu eşidən kimi, cənab E.Liqaçov mənə populist fikirlər deməyimə görə irad tutdu və mənim çıxışıma tənqidi yanaşdı. Bu an cənab H.Əliyev Liqaçovun qulağına nəsə dedi, bu təklifin çox mühüm əhəmiyyəti olduğu barədə öz fikrini bildirdi, bu məsələnin hökmən həll ediləcəyini qeyd etdi və çıxışını yaxşı əhvalla sona yetirdi. Bir neçə gündən sonra Sovetlər ölkəsi üzrə aspirantların təqaüdlərinin xeyli artırılması barəsində qərar qəbul edildi . Bu, doğrudan da çox müdrik, son dərəcə faydalı, elmlə məşğul olan gənclərin yaxşılığına və beləliklə, elmin inkişafına səbəb olan bir tədbir idi".
Sözünün sonunda, o, bizim möhtərəm Prezidentimizin sağlığına və onun nümayəndəsi kimi bizim sağlığımıza badə qaldırdı. Bizim ürəyimiz qürur hissi ilə dolmuşdur. Azərbaycanlı olmağımızla fəxr etdik və həmişə fəxr edəcəyik.
Lakin gələcək-keçmişin davamıdır. Bizim elmimizin məbədi olan Azərbaycan Elmlər Akademiyasının yaşamasına həm biz, həm də gələcək nəsillər ulu öndərimiz H.Əliyevə minnətdar olmalıdır."
Sonra Azərbaycan Uşaq Fondunun sədri, akademik İsmayıl İbrahimov dövrümüzün görkəmli siyasi xadimi Heydər Əliyevin ötən ilin 70-ci illərindən başlayaraq Azərbaycanın inkişafı naminə gördüyü işlər barədə geniş çıxış etdi. Çıxışın sonunda İ.İbrahimov Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Azərbaycan Respublikasının müstəqillik illərində kibernetika və informatika sahəsində əldə olunmuş elmi-texniki nailiyyətlər (1991-2011-ci illər)" və "Azərbaycan Uşaq Fondunda (1988-2005)" adlı kitabları barədə məlumat verdi.