
Xalqa bağışlanmış ömürdən anlar: 2000-ci ilin oktyabrı

AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
7 oktyabr. Prezident Heydər Əliyev görkəmli musiqiçisi Mstislav Rostropoviçlə görüşdü.
16 oktyabr. “Bakı-Kastel” müəssisəsinin Xırdalan pivə zavodunun istifadəyə verilməsinə həsr olunmuş tədbirdə nitq söylədi.
17 oktyabr. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi barədə sazişlərin imzalanması mərasimində çıxış etdi.
18 oktyabr. XXVII Yay Olimpiya oyunlarında iştirak etmiş Azərbaycan idmançıları ilə görüşdü.
19 oktyabr. 1 nömrəli Bakı İstilik-Elektrik Mərkəzinin birinci növbəsinin açılışında iştirak etdi.
21 oktyabr. Milli Olimpiya Komitəsinin Bakıda yeni idman-sağlamlıq kompleksinin təntənəli açılışı mərasimində çıxış etdi.
29 oktyabr. Parlament seçkiləri ilə əlaqədar müşavirədə iştirak etdi və nitq söylədi.
30 oktyabr. Türkiyə Respublikasının milli bayramı – Cümhuriyyətin elan olunmasının 77-ci ildönümü münasibətilə təşkil olunmuş rəsmi qəbulda çıxış etdi.
2000-ci il oktyabrın 17-də “Azərbaycan Respublikası hökuməti ilə əsas ixrac boru kəməri iştirakçıları arasında tranzit ərazisinə malik ölkənin hökuməti ilə saziş”in və “Bakı–Tbilisi–Ceyhan” xam neft kəməri layihəsinin mühəndis işləri və layihələşdirilməsi üçün maliyyələşdirmə və əməkdaşlıq sazişi”nin imzalanması mərasimi keçirildi. Tədbirdə çıxış edən Ulu Öndər 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasını Azərbaycan xalqının azadlığının, dövlət müstəqilliyinin bəhrəsi olduğunu söylədi. Ümummilli Lider qeyd etdi ki, bu neft müqaviləsi ardıcıl surətdə həyata keçirilir, öz nəticələrini verir. Xəzər dənizinin böyük neft və qaz imkanları dünyaya açılıb, Azərbaycanda 20 böyük neft müqaviləsi imzalanıb. Bütün bunlar respublikamızın iqtisadiyyatını inkişaf etdirməyə, xalqımızın rifah halını yaxşılaşdırmağa xidmət edir.
Son illər Azərbaycanın keçdiyi çox çətin yol, Bakı–Tbilisi–Ceyhan neft kəmərinin çəkilməsinə qarşı təzyiq və təxribatlar barədə danışan Ulu Öndər dedi: “Azərbaycan xalqını bir çox təhlükələrdən xilas etdik və ölkəmizin müstəqilliyini, dövlətçiliyini qoruduq. Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək üçün dövlət neft strategiyasını ardıcıl surətdə həyata keçirdik. Burada deyildi ki, Bakı–Tbilisi–Ceyhan neft kəmərinin yaradılması da dövlət neft strategiyamızın əsas hissəsini təşkil edir. Bütün təxribatlar, xaricdən bizə qarşı olan təzyiqlər heç bir nəticə vermədi. Son illər isə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəmərinin çəkilməsinə qarşı müxtəlif təbliğatlar aparıldı, təxribat hərəkətləri edildi. Amma bizim iradəmiz, müstəqil, demokratik Azərbaycanın iqtisadi, xarici siyasəti və dünyanın böyük dövlətləri, onların neft şirkətləri ilə əməkdaşlığı – bütün bunlar bizi bugünkü günə gətirib çıxardı. Beləliklə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri ağır bir yol keçibdir. Amma bu gün artıq hamı görür ki, biz bu yolu uğurla keçmişik. Biz – Türkiyə Cümhuriyyəti, Gürcüstan, Azərbaycan Amerika Birləşmiş Ştatlarının daimi dəstəyi nəticəsində bu ağır, çətin yolu birlikdə uğurla keçdik və bu gün artıq son sazişlər imzalandı.”
2000-ci ilin oktyabrı Azərbaycanın XXVII Sidney Yay Olimpiya Oyunlarında qazandığı parlaq qələbələrlə yadda qaldı. Müstəqillik dövründə ilk dəfə Olimpiya oyunlarında iştirak edən idmançılarımız iki qızıl, bir bürünc medal qazandılar. Bunu böyük nailiyyət adlandıran Ulu Öndər qeyd etdi ki, həm idmançılarımızın, həm də xalqımızın bununla fəxr etməyə haqqı var.
Ümumiyyətlə, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritetlərindən birinə çevrildi, olimpiya hərəkatı geniş vüsət aldı. Sidney Yay Olimpiya Oyunlarında idmançılarımızın qazandıqları böyük nailiyyətlər də məhz bunun nəticəsi idi.
Ulu Öndər oktyabrın 18-də Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşdü və bu hadisəni idmanımızın bayramı kimi səciyyələndirdi. Qeyd etdi ki, müstəqilliyin ötən doqquz ilində Azərbaycanın bir çox nailiyyətlər əldə edib, ancaq indiyədək bütün xalqımızı və vətəndaşlarımızı bu qələbə qədər sevindirən heç bir hadisə olmayıb.
Sitat: “Bu gün idman sahəsində bizim əldə etdiyimiz nailiyyət Azərbaycanın dövlət müstəqilliyi ilə birbaşa bağlıdır. Əgər Azərbaycan dövlət müstəqilliyini əldə edə bilməsəydi, əgər respublikamız azad olmasaydı, ölkəmiz milli azadlığa çıxmasaydı, bu nailiyyətlər əldə edilə bilməzdi... Azərbaycan Sovet İttifaqının tərkibində olanda da respublikamızda çox səriştəli gənclər, idmançılar vardı. Onlar Ümumittifaq yarışlarında iştirak edirdilər, beynəlxalq yarışlarda SSRİ yığma komandasının tərkibində yarışırdılar. Ancaq o vaxt onlar bugünkü nailiyyətləri əldə edə bilməyiblər. Birincisi, ona görə ki, onlar öz xalqına, öz dövlətinə xidmət etmək hissini hələ bilmirdilər. Çünki müstəqil dövlət yox idi. İkincisi, açıq demək lazımdır ki, bizim idmançılara çox vaxt ədalətsiz münasibət göstərirdilər”.
Oktyabrın 21-də Milli Olimpiya Komitəsinin Bakıda yeni idman-sağlamlıq kompleksinin təntənəli açılışı mərasimi keçirildi. Heydər Əliyev tədbirdəki çıxışında vurğuladı ki, Milli olimpiya hərəkatının və Milli Olimpiya Komitəsinin yaranması Azərbaycanın dövlət müstəqilliyinin, xalqımızın milli azadlığının bəhrəsidir. Gənclərimizin böyük fiziki gücə və mənəvi iradəyə malik olduğunu bildirən Ulu Öndər dedi: “Azərbaycan gəncinin, Azərbaycan insanının potensial gücü çox böyükdür. Həm fiziki gücü böyükdür, həm də onun mənəvi iradəsi böyükdür. Ona görə də əgər biz hamımız bu işə kömək etsək, idmanın inkişafına şərait yaratsaq, idmanı kütləvi etsək və bütün insanlar üçün bədən tərbiyəsini mütləq onların həyatının bir hissəsinə çevirsək, xalqımızın fiziki sağlamlığını, mənəvi sağlamlığını təmin edəcəyik”.
Heydər Əliyevin XXVII Yay Olimpiya oyunlarında iştirak etmiş Azərbaycan idmançıları ilə görüşündəki nitqindən
• Azərbaycan xalqının tarixində bu böyük qələbə ilk qələbədir. Biz indiyə qədər heç vaxt idman sahəsində bu qədər yüksək zirvələrə çatmamışıq. 200-ə qədər ölkənin nümayəndələrinin, idmançılarının – demək, bütün dünyanın, bütün Yer kürəsinin idmançılarının toplaşıb yarış keçirdiyi bir prosesdə gənc müstəqil Azərbaycanın, o qədər də böyük olmayan bir ölkənin idmançıları iki qızıl medal, bir bürünc medal aldılar və bir neçə idmançımız da çox yaxşı yerlər tutdu. Onlar Azərbaycanın şan-şöhrətini qaldırdılar.
• Azərbaycanda Milli Olimpiya Komitəsinin yaranması ölkəmizin dövlət müstəqilliyinin xüsusi
əlamətlərindən biridir. Milli Olimpiya Komitəsi əvvəlki illərdə, təəssüf ki, öz vəzifəsini layiqincə yerinə yetirə bilmirdi. Son illər Milli Olimpiya Komitəsi fəaliyyətini artırıb, genişləndirib, idmançıları, gəncləri daha da səfərbər edib, həvəsləndirib, onlara yardımlar göstəribdir. Ona görə də qələbələri qeyd edərkən Milli Olimpiya Komitəsinin üzvlərinin və onun prezidenti İlham Əliyevin xüsusi xidmətlərini vurğulamaq lazımdır.
• Siz Sidneyə yola düşərkən mən dedim ki, hər bir idmançımız qızıl medal alsın. Bu, təbii bir arzudur. Bu təkcə mənim yox, bütün millətimizin arzusudur. Ancaq eyni zamanda, biz yaxşı dərk edirik ki, 199 dövlətin, bütün Yer kürəsinin idmançılarının bir yerə toplaşdığını, bəzi ölkələrin idmançılarının olimpiya yarışlarının başlanmasından indiyə qədər bu oyunlarda iştirak etməsini və bu ölkələrin əksəriyyətinin çox böyük, nəhəng olmasını nəzərə alaraq, gənc, müstəqil Azərbaycanın idmançılarının hamısının medal alması, təbiidir ki, real deyildi, bu bizim arzumuz idi. Biz bunu arzulayırdıq. Ancaq siz Sidneydə çıxış edən zaman ürəyimiz tıp-tıp vururdu ki, necə, nə cür olacaq? Mən hər gün maraqlanırdım, məlumat alırdım. Nəhayət, siz xalqımızı, bizi, vətənimizi sevindirdiniz.