Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları üçün maliyyə savadlılığı mövzusunda seminar keçirilib
04.06.2021 / XəbərlərCari ilin 2, 3 və 4 iyun tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun alimləri və əməkdaşları üçün “Maliyyə savadlılığı və e-resurslar”, “Məsuliyyətli borclanma”, “Sığorta və onun mahiyyəti”, “Rəqəmsal ödənişlər və təhlükəsizlik tədbirləri” mövzularında təqdimatlar edilmiş, diskussiyalar aparılmış, həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılmış, onların təklifləri dinlənilmişdir.
Seminar Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin Maliyyə savadlılığı şöbəsinin əməkdaşı Vüsal Həsənov, Ödəniş sistemləri və hesablaşmalar departamentinin əməkdaşı Xəyaləddin Tağıyev, Azərbaycan Bank Tədris Mərkəzinin ekspertləri Rauf Ağayev və Pərviz Quliyev tərəfindən aparılmışdır. Seminarda alimlər həmçinin Mərkəzi Bankın təşəbbüsü ilə yaradılmış elektron resurslarla tanış olmuş, bu və ya digər maliyyə məsələlərinin həlli üçün Mərkəzi Bankın xidmətlərindən və informasiya resurslarından necə istifadə edilməsi yolları barədə ətraflı məlumat əldə etmişlər.
Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun rəhbərliyi adından institutun icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Mərkəzi Bankın rəhbərliyinə seminarların təşkili üçün təşəkkür etmişdir.
Maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş bu tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.