Neft sənayesinin tanınmış alimi Eldar Şahbazovun yubileyi
29.01.2018 / XəbərlərAzərbaycan neft elminin tanınmış alimərindən biri olan E.Q.Şahbazovun 70 yaşı tamam olur.
Eldar Qəşəm oğlu Şahbazov 1948-ci il yanvar ayıının 29-da Qərbi Azərbaycanda ziyalı ailəsində anadan olub. E.Q.Şahbazov 1966-1972-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft-mexanika fakultəsində təhsil alaraq, mühəndis-mexanik ixtisasına yiyələnib.
E.Q.Şahbazov 1972 - 1990-cı illər ərzidə Azərbaycan Neft Maşınqayırma Elmi-Tədqiqat və Layihə İnstitutunda işıəmiş və əmək fəaliyyətinə mühəndis kimi başlayaraq laboratoriya müdiri vəzifəsinə kimi yüksəlmişdir.
E.Q.Şahbazov 1984-cü ildə İxtisaslaşdırılmış Elmi Şurada “Neft və qaz quyularının cari və əsaslı təmiri üçün qaldırıcı qurğuların texniki xidmət və təmiri rejimləri” mövzusunu müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.
O, 1990-cı ildə “Səyyar neft-mədən qurğularının etibarlılığının artırılmasının elmi əsasları və təcrübi metodların işlənməsi” mövzusunda doktorluq işi müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsinə, 1997-ci ildə isə professor elmi adına layiq görülüb. 1990-1992-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun birinci prorektoru vəzifəsində, sonradan isə Azərbaycan Dövlət Neft Akademiyası nəzdində fəaliyyət göstərən Neft, Qaz və Kimya Elmi Tədqiqat İnstitutunda direktorun birinci müavini vəzifəsində işləyib. E.Q.Şahbazov 1993-cü ildən hal-hazıra kimi SOCAR-da çalışır.
1993-cü ildən Ukrayna Neft-Qaz Akademiyasının, 2014-cü ildən isə Rusiya Təbii Elmlər Akademiyasının həqiqi üzvüdür. 2010-cı ildə isə E.Q.Şahbazov Nanoelm və nanotexnologiyanın inkişafında xidmətlərinə görə YUNESKO mükafatına layiq görülmüşdür və elmi nailiyyətləri YUNESKO ensiklopediyasına daxil edilmiş ilk milli sərvətlərimizdəndir. Bundan əlavə o, “Qızıl qələm” media mükafatı laureatıdır.
Hal-hazırda Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının “Yer elmləri” bölməsinin sədr müavini, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktorunun və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti rektorunun müşaviri vəzifələrində çalışır.
Artıq 20 ildən çoxdur ki, E.Q.Şahbazov AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun “Neft sənayesində nanotexnologiyaların tətbiqində riyazi modelləşdirmə” laboratoriyasına rəhbərlik edir.
Eldar müəllim ən böyük müəllimlərindən olan akademik Azad Mirzəcanzadə ruhunu öz varlığı ilə, bütün dünyası ilə yaşadanlardandır. Fundamental tədqiqatların həm elmi rəhbəri, həm baş icraçısı, həm də təbliğatçısı olan Eldar müəllim innovasiya layihələrinin yeni səviyyəyə yüksəlməsində nanotexnologiyaların imkanlarından məharətlə istifadə edərək bir sıra nəticələr əldə etmişdir. “Kiçik təsir və həyəcan” effektini neft elminə, sonradan isə neft sənayesində nanotexnologiyalara gətirilməsi professor Eldar Şahbazovun adı ilə bağlıdır.
Zəngin həyat təcrübəsi, peşəkarlığı, işgüzarlığı, təşəbbüskarlığı ilə seçilən Eldar müəllim bütün həyatını neft maşın və avadanlıqlarının etibarlığının artırılması ilə bağlı tədqiqat işlərinə, neft sənayesində nanotextexnologiyaların yaradılması, onların tədqiqi və istehsalatda geniş tətbiq olunma işinə həsr etmişdir. Belə ki, o, qeyd olunan texnologiyaların elmi-nəzəri əsası olan “kiçik təsir və həyəcan” effektinin müəllifidir. Göstərilən istiqamətlər üzrə Eldar müəllim tərəfindən təkcə SOCAR-da deyil, respublikamızın bir sıra elm və tədris müəssisələrində fundamental tədqiqatları aparmağa imkan verən kollektivlər formalaşmışdır. Bu məktəblərin işləri respublikamızın quru və dəniz yataqlarında hal-hazırda da geniş tətbiq olunmaqdadır.
Eldar müəllimin elmi rəhbərliyi altında 10 namizədlik dissertasiya işi müvəffəqiyətlə müdafiə olunmuşdur.
E.Q.Şahbazov 165 elmi əsərin, o cümlədən 22 patentin, 12 monoqrafiyanın müəllifidir.
O, SOCAR nailiyyətlərinə dair ABŞ, Böyük Britaniya, Norveç, Fransa, Rusiya, Çin və digər ölkələrdə elmi məruzələrlə çıxışlar edmişdir.
Ölkə prezidentimizin sərəncamı ilə Tərəqqi medalına layiq görülmüşdür. Hörmətli Eldar müəllim!
Sizi İdarəetmə Sistemləri İnstitutunun rəhbərliyi və kollektivi adından yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə can sağlığı, ailə səadəti, elmi işlərinizdə yeni uğurlar arzulayırıq.