20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir
19.01.2023 / Mühüm xəbərlər“Bizim xalqımız o günü heç vaxt unutmayacaqdır. Çünki o, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi, bu bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan ölkəsinə edilən təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır”.
Ümummilli Lider Heydər Əliyev
XX əsr tarixinə bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş 1990-cı ilin 20 Yanvar hadisəsindən 33 il ötür. Azərbaycan xalqı bu tarixi gündə qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.
1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq Bakıda fövqəladə vəziyyət elan olunması haqqında Fərman imzaladı. Lakin Bakıda dinc əhaliyə divan tutulması üçün hazırlanmış plan məxfi şəkildə həyata keçirildi, Azərbaycan televiziyasının enerji bloku partladıldı. Bu əməliyyatı SSRİ DTK-nın “ALFA” qrupu yanvarın 19-da həyata keçirdi. Gecə fövqəladə vəziyyətin elan olunmasından xəbərsiz olan əhaliyə amansız şəkildə divan tutuldu, bəşər tarixində görünməyən vəhşiliyə əl atıldı.
Müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirən dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri Beynəlxalq İnsan Haqları Bəyannaməsinin və bu sahədə qəbul olunmuş digər konvensiyaların müddəalarının kobud şəkildə pozulması demək idi. Çökməkdə olan sovet rejimi törətdiyi cinayətlər sırasına misli görünməmiş bir vəhşilik aktını da əlavə etdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə silahlanmış sovet ordusu hissələri heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə və Azərbaycanın bir sıra digər rayonlarına yeridilərək Azərbaycan xalqına vəhşicəsinə divan tutdu.
Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yanvarın 20-də səhər saat 7:00-da respublika radiosu vasitəsilə bildirildi. Həyata keçirilmiş hərbi təcavüz nəticəsində paytaxtda dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, əlillər də var idi.
Bakıda və Azərbaycanın digər bölgələrində 146 nəfər qəddarcasına öldürüldü, 744 nəfər yaralandı, 800-dən çox insan həbs olundu. Azərbaycanın o vaxtkı rəhbərliyi isə qətiyyətsizlik və qorxaqlıq nümayiş etdirdi.
Azərbaycana qarşı soyqırımı həyata keçirmiş sovet rejiminə qarşı ən kəskin bəyanatı Ümummilli Lider Heydər Əliyev verdi. Ulu Öndər faciə törədiləndən bir gün sonra, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi və törədilən faciəyə ilk siyasi qiymət verdi. Heydər Əliyev bu bəyanatla dünyanın bütün kütləvi informasiya vasitələrinin nümayəndələri qarşısında SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı törədilən soyqırımı pislədi, bunu insanlığa, humanizmə sığmayan hərəkət kimi qiymətləndirərək M.Qorbaçovu kəskin ittiham etdi və qoşunların Bakıdan çıxarılmasını tələb etdi.
20 Yanvar Azərbaycan tarixində sadəcə ağrı və acı ilə deyil, həm də şərəf günü kimi xatırlanır. Məhz həmin hadisələr sübut etdi ki, Azərbaycan xalqı pozulan hüquqları, suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda savaşmaq əzminə malikdir. Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur, hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzülür.
Allah şəhidlərimizə rəhmət eləsin!
AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu
İctimaiyyətlə əlaqələr şöbəsi