Kainatda sirli işıq mənbəyi tapılıb
07.12.2022 /Tədqiqatçılar Kainatı əvvəllər güman edildiyindən daha çox işıq saçmağa vadar edən şüa mənbəyi aşkar ediblər.
“New Horizons” zondu Günəş sisteminin Plutonun arxasında olan xarici hissəsinə çatdıqda kosmik optik fonun səviyyəsinin ölçülməsi zamanı astronomlar aşkar ediblər ki, Kainatdakı işıq əvvəllər güman edildiyindən daha çoxdur. Başqa sözlə, fon iki dəfə daha intensivdir. Hazırda tədqiqatçılar bu “əlavə” şüanın mümkün mənbəyini tapıblar.
Alimlər yeni məqalədə optik işığın çoxluğunun mümkün izahını təklif ediblər. Onların bildirdiyinə görə, bu qara materiyanın hələ aşkar olunmamış hərəkətinin əlavə məhsulu ola bilər.
Tədqiqatçılar fərz edirlər ki, “New Horizons” zondu ilə aşkar edilmiş əlavə işıq mənbəyi bizim görə bilmədiyimiz ulduzlar və qalaktikalar vasitəsilə yaradılır. Bu versiya hələlik müzakirə edilir.
Yeni tədqiqatın müəllifləri belə yüksək işığın səbəblərindən birinin qara materiyanın olub-olmadığını müəyyən etmək istəyiblər. Lakin qeyd olunub ki, hazırda cari məlumatlara əsaslanaraq düzgün nəticə əldə etmək mümkün olmadığından daha geniş tədqiqatların aparılmasına ehtiyac var.