Milli Kitabxanada “9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” adlı virtual sərgi istifadəçilərə təqdim edilib
10.11.2022 /9 Noyabr – Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Milli Kitabxanadan bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı Sərəncamla 9 Noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət Bayrağı elan edib.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib.
Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Özünütəsdiq simvolu olan Bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən eyniadlı virtual sərgi hazırlanıb. Virtual sərgidə rəsmi sənəd, Dövlət Bayrağı haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, fotolar, Dövlət Bayrağımızın tarixi, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Dovlet_bayragi_gunu/index.htm linkindən istifadə edə bilərlər.