
İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları respublika elmi-praktiki konfransda iştirak ediblər
22.10.2025 / Mühüm xəbərlər
17 oktyabr 2025-ci il tarixində Bakı Biznes Universitetinin “Ali riyaziyyat” kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Rəqabətqabiliyyətli iqtisadiyyatın formalaş-masında və inkişafında riyazi modellərdən istifadə imkanları” mövzusunda respublika elmi-praktiki konfrans keçirilib.
Konfransın açılışında Bakı Biznes Universitetinin elmi işlər üzrə prorektoru, h.ü.f.d. Məleykə Abbasova çıxış edərək iştirakçıları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
Sonra “Ali riyaziyyat” kafedrasının müdiri, r.ü.f.d., dosent Könül Ömərova “İqtisadiyyatın elmi əsasları riyaziyyatdan ibarətdir” mövzusu üzrə iqtisadiyyatın inkişafında riyazi modellərin mühüm rolundan bəhs edib.
Konfransa Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun “Fiziki, bioloji və iqtisadi proseslərdə idarəetmənin riyazi analizi” laboratoriyasının müdiri, r.e.d. İlqar Məmmədov, baş elmi işçisi, r.e.d. Anar Rəhimov, böyük elmi işçisi, t.ü.f.d. Arzu Həsənova, Bakı Dövlət Universitetinin professoru, r.e.d. Yeganə Əşrəfova, Azərbaycan Universiteti “Riyaziyyat və informatika” kafedrasının müdiri r.ü.f.d., dosent Rəşad Məstəliyev, Azərbaycan Texniki Universitetindən r.ü.f.d. Ülviyyə Kərimova qatılaraq öz elmi məruzələrini təqdim ediblər. Təqdim olunan məruzələr konfransın materiallar toplusunda çap olunub.
Sonda dosent Könül Ömərova Bakı Biznes Universitetinin rektoru, i.e.d., professor İbad Abbasova konfransın təşkilində göstərilən dəstəyə görə dərin təşəkkürünü bildirib.


