2023-cü ildə institutda yerinə yetirilmiş elmi-tədqiqat işləri üzrə 41 mühüm elmi nəticə alınmışdır,
onlardan 11 nəticə Elmi Şura tərəfindən təsdiq edilmişdir.
1. Süni intellekt üsullarının tanıma, diaqnostika, proqnoz və qərar qəbuletmə məsələlərinin öyrənilməsində tətbiqi.
Alınmış elmi nəticə haqqında qısa məlumat:
Süni intellekt texnologiyalarının tətbiqi ilə dərin neyron şəbəkələri əsasında az resurslu dillər modeli işlənilərək azərbaycandilli virtual asisstent yaradılmış və tətbiqə başlanılmışdır.
İcraçılar: AMEA-nın həqiqi üzvü Əli Abbasov, t.ü.f.d., dos. Əbülfət Fətullayev, t.ü.f.d., dos. Samir Rüstəmov
2. Obyektlərin texniki vəziyyətində dəyişikliyin başlanğıcının və inkişaf dinamikasının identifikasiyasını təmin etməyə imkan verən intellektual nəzarət və idarəetmə sistemlərinin nəzəri əsaslarının işlənilməsi və tətbiqi.
Alınmış elmi nəticə haqqında qısa məlumat:
Texnoloji proses üçün yolverilməz dəyişikliklərin diaqnostik əlaməti kimi küy qarışıq siqnalın faydalı komponentinin yüksək tərtib ehtimal modeli hazırlanmış, parametrlərin mümkün qiymətləri və müvafiq təhlükə dərəcələri müəyyən edilmişdir. Proqram təminatı tərtib edilmiş, hesablama təcrübələri və müqayisəli təhlillər aparılmışdır. Hazırlanmış alqoritmlərdən nəqliyyat kompleksinin obyektləri üçün istifadə imkanlarına baxılmışdır.
İcraçılar: AMEA-nın həqiqi üzvü, t.e.d., prof. Telman Əliyev, t.e.d., prof. Nailə Musayeva
3. Obyektlərin texniki vəziyyətində dəyişikliyin başlanğıcının və inkişaf dinamikasının identifikasiyasını təmin etməyə imkan verən intellektual nəzarət və idarəetmə sistemlərinin nəzəri əsaslarının işlənilməsi və tətbiqi.
Alınmış elmi nəticə haqqında qısa məlumat:
Böyük iqtisadi səmərə verə bilən strateji əhəmiyyətli sənaye obyektlərinin, vattmetroqramların, dinamoqramların və başqa texnoloji parametrlərin küylərinin və faydalı siqnallarının analizi texnologiyaları təklif olunmuş və onların ştanqlı dərinlik nasoslu, dalma nasoslu neft quyularının, qazma qurğularının, laylara suvurma stansiyalarının SCADA-nəzarət və idarəetmə sistemləri yaradılmış və tətbiq edilmişdir.
İçraçılar: t.e.d., dos. Qəmbər Quluyev, t.e.d., dos. Asif Rzayev, t.e.d., dos. Fəhrad Paşayev
4. İnformasiya qıtlığı şəraitində xüsusi təyinatlı obyekt və sistemlərin idarə edilməsi üçün riyazi modellərin, üsulların və alqoritmlərin işlənilməsi. Aerokosmik təsvirlərdə obyektin tanınması.
Alınmış elmi nəticə haqqında qısa məlumat:
Aerokosmik fotoşəkillərin və/və ya onlarda olan obyektlərin oriyentasiyasından asılı olmayaraq dəyişməz qalan xüsusiyyətlərinə əsaslanan tanınma alqoritmi, uyğun neyron şəbəkəsi və öyrədilmə mexanizmi işlənib hazırlanmış və tətbiq olunmuşdur. Şəkillərdə verilən təsvirlər müstəvi fiqur kimi baxılır və onların statik əlamətləri hesablanır. Bu əlamətlərə həndəsi fiqurların “ağırlıq mərkəzi” və “əsas ətalət oxları” aiddir. Sözügedən əlamətlər cismin kosmosdan görünən oriyentasiyasından asılı deyil, yalnız onun öz formasına nəzərən müəyyən olunur. Şəklin çəkilmə bucağı az dəyişdikdə, bu xüsusiyyətlər də az dəyişir. Aerokosmik şəkillərdə obyektlərin qeyd olunan əlamətlərini hesablamaqla onların oriyentasiyasını müəyyən etmək mümkün olur. Bununla da onları vahid standarta gətirməyə və identifikasiya etmək imkanı yaranır.
İcraçılar: AMEA-nın həqiqi üzvü, t.e.d., prof. Əli Abbasov, r.ü.f.d., dos. Ədalət Paşayev, t.e.d., dos. Elxan Səbziyev, k.e.i. Ülviyyə Göyüşova
5. Fövqəladə hallar zamanı idarəetmə məsələlərinin həlli üçün identifikasiya üsullarının, riyazi modellərin və texnologiyaların yaradılması.
Alınmış elmi nəticə haqqında qısa məlumat:
Dəyişən plan prinsipindən, yəni optimal idarəetmələrin cari məlumatların dövri emalı yolu ilə proqnozlaşdırılması əsasında çevik və təşkilati idarəetməni təkmilləşdirməyə yönəlmiş yeni optimallaşdırma modelləri, üsulları və vasitələri işlənib hazırlanmışdır. Əsas diqqət dinamik proqramlaşdırma metoduna, onun modifikasiyasına, ölçülərin azaldılması üsullarına yetirilmişdir. Hesablama çətinliklərini azaltmaq, metodları bir-biri ilə müqayisə etmək və bütün hesablama resurslarından maksimum istifadə etmək üçün mürəkkəblik prinsipindən istifadə olunmuşdur.
İcraçı: AMEA-nın müxbir üzvü, t.e.d., prof. Əminağa Sadıqov
6. Toplanmış və paylanmış parametrli obyektərin riyazi modelləşdirilməsi, parametrik identifikasiyası və əks əlaqəli optimal idarə edilməsi üçün üsulların, alqoritmlərin və proqram təminatının işlənilməsi, kompüter eksperimentlərinin aparılması.
Alınmış elmi nəticə haqqında qısa məlumat: Çoxlu sayda dinamik altobyektlərdən ibarət sistemin parametrlərinin təyini məsələsi həll edilib. Bu altobyektlər bir-biri ilə ixtiyari qaydada yalnız başlanğıc və/və ya son nöqtələrindəki vəziyyətləri ilə əlaqəlidir, yəni sərhəd şərtləri qeyri-lokaldır. Hər bir obyektin vəziyyəti bir-birindən asılı olmayan xətti qeyri-avtonom adi differensial tənliklər sistemi ilə təsvir edilir. Xarici mənbələrin naməlum parametrləri həm differensial tənliklər, həm də qeyri-lokal şərtlərdə iştirak edir. Naməlum parametrlərə nəzərən optimallıq üçün zəruri şərtlər alınmış, məsələnin ədədi həll sxemi işlənmişdir. Model məsələlər üzərində kompüter eksperimentləri aparılmışdır.
İcraçılar: AMEA-nın müxbir üzvü, r.e.d., prof. Kamil Ayda-zadə, r.e.d., prof. Vaqif Abdullayev, r.e.d., dos. Yeganə Əşrəfova
7. Laplas operatoru ilə verilən hiperbolik differensial daxilolmalar (DFI) üçün birinci qarışıq başlanğıc-sərhəd probleminin optimallaşdırılmasına baxılmışdır. Bunun üçün hiperbolik DFI-lərin diskretləşdirilməsi metodundan və diskret daxilolmalar üçün artıq alınmış optimallıq şərtlərindən istifadə edərək diskret-aproksimasiyalı məsələnin optimallıq şərtləri Eyler-Laqranj tipli daxilolma formasında tərtib edilmişdir. Öz növbəsində, ekvivalentlik teoremlərindən istifadə edərək Eyler-Laqranj qoşma daxilolmaları qurulmuş ve hiperbolik DFI-lərdə optimallıq üçün kafi şərtlər əldə edilmişdir. Bundan əlavə, əldə edilmiş nəticələrin çoxölçülü məsələyə genişləndirilməsi yolu göstərilmişdir. Yuxarıdakı yanaşmanı nümayiş etdirmək üçün bəzi konkret məsələlərdə tətbiqləri verilmişdir.
İcraçı: r.e.d., prof. Elmxan Mahmudov
8. Kütləvi xidmət-ehtiyatlanma sistemlərinin (KXES) xarakteristikalarının hesablanması və optimallaşdırılması üsullarının yaradılması.
Alınmış nəticə haqqında qısa məlumat:
Ehtiyatları müxtəlif mənbələrdən artırıla bilən və sonlu növbələri olan xidmət-ehtiyatlanma sistemlərinin anbarlarına dağıdıcı sorğuların daxil ola bilməsini nəzərə almaqla riyazi modelləri qurulmuşdur. Bu sistemlər ehtiyatların artırılması üçün müxtəlif strategiyalar istifadə edildikdə öyrənilmiş, onların xarakteristikalarının hesablanması və optimallaşdırılması üçün dəqiq və təqribi ədədi üsullar yaradılmışdır.
İcraçılar: AMEA-nın müxbir üzvü, t.e.d., prof. Ağası Məlikov, R.Mirzəyev (Milli Aviasiya Akademiyası), J.Sztrik (Macarıstan, Debresen Universiteti)
9. “Ağıllı şəhər”in idarə olunması prosesində qərar qəbuletmənin dəstəklənməsi üçün «Əşyaların interneti» texnologiyalarının (IoT) tətbiqi zamanı yaranan problemlər və onların həlli yollarının müəyyənləşdirilməsi.
Alınmış əsas nəticə haqqında qısa məlumat
“Ağıllı şəhər”in idarə olunması prosesində qərar qəbuletmə prosesinin dəstəklənməsi üçün IoT texnologiyalarının tətbiqi imkanları araşdırılmış, problemlər və təhlükəsizlik məsələlərinin həlli istiqamətində tövsiyələr hazırlanmışdır.
İcraçılar: t.e.d., prof. Elçin Əliyev, Əbülfət Rəhmanov
10. Klassik çoxluqlarla müqayisədə intuitiv qeyri-səlis çoxluqlar həm mənsubiyyət, həm qeyri-mənsubiyyət və həm də tərəddüd funksiyaları ilə informasiyanı ifadə edir. Bu nöqteyi nəzərdən intuitiv qeyri-səlis üsullar qeyri-dəqiq məlumatların informasiyaya çevrilməsində və çoxkriteriyalı məsələlərin həllində əlverişlidir. Tədqiqat işində təklif olunmuş model əsasında makroiqtisadi stabillik indeksi hesablanmışdır. Modelin adekvatlığını yoxlamaq məqsədilə təklif olunan alqoritmlə Azərbaycanın 2016-2020-ci illəri üçün makroiqtisadi göstəcilərindən istifadə edərək modelə uyğun məsələ həll edilmişdir.
İcraçılar: AMEA-nın müxbir üzvü, i.e.d., prof. Qorxmaz İmanov, i.ü.f.d. Asif Əliyev.
11. Neftçıxarma sahəsində tətbiq edilən üsul və sistemlərin müasir vəziyyətinin sistemli analizi aparılmış, neftçıxarma prosesləri üçün yeni intellektual ölçmə, diaqnostika, idarəetmə üsulları və sistemləri yaradılmışdır. Bu sistemlər neftçıxarma avadanlıqlarının monitorinqi prosesinin maksimal sadələşdirlməsinə, təklif olunan alqoritm əsasında lay mayesinin sızmasını təyin etməyə, nasos-kompressor borusunun ağzında temperaturun, quyunun çıxış xəttində və borunun 3 seçilmiş nöqtəsində təzyiqlərin ölçülməsi ilə qüvvə vericisindən istifadə etmədən neft-su qarışığının sıxlığının, neftin sulaşma dərəcəsinin və silindrin dolma faizinin dəqiq avtomatik ölçülməsinə imkan verir.
İcraçılar: T.e.d., prof. Abbas Rzayev, t.ü.f.d., dos. Rəna Əsədova, t.e.d., dos. Məzahir İsayev.
-
27.09.2024
ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
27.09.2024
ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
30.08.2024
“Su ehtiyatlarının qorunması üçün ekoloji strategiyalar” mövzusunda birgə elmi seminarı keçiriləcək -
28.08.2024
"İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” II beynəlxalq elmi-texniki konfrans keçiriləcək