Yupiterin peyki Avropanın incələnməsi üçün olan Europa Clipper aparatı kosmosa göndərilib
17.10.2024 / Maraqlı məlumatlarSpaceX-in Falcon Heavy raketi NASA-nın Europa Clipper adlı kosmik aparatını kosmosa yola salıb. Qeyd etmək lazımdır ki, bu kosmik aparat Yupiterin Avropa adlı peykinin səthinin və səthaltı okeanının incələnməsi üçün nəzərdə tutulub. Beləliklə kosmosa göndərilmiş Europa Clipper aparatı 6 ildən sonra Yupiter sisteminə çatmalıdır. Sözügedən kosmik aparat NASA tərəfindən hazırlanmış ən böyük kosmik aparat olub. Onun yanacaqla birgə çəkisi 6 ton təşkil edir.
Kosmik aparatın 24 ədəd mühərrikə sahib olmasına baxmayaraq o, iki qravitasiya manevrini (kosmik cisimlərin qravitasiya sahələrinin təsirləri altında kosmik aparatın uçuş trayektoriyası ilə sürətinin məqsədli dəyişimi) reallaşdırmalı olacaq. Birinci qravitasiya manevri 4 ay sonra Mars ətrafında, ikinci qravitasiya manevri isə 2026-cı ildə Yer kürəsi ətrafında baş tutacaq. Nəticədə Europa Clipper 2030-cu ilin aprel ayında Yupiterə çatacaq. Öz elmi missiyasına isə komsik aparat Yupiterə çatdıqdan 1 il sonra başlayacaq. Belə ki, kosmik aparatın orbiti Yuipiterin peyki Avropanın yaxınlığından keçmək üçün uyğun olmalıdır.
Sözügedən peyk Yupiterin 4 ən böyük peykindən biridir. Onun ölçüsü Ayın ölçüsünə bərabərdir. Alimlərin aparmış olduqları müşahidələrə əsasən Avropanın səthinin alt hissəsində nəhəng duzlu okean mövcuddur. Bu isə öz növbəsində Avropada potensial bioloji həyat növünün olduğuna işarə edir. Europa Clipper-in əsas missiyası isə belə potensial ehtimalın sübutlarını aşkar etməkdir. Missiya 100 gündən bir qədər çox müddət üçün nəzərdə tutulub. Lakin onun müddəti uzadıla bilər. Missiya çərçivəsində kosmik aparat peykə 49 dəfə yaxın məsafədən keçəcək.