AR Rabitə və Yüksək Texnologiyalar naziri Ə.Abbasov İdarəetmə Sistemləri İnstitutunda olmuşdur
22.05.2014 / Xəbərlər22 may 2014-cü ildə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri, akademik Əli Abbasov, RYTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsi müdiri, texnika elmləri doktoru İsbəndiyar Əliyev və RYTN-in Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsini müdiri , t.e.d. Elçin Zeynalov AMEA İdarəetmə Sistemləri (Kibernetika) İnstitutunda olmuşlar. İnstitutun direktoru, akademik Telman Əliyev İnstitutda yerinə yetirilən elmi-tədqiqat işləri, institut əməkdaşlarının əldə etdikləri nəaliyyətlər, patentlər, çap etdirdikləri monoqrafiyalar, xaricdə nüfuzlu jurnallarda dərc olunmuş məqalələr, institutun təklif etdiyi layihələr, hazırlanmış cihazlar, qurğular və başqa materiallar haqqında ətraflı məlumat verdi.
İnstitutda yaradılmış Anomal Seysmik Proseslərin monitorinqi üçün Robust Noise Monitoring stansiyaları şəbəkəsinin (RNM ASP) işi ilə, Qum adasında, Şirvan, Siyəzən, Neftçala, Naftalan, Naxçıvan, Qazax rayonlarında, Türkmənistan Respublikasının ərazisində, İdarəetmə Sistemləri İnstitutunun sığınacaq yerində 5 m dərinlikdə yerləşdirilmiş quyu və bu stansiyalardan qəbul olunan anomal seysmik proseslərin siqnallarının qəbulu və emal edilməsi prosesi barədə geniş məlumat verdi. Bundan başqa, İnstitutda yaradılan "Dərinlik neft-çıxarma avadanlığlarının məsafədən diaqnostikasını və idarə edilməsini təmin edən yeni nəsil robast noise monitorinq sisteminin eksperimental variantı hazırlanmış və Bibiheybət neftqazçıxarma idarəsinin 35 neftçıxarma obyektində tətbiq edilmişdir. Sistem elektrik enerjisinə 50%-dən çox qənaət etməyə, neftçıxarma avadanlığının təmirarası vaxtının xeyli artırmağa və rentabelliyi 2 dəfədən çox yaxşılaşdırmağa imkan verir. AzNeft birliyindən sistemin səmərəliyini təsdiq edən akt alınmışdır və onun istehsalı və başqa neftçıxarma idarələrində tətbiqi məqsədəuyğun hesab edilmişdir.
Nazir Anomal Seysmik Proseslərin monitorinqi üçün Robust Noise Monitoring stansiyaları şəbəkəsinin (RNM ASP) böyük əhəmiyyət kəsb etdiyini, İnstitutda təklif edilən nəzəriyyələrin və texnologiyaların dünya miqyasında qəbul edildiyini və qlobal məsələlərə həsr olunduğunu, bu işlərin geniş miqyasda tətbiq edilməsi üçün innovativ sahibkarlığın və elmin kommersiyalaşdırılmasının vacib olduğunu qeyd etdi, RYTN- SOCAR- AMEA arasında birgə əsaslandırılmış layihələrin tərtib edilməsini və bu layihə üzrə qurğuların texnoparklarda kütləvi şəkildə hazırlanması təklifini irəli sürdü.