Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
24.12.2021 /Möhtərəm cənab Prezident!
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzularımızı çatdırır, can sağlığı, şəxsi həyatınızda və dövlətçilik fəaliyyətinizdə bundan sonra da böyük nailiyyətlər arzulamaqdan şərəf duyuruq!
Bu bir həqiqətdir ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Məhz Sizin rəhbərliyinizlə ölkəmiz qısa müddət ərzində böyük tarixi yol qət etmiş, möhtəşəm uğurlar qazanmışdır. Elan etdiyiniz və uğurla davam etdirdiyiniz iqtisadi və siyasi islahatlar yeni zirvələrə doğru irəliləyən Azərbaycan dövlətinin daha da güclənməsi üçün etibarlı təməl təşkil edir.
Ölkəmizdə həyata keçirilən sosial siyasət hər bir vətəndaşın həyat səviyyəsinin yüksəlməsinə, Azərbaycanın güclü bir dövlət kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir. Sizin sərkərdəliyinizlə Vətən Müharibəsində şanlı zəfər qazanan xalqımızın qələbə sevinci yaşadığı, tarixin yeni mərhələsinə qədəm qoyduğu bir dövrdə Sizi ad gününüz münasibətilə təbrik etmək xüsusi rəmzi məna daşıyır. Ölkəmizi bugünkü qələbəyə çatdıran Güclü Dövlət Konsepsiyasının gerçəkliyə çevrilməsi Sizin uzaqgörən siyasətinizin möhtəşəm təntənəsini nümayiş etdirir. Bu yolda ən böyük enerji qaynağı Dövlət-Xalq-Rəhbər birliyi və bütövlüyüdür. Vətən müharibəsində şanlı Ordumuzun dünyaya nümunə olan qəhrəmanlığının və şanlı zəfərinin başlıca ilham mənbəyi də bu birlik və bütövlükdür. Sizin zəngin siyasi təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan xalqının rifahının yüksəldilməsi naminə mürəkkəb məsələləri qətiyyətlə və ardıcıl olaraq həll etməyə imkan verir.
Azərbaycanın tarixində ən böyük qələbə olan Qarabağın işğaldan azad olunması Sizin uzaqgörənliyiniz, müdrik rəhbərliyiniz, dəqiq planlarınız, eyni zamanda cəsarətiniz, qətiyyətiniz və son məqsədə çatmağa olan qəti inamınız sayəsində əldə edilmişdir. Siz 44 gün ərzində əlçatmaz bir uğura imza atmısınız.
İndi biz hamımız ölkəmizin gələcəyi barədə nikbinik. Siz artıq işğaldan azad olunmuş ərazilərin inkişaf etdirilməsi üçün kənd təsərrüfatı, mədəniyyət və turizmdən tutmuş müasir infrastruktura qədər bütün sahələrə yatırım etməklə qarşıya yeni hədəflər qoyaraq bizi daha aktiv çalışmağa sövq edirsiniz.
Dünya miqyasında yeritdiyiniz uzaqgörən və praqmatik siyasətiniz, ölkənin milli mənafelərini qətiyyətlə qorumaq yolunda xüsusi səyiniz nəticəsində Azərbaycan regional və beynəlxalq gündəlikdə yer alan ən mühüm məsələlərin həllində fəal rol oynayır.
Bu bir həqiqətdir ki, qarşıda ciddi çağırışlar var. Biz tam əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan bu çağırışların öhdəsindən layiqincə gələcək, regionda və daha geniş coğrafiyada yeni paradiqmaları ilə nümunə olacaq və daim rifah içində yaşayacaq.
Möhtərəm Cənab Prezident! Sizin adınız qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi əbədi olaraq Azərbaycanın tarixində qalacaqdır.
Sizə möhkəm cansağlığı, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutduğunuz planların tam reallaşmasını, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik!
Dərin hörmət və ehtiramla,
Azərbaycan Milli Elmlər Akademiyası
İdarəetmə Sistemləri İnstitutunun kollektivi