AzərbaycanРусскийEnglish
AMEA İdarəetmə Sistemləri İnstitutunun "Fiskаl strategiyanın modelləşdirilməsi” laboratoriyasının müdiri, iqtisad elmləri doktoru, professor Musayev Akif Fərhad oğlunun "Aksizlər” (Xüsusi istehlak vergisi) adlı yeni monoqrafiyası çapdan çıxmışdır.

Monoqrafiyada aksizlərin yaranma tarixi, aksizli malların seçilmə xüsusiyyətləri, iqtisadi, ekoloji və təhlükəsizlik nöqteyi-nəzərindən mahiyyəti açıqlanmış, universal aksizin spesifik forması olan dövriyyədən aksiz vergisi, onun digər universal aksiz formaları olan satışdan və əlavə dəyər vergisindən fərqi, büdcə gəlirlərinin formalaşmasında rolu tədqiq edilmiş, aksizlərin tətbiqi formalarının müqayisəli təhlili aparılmış, aksizlərin inzibatçılığı və ona nəzarət, aksiz vergitutmasında harmonizasiya məsələləri araşdırılmışdır.
Azərbaycan alimlərinin yeni monoqrafiyası nəşr olunmuşdur

AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları, "Sosial-iqtisadi proseslərin modelləşdirilməsi” laboratoriyasının müdiri, iqtisad elmləri doktoru professor Yadulla Həsənli və iqtisad üzrə fəlsəfə doktoru Səyyad Ağayevin "Vergi ödəyicilərinin vergidən yayınma risklərinin qiymətləndirilməsi”  ("Assessment Of Tax Evasion Risks Of Tax Payers”) adlı yeni monoqrafiyası çapdan çıxıb. Monoqrafiya Almaniyanın "LAMBERT Academic Publishing” nəşriyyatı tərəfindən ingilis dilində nəşr olunub.

Kitab bu sahədə iqtisadçılara aydın və geniş tanışlıq verir. Kitabın məqsədi vergidən yayınan riskli vergi ödəyicilərini müəyyən etməkvə vergidən yayınma problemlərinin həllinə kömək etməkdir. Kitabda statistik metodları tətbiq etməklə bu problemlər həll edilir. Burada riskli vergi ödəyicilərinin aşkarlanmasında bir sıra praktiki yanaşmalar verilir. Bu kitab vergi və maliyyə sahəsində çalışan iqtisadçılar üçün nəzərdə tutulub. Kitab tələbələr, vergi işçiləri və tədqiqatçılar üçün faydalıdır.

Akademik Telman Əliyevin yeni kitabı çapdan çıxmışdır

11 mart 2013-cü ildə Palmarium Akademik Nəşriyyatında AMEA-nın Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyevin "Noise контроль сердца мобильным телефоном" adlı kitabı çap olunmuşdur.
Kitabda  mobil telefonun imkanlarından istifadə etməklə, ürəyin və ağ ciyərin küylərinə qulaq asmaq yolu ilə,  ürək-damar və tənəffüs orqanları sistemindəki xəstəliklərin başlanmasının gizli dövrünün Noise monitorinq  texnologiyaları təklif olunur. Ürəyin və ciyərin cari vəziyyətinin qiymətləndirilməsi  və  xəstəliyin gizli dövrünün başlanmasının identifikasiya məsələlərinin həlli zamanı  informativ əlamətlər kimi  küyün dispersiyasından, küyün korrelyasiya qiymətindən, faydalı siqnalla küy arasında qarşılıqlı korrelyasiya funksiyasından və korrelyasiya əmsalından  istifadə olunur.  Bunun üçün, alınmış Noise qiymətlər simptomlar kimi qəbul olunur.  Onların kombinasiyalarından , təlim  yolu ilə, mobil telefon istifadəçisinin həm xəstə, həm də sağlam vəziyyətində etalon simptomlar və simptomlar çoxluğu bankı formalaşdırılır.  Müəyyən təlim  müddəti keçdikdən sonra, istifadəçi, öz mobil telefonundan ürəyin və ciyərin sağlamlıq vəziyyətinin  Noise nəzarət cihazı kimi istifadə edə bilər. Robast korrelyasiya, spektral və mövqeli-binar analizlər texnologiyaları üzrə alınmış informativ əlamətlərin tətbiqi ilə monitorinqin təkrarlanması nəticələrin dəqiqliyini təmin edir.