Xalqa bağışlanmış ömürdən anlar: 1996-cı ilin martı
12.01.2023 / Mühüm xəbərlərAzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
4 mart – Prezident Heydər Əliyev Hüquqi İslahat Komissiyasının ilk iclasında çıxış etdi.
7 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə iştirak etdi.
8 mart - Gürcüstanda rəsmi səfərdə oldu. Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə görüşdü, iki ölkə arasında əməkdaşlıq haqqında sənədlərin imzalanması mərasimində iştirak etdi, Gürcüstan parlamentinin xüsusi iclasında nitq söylədi.
9 mart – Tbilisiyə səfəri çərçivəsində Gürcüstanda yaşayan soydaşlarımızın bir qrupu ilə görüşdü. Fətəli xan Xoyskinin büstünün açılışında iştirak etdi.
10 mart - Gürcüstan televiziyasına müsahibə verdi.
18 mart - Azərbaycana rəsmi səfərə gələn Türkmənistan Prezidenti Saparmurad Niyazovla görüşdü. Türkmənistan Prezidentinin iştirakı ilə birgə Bakı bəyanatını imzaladı.
19 mart - Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslərin əfv edilməsi haqqında fərman imzaladı.
Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi.
20 mart - Şəhid övladları və kimsəsiz uşaqlar üçün təşkil olunan Novruz şənliyində iştirak etdi.
21 mart -Bakının Gənclər meydanında keçirilən Novruz şənliyində nitq söylədi.
23 mart - Pakistan İslam Respublikasının Milli Günü münasibətilə keçirilən tədbirdə iştirak etdi.
28 mart - Bakıda səfərdə olan Rumıniya Prezidenti İon İliyesku ilə Füzuli, Ağdam, Zəngilan, Xocalıdan olan məcburi köçkünlərlə görüşdü.
Heydər Əliyev Azərbaycan Konstitusiyasının həyata keçirilməsi prosesini daim diqqətdə saxlayır, hər bir vətəndaşın bu prosesdə fəal iştirakını vacib hesab edirdi. Hüquqi İslahat Komissiyasının 1996-cı il martın 4-də keçirilən ilk iclasında çıxış edən Ulu Öndər qısa zaman ərzində bütün sahələr üzrə müstəqil Azərbaycanın qanunlarının işləməsi vəzifəsini qarşıya qoyurdu.
Sitat: “Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasının həyata keçirilməsi prosesi hər birimizin əsas vəzifələrindən biridir. Bu baxımdan məhkəmə, hüquq-mühafizə orqanlarının islahatı ilə əlaqədar qanunların hazırlanması, qəbul olunması çox mühüm əhəmiyyət kəsb edir. İndi qarşımızda konstitusiya əsasında qanunların qəbul olunması kimi çox böyük vəzifələr var. Hər sahədə qanunlar qəbul edilməlidir. İndi mən vaxt deyə bilmərəm, – bir il, iki il, – hər halda müəyyən bir zaman ərzində nail olmalıyıq ki, bütün sahələr üzrə müstəqil Azərbaycan dövlətinin qanunları olsun”.
Martın 4-də İsraildə çap olunan “Heydər Əliyev: Siyasi portretin cizgiləri” kitabının təqdimat mərasimi keçirildi. Mərasimdə çıxış edən Ulu Öndər Azərbaycan ilə İsrail arasındakı xoş münasibətlərdən məmnunluğunu ifadə edərək dedi: “Azərbaycan Prezidentinin siyasi portreti haqqında İsraildə, ivrit dilində kitabın nəşr olunmasından tamamilə xəbərsiz idim. Bu, məndən ötrü gözlənilməz, lakin xoş hadisə oldu”.
Ulu Öndər qadınların hüquqlarının qorunmasını, onların ictimai həyatda fəal iştirakını hər zaman diqqət mərkəzində saxlayırdı. Azərbaycan qadınına ən yüksək qiymət də məhz Heydər Əliyev tərəfindən verilib. Onun 1996-cı il martın 7-də Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə söylədiyi fikirlər bu baxımdan səciyyəvidir. Ümummilli Lider tədbir iştirakçıları qarşısındakı çıxışında Azərbaycan qadınlarının dəyanətli, cəsur, zəhmətkeş olduqlarını vurğulayaraq, onları dövlətçiliyimizin, müstəqilliyimizin, gələcəyimizin dayağı adlandırdı.
Sitat: “Mən sizə və sizin simanızda bütün Azərbaycan qadınlarına təşəkkür edirəm. Qəhrəmanlığınıza görə, dözümlülüyünüzə görə, ölkəmizə, millətimizə, dövlətimizə sədaqətinizə görə və xüsusən Azərbaycanın son illərdəki ağır anlarında, dövrlərində dövlətçiliyimizə, bir prezident kimi şəxsən mənə dayaq olduğunuza görə sizə təşəkkür edirəm”.
Heydər Əliyevin xarici ölkələrə səfərləri zamanı dövlət başçıları, iş adamları ilə keçirdiyi çoxsaylı görüşlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə təkan verir, Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsinə yol açırdı. Azərbaycanın öz qonşuları, o cümlədən yaxın qonşusu Gürcüstanla münasibətlərinin inkişafı Ulu Öndərin siyasətində mühüm yer tuturdu. Görüşlərində, çıxışlarında Azərbaycan xalqı ilə gürcü xalqını bir-birinə bağlayan dostluq, qardaşlıq əlaqələrinin çoxəsrlik tarixə malik olduğunu dönə-dönə vurğulayırdı.
1996-cı il martın 8-də Gürcüstana gedən Heydər Əliyevin səfər proqramı öz zənginliyi ilə diqqət çəkir. Ulu Öndər Tbilisidə Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə görüşdü, iki ölkə arasında əməkdaşlıq haqqında sənədlərin imzalanması mərasimində iştirak etdi, Gürcüstan parlamentinin xüsusi iclasında nitq söylədi. Həmçinin Gürcüstanda yaşayan soydaşlarımızın bir qrupu ilə görüşdü, Fətəli xan Xoyskinin büstünün açılışında və digər tədbirlərdə iştirak etdi.
İmzalanan sənədlərin əhəmiyyətini qeyd edən Ulu Öndər diqqəti Cənubi Qafqazdakı münaqişələrə yönəldərək, regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğuladı.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini, onun həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirən Heydər Əliyev cümhuriyyətin dərslərindən nəticə çıxarmağı da tövsiyə edir və vurğulayırdı ki, biz keçmişimizdən ibrət götürməliyik. Ümummilli lider martın 8-də Gürcüstan parlamentinin xüsusi iclasındakı çıxışında bir daha bu barədə danışarkən ilk Azərbaycan Demokratik Respublikasının Gürcüstan torpağında, Tbilisidə 1918-ci il mayın 28-də elan olunduğunu, xalqlarımız arasında dostluğun dərin tarixi köklərə söykəndiyini xatırlatdı. Tbilisiyə səfəri çərçivəsində iki ölkə arasında dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında imzalanan bəyannamənin əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin Qafqazda sülhün, əmin-amanlığın yaranması üçün böyük yollar açdığını vurğulamaqla yanaşı, Gürcüstan parlamentinə ilk dəfə bir qrup azərbaycanlının seçilməsini müsbət hal kimi dəyərləndirdi.
Ulu Öndərin Tbilisidə Fətəli xan Xoyskinin abidəsinin açılışında, həmçinin Gürcüstanda yaşayan azərbaycanlılarla görüşdə səsləndirdiyi fikirlər bu gün də aktuallığını itirməyib.
Sitat: “Mən çox arzu edərdim ki, Gürcüstanda yaşayan bütün azərbaycanlılar Azərbaycan dilində təhsil alsın, onu unutmasın, Azərbaycan dilini inkişaf etdirsin...
Biz istəyirik ki, Gürcüstan inkişaf eləsin, gürcü xalqı qarşısında duran vəzifələrin hamısını həyata keçirə bilsin. Biz bunu bir də ona görə istəyirik ki, Gürcüstanda azərbaycanlılar da yaşayır. Yüz minlərlə azərbaycanlı yaşayır. Azərbaycanlılar Gürcüstanda öz vətənlərində yaşayır, öz torpaqlarında, öz əcdadlarının, öz ulu babalarının yaşadığı diyarda, eldə, obada yaşayırlar. Borçalı diyarı Azərbaycan xalqının ən dəyərli diyarlarından biridir”.
Ermənistanın təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin taleyi Ümummilli Lideri hər zaman düşündürür, narahat edirdi. Heydər Əliyev onlarla tez-tez görüşür, problemləri ilə maraqlanırdı. Bununla kifayətlənməyərək, Bakıya gələn dövlət başçılarını və digər rəsmi şəxsləri də qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərə aparırdı. İstəyirdi ki, onlar da xalqımızın düçar olduğu ağıq vəziyyəti öz gözləri ilə görsünlər.
1996-cı ilin martında Azərbaycana gələn Türkmənistan Prezidenti Saparmurad Niyazov və Rumıniya Prezidenti İon İliyeskunun səfər proqramına Bakıda məskunlaşan məcburi köçkünlərlə görüşlər də daxil edilmişdi. Heydər Əliyev onlarla birlikdə bir neçə yataqxanaya, pansionata getdi, dövlət rəhbərlərini Ermənistanın təcavüzü nəticəsində yurd yerlərini itirmiş insanların faciəsi ilə yaxından tanış etdi.