
İdarəetmə Sistemləri İnstitutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

AMEA İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir İSİ Yeni Azərbaycan Partiyasının (YAP) ərazi təşkilatı və Gənc alim və mütəxəssislər şurasının (GAMŞ) təşkilatçılığı ilə onlayn formatda keçirilmişdir. İclasda İnstitutun rəhbərliyi, laboratoriya və şöbə müdirləri, alim və mütəxəssislər, dəvət olunmuş qonaqlar, o cümlədən institutun gənc tədqiqatçıları iştirak ediblər.
Tədbirin moderatoru, İSİ İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d Aygün Əliyeva iştirakçıları tədbirin gündəliyi ilə tanış etdi. O, qeyd etdi ki, Heydər Əliyev həm tarixi şəxsiyyət, həm də tarixi yazan şəxsiyyətdir və bu gün Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin gərgin əməyinin, zəhmətinin nətcələrindən təkcə xalqımız yox, həm də bütün region xalqları, islam dünyası və türk xalqları bəhrənir. Məhz buna görə də Ulu öndərin adı dünyanın hər yerində uca tutulur, xatirəsi ehtiramla anılır. Sonra A. Əliyeva İSİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarının hazırladığı Heydər Əliyevin həyat yoluna işıq salan videomaterialı tədbir iştirakçılarına tədqim etdi.
İnstitutun baş direktoru, akademik Əli Abbasov keçirilən tədbirin Ulu öndər Heydər Əliyevin elm, təhsil və texnoloji inkişafdakı rolu ilə bağlı olduğunu bildirərək qeyd etdi ki, müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümumilli lider Heydər Əliyevin fəaliyyəti zamanı tək amalı ölkənin inkişafı və vətəndaşların rifahını təmin etmək olmuşdur. Məhz bu yolda xalqımıza misilsiz xidmətləri olan Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəlişindən sonra ölkəmizdə köklü dəyişikliklər baş vermişdir. Onun müdrikliyi, zəngin siyasi, dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti sayəsində Azərbaycan qabaqcıl ölkələr sırasında yer almışdır.
Ə. Abbasov qeyd edib ki, Ulu öndərin rəhbərliyi altında Azərbaycanın sosial- iqtisadi həyatının bütün sahələrində misilsiz inkişaf baş vermiş, güclü sənaye potensialı yaradılmış və yüksəliş dövrü başlamışdır. O, bildirib ki, müasir mərhələdə Azərbaycanın dinamik inkişafı məhz həmin illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş strategiyaya əsaslanır. Akademik əsas diqqəti Azərbaycanda elmin, təhsilin və texnologiyanın inkişafına yönəldərək bu istiqamətlərdə Heydər Əliyev tərəfindən əsası qoyulan və müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən davam etdirilən strateji inkişaf və dövlət proqramları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Ə. Abbasov, həmçinin ölkədə elm, təhsil və texnikanın inkişafı istiqamətində elmi müəssisələrin, o cümlədən AMEA-nın inkişafına H. Əliyevin verdiyi töhfələrdən və onlara göstərdiyi dəstəyindən söhbət açıb.
Sonra AMEA-nın müşaviri, akademik Telman Əliyev çıxış edərək dünya tarixində özünəməxsus yer tutan dahi şəxsiyyət Heydər Əliyevin İSİ-nin, ümumilikdə AMEA-nın inkişafı istiqamətində misilsiz xidmətləri və əvəzolunmaz dəstəyi barədə xatirələrini
tədbir iştirakçıları ilə böılüşüb. T. Əliyev Heydər Əliyevin Azərbaycanda informasiya texnologiyalarının, müxtəlif regionların, ümumilikdə iqtisadiyyatın və elmin inkişafı istiqamətində gördüyü işlərdən söhbət açıb, eyni zamanda Ulu öndərin Azərbaycanın xarici əlaqələrinin inkişafındakı əvəzsiz rolundan bəhs edib.
Daha sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək bildirdi ki, Azərbaycan tarixində fenomenal şəxsiyyət, dünyaşöhrətli siyasətçi, dəmir məntiqə və fitri idarəetmə istedadına malik, müdrik lider kimi əhəmiyyətli rol oynayan Ümummilli lider Heydər Əliyevin xidmətləri daha dərindən araşdırılmalı, dərindən öyrənilməli və təbliğ olunmalıdır. Çoxşaxəli siyasi fəaliyyəti ilə Azərbaycanın dinamik inkişafının əsasını qoyan, ölkəmizi bütün dünyaya tanıdan Ulu öndərin Azərbaycan aliminə verdiyi dəyərdən, elmin, təhsilin inkişafına göstərdiyi dəstəkdən söz açan Ə. Sadıqov Heydər Əliyevin Azərbaycanda prioritet elmi istiqamətlərin inkişafına xüsusi diqqət yetirdiyini qeyd etdi. O, bildirdi ki, Ulu öndər bu istiqamətlərin inkişafı üçün müvafiq infrastrukturun yaradılmasına və elmi kadrların hazırlanması böyük önəm verirdi. O, vurğuladı ki, həmin dövrdə Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycan keçmiş Sovet İttifaqı miqyasında yarımkeçiricilər, neft kimyası, geofizika, kosmik tədqiqatlar və digər sahələrdə aparıcı yer tutmuşdur.
Ə. Sadıqov Heydər Əliyevin yüksəkixtisaslı kadr hazırlığı məqsədilə gənclərin nüfuzlu universitetlərdə təhsil almağa göndərilməsi, Azərbaycan dilinin inkişafı, gənclərin elmə cəlb olunması, alimlərin sosial müdafiəsinin gücləndirilməsi və cəmiyyətdə onların nüfuzunun artırılması sahəsində fəaliyyəti barədə ətraflı məlumat verdi, xatirələrini bölüşdü. Alim, həmçinin Ulu öndərin siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra da AMEA-nın inkişafında oynadığı əvəzsiz roldan bəhs etdi.
İSİ-nin YAP ərazi təşkilatının sədri Zülalə Cəbiyeva Yeni Azərbaycan Partiyasının tarixindən bəhs edərək Heydər Əliyevin rəhbərliyi dövrü haqqında ətraflı məlumat verdi. O, Ulu öndərin bütün fəaliyyətinin Azərbaycan xalqı və dövlətin inkişafı ilə bağlı olduğunu vurğulayaraq onun misilsiz xidmətlərindən danışdı. Z.Cəbiyeva yeni əsrin lideri, ölkə başçısı cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğuladı.
Sonra institutun GAMŞ sədri, r.ü.f.d. Rəşad Məstəliyev çıxış edərək Ümummilli liderin Azərbaycan gəncliyinin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edərək Gənclər Gününün təsis olunmasının önəmini vurğuladı. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda elmin, təhsilin inkişafının, hərbi məktəblərin yaradılmasının önəmini qeyd edərək ötən il ərazi bütövlüyümüz uğrunda aparılan 44 günlük Vətən müharibəsində qazanılan qələbəni xatırlatdı.
Daha sonra akademik Asəf Hacıyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin elmə, Azərbaycan müəlliminə verdiyi dəyərdən, əvəzsiz xidmətlərindən söhbət açdı. Dahi liderin intellektindən, dünya alimləri ilə olan əlaqələrindən, Gəncə şəhərinin tarixində oynadığı mühüm roldan bəhs etdi.
İnstitutun laboratoriya müdiri, r.e.d. İlqar Məmmədov müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyev haqqında unudulmaz xidmətlərindən bəhs edərək dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində yürütdüyü strategiyadan söhbət açıb.
Sonda akademik Əli Abbasov Ulu öndər haqqında səsləndirilən fikirlərə bir daha toxunaraq tədbir iştirakçılarına təşəkkürünü bildirdi.