Xalqa bağışlanmış ömürdən anlar: 1999-cu ilin iyunu
05.05.2023 /AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
1-9 iyun. Prezident Heydər Əliyev Türkiyənin Antalya şəhərində oldu. Bu müddət ərzində onu qardaş ölkənin Prezidenti Süleyman Dəmirəl, energetika və təbii qaynaqlar naziri Cumhur Ərsümər, sabiq xarici işlər naziri Hikmət Çətin, həmçinin “Enka holdinq” şirkətlər qrupunun prezidenti Şarıq Tara ziyarət etdi.
9 iyun. Türkiyədən Vətənə qayıtdı.
Müalicəsini və istirahətini başa vuraraq Bakıya qayıtması münasibətilə keçirilən şənliklərdə iştirak etdi.
10 iyun. Təhlükəsizlik Şurasının geniş iclasında nitq söylədi.
14 iyun. ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul etdi.
16 iyun. Türkiyənin Azərbaycandakı səfiri Qədri Ecvet Tezcan ilə görüşdü.
23 iyun. ABŞ Prezidentinin və Dövlət katibinin Xəzər regionunun inkişafı məsələləri üzrə xüsusi müşaviri Riçard Morniqstar başda olmaqla nümayəndə heyətini qəbul etdi.
26 iyun. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu binasının açılış mərasimində nitq söylədi.
29 iyun. Rusiya rəssamı Nikas Safranovu qəbul etdi.
30 iyun. Bakının Qaradağ rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilmiş yeni binaların istifadəyə verilməsi mərasimində nitq söylədi.
X X X
Prezident Heydər Əliyev Antalyada qısa müddətə istirahətdə olduğu günlərdə bir sıra görüşlər keçirdi. Azərbaycana qayıtmazdan bir gün əvvəl - iyunun 8-də onu ziyarət etməyə gələn Türkiyə Prezidenti Süleyman Dəmirəllə görüşdü. Görüşdə Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun bundan sonra da yüksələcəyinə, möhkəmlənəcəyinə ümidvar olduğunu söyləyən Heydər Əliyev dedi: “Türkiyə-Azərbaycan dostluğunun böyük tarixi vardır. Bu dostluğun inkişaf etməsində Sizin (Türkiyə Prezidenti Süleyman Dəmirəl – red.) böyük xidmətləriniz vardır. Ona görə də Azərbaycanda hər bir insan Sizə böyük sevgi, məhəbbət hissi ilə yanaşır, Sizi öz doğma insanı hesab edir. Onlar hamısı Sizi Azərbaycanın böyük dostu hesab edir. Əziz dostum, qardaşım, bütün bunlara görə sizə təşəkkür edirəm. Güman edirəm ki, Türkiyədə olduğum zaman Ankarada və burada apardığımız danışıqlar, söhbətlər Türkiyə-Azərbaycan əlaqələrini daha da inkişaf etdirəcək, möhkəmləndirəcək. Azərbaycan Ermənistanın təcavüzündən qurtaracaq, işğal edilmiş torpaqlarımızı azad edəcək və yerindən-yurdundan zorla qovulmuş bir milyondan artıq Azərbaycan vətəndaşının köçkün vəziyyətində yaşamasına biz sizinlə birgə son qoyacağıq”.
Prezident Heydər Əliyev Azərbaycana qayıtdıqdan üç gün sonra – iyunun 12-də “Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəlin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında” Fərman imzaladı. Süleyman Dəmirəl bu yüksək mükafata Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin yaranmasında və inkişaf etdirilməsində böyük xidmətlərinə, Azərbaycanın dövlət müstəqilliyini daim dəstəklədiyinə, Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində konstruktiv dəyişməz mövqeyinə və dəyərli fəaliyyətinə, türkdilli dövlətlərin birliyinin yaranmasında və inkişaf etdirilməsində müstəsna xidmətlərinə görə layiq görüldü.
Müalicəsini başa vuraraq Vətənə qayıdan Ulu Öndəri xalq böyük sevinc və coşqu ilə qarşıladı. Dahi rəhbər bu münasibətlə təşkil olunan şənliklərdə iştirak etdi. Prezidentin ölkədə olmadığı müddətdə ictimai-siyasi sabitlik qorunub saxlanmışdı. Xalqın sevincinin bir səbəbi də Azərbaycanda əmin-amanlığın tam bərqərar olması idi.
Prezident Heydər Əliyev bir gün sonra - iyunun 10-da Təhlükəsizlik Şurasının iclasında söylədiyi nitqində ABŞ-da və Türkiyədə keçirdiyi görüşlərdən söz açmaqla yanaşı, xalqın onu hərarətlə qarşılamasından, Azərbaycanda ictimai-siyasi sabitliyin dönməz olduğundan danışdı.
Sitat: Dünən hava limanından şəhərin mərkəzinədək, yəni Prezident sarayına qədər bu insanların hamısında həm səmimiyyət, mehribanlıq, həm də böyük ruh yüksəkliyi və Azərbaycanın dövlətinə, prezidentinə böyük hörmət, ehtiram gördüm... Mən nə qədər “xoş gəlmisiniz!” sözləri, nə qədər belə gözəl sözlər eşidirdim. Kəsilən qurbanların sayı-hesabı yox idi. Yenə də deyirəm, bunlar hamısı xalqımızın, millətimizin indi tam həmrəy olmasını, xalqımızda birlik olmasını və xalqımızın Azərbaycan dövlətçiliyinə, prezidentinə sadiq olmasını göstərir. Mən cəsarətlə deyə bilərəm ki, bu elə Azərbaycan dövlətinin bugünkü fəaliyyəti haqqında ümumxalq referendumudur.
... Biz 1995-ci ildən sonra Azərbaycanda ictimai-siyasi sabitliyi demək olar ki, tam təmin edə bildik. Dediyim kimi, bu sabitlik artıq çox böyük, möhkəm təməl üzərində qurulubdur. Hesab edirəm ki, bu sabitlik dönməzdir, onu heç kim poza bilməz.
İyunun 26-da Azərbaycanın səhiyyə sistemində ürəkaçan hadisə baş verdi - Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun binası əsaslı təmirdən sonra istifadəyə verildi. Açılış mərasimində iştirak edən Heydər Əliyev hələ sovet dönəmində ölkəmizdə səhiyyənin inkişafı üçün görülmüş işləri xatırladaraq dedi: “1969-cu ildə mən Azərbaycana başçı seçiləndən sonra Azərbaycanda səhiyyənin inkişafı üçün nə qədər vəsait qoyulubdur, nə qədər kadrlar hazırlanıbdır, nə qədər xəstəxanalar, binalar tikilibdir. Həddindən artıq! Azərbaycan çarpayıların sayına görə çox-çox ölkələrdən irəlidir. Bunlar hamısı o illərin nailiyyətidir. O illərin ən böyük nailiyyəti isə ondan ibarətdir ki, Azərbaycanda güclü səhiyyə kadrları yaranıbdır, həkim ordusu yaranıbdır, tibb elmini inkişaf etdirən alimlərimiz yaranıbdır. Biz bununla fəxr edirik. Bu, bizim milli sərvətimizdir”.
Ulu Öndər modernləşən, müasir tələblərə cavab verən klinikanın imkanlarından lazımınca istifadə ediləcəyinə, onun digər səhiyyə müəssisələrinə nümunə göstəriləcəyinə ümidvar olduğunu söylədi.
Ümummilli Lider şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir, bu istiqamətdə ardıcıl tədbirlər görürdü. Həmin tədbirlərdən biri də 1999-cu il iyunun 30-da Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilmiş yaşayış evinin istifadəyə verilməsi oldu. Heydər Əliyev bu münasibətlə keçirilən mərasimdə nitq söylədi, şəhid ailələrinə diqqət göstərilməsinin hamının borcu olduğunu vurğuladı.
Prezident Heydər Əliyevin şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilmiş yaşayış evinin istifadəyə verilməsi mərasimindəki nitqindən
- Vətən yolunda, torpaq uğrunda şəhid olanların ailələri fəxr edə bilərlər ki, onlar müstəqil Azərbaycan üçün belə gözəl, qəhrəman övladlar yetişdiriblər. Eyni zamanda şəhid ailələrinə daim diqqət hər bir vətəndaşın borcudur, dövlətin borcudur, hökumətin borcudur, mənim borcumdur, sizin borcunuzdur. Biz bu borcumuzu heç vaxt unutmamalıyıq və çalışmalıyıq ki, nə qədər mümkündürsə o qədər də borcumuzu yerinə yetirək.
- Qarabağ döyüşlərində əlil olmuş insanlar bizimlə bərabər cəmiyyətimizdə yaşayırlar. Onlar qəhrəmanlıq göstəriblər, onlar torpaqlarımızı müdafiə ediblər, xəsarət alıblar, onlar yaralanıblar və o yaraları da daim daşıyırlar.
- Ancaq mən vətənin müdafiəsi uğrunda döyüşlərdə şikəst, əlil olmuş insanlarla dəfələrlə görüşərkən o qənaətə gəlmişəm ki, bu insanlar nəinki qəhrəmandırlar, nəinki Azərbaycan qarşısında böyük xidmətlər ediblər, o cümlədən də, bununla bərabər, onlar bugünkü cəmiyyətimizin çox dəyərli üzvləridirlər və Azərbaycanın bugünkü həyatında, cəmiyyətində böyük rol oynayırlar.
- Bizim böyük nailiyyətimiz ondan ibarətdir ki, artıq səkkizinci ildir ki, Azərbaycan müstəqil yaşayır, biz Azərbaycanın dövlət müstəqilliyini qorumuşuq, saxlamışıq, əbədi etmişik və əmin ola bilərsiniz ki, ilbəil bizim müstəqilliyimiz möhkəmlənəcək və Azərbaycan qüdrətli, inkişaf etmiş bir dövlət olacaqdır.
Ulu Öndərin böyük uzaqgörənliyindən xəbər verən bu sözlərin deyildiyi vaxtdan 24 il keçir. Azərbaycan bu gün qüdrətli, inkişaf etmiş dövlətdir. İqtisadiyyatın dinamik inkişafı, maliyyə resurslarının artması cəmiyyətin həssas təbəqəsinin - şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin, həmçinin Vətən müharibəsi qazilərinin problemlərinin həllinə daha geniş imkan yaradır, bu məqsədlə davamlı addımlar atılır.