Windows 11-də donmuş tətbiqlərin bağlanması üçün yeni üsul istifadəyə verilib
14.04.2023 /Windows-da tətbiqlərin donması tez-tez rast gəlinən bir hadisədir. Bununla belə bu cür vəziyyətdə tətbiqin yuxarı sağ hissəsində olan “x” işarəsinin kliklənməsi və ya “Alt + F4” kombinasiyasının istifadəsi də problemi həll etməyə bilər. Windows 11-in insayder versiyasında donmuş tətbiqin sürətli şəkildə bağlanması üçün nəzərdə tutulmuş yeni funksiya reallaşdırılıb. Yeni funksiya çərçivəsində donmuş tətbiqin Taskbar hissəsindəki ikonuna mouse-un sağ düyməsi ilə klikləyib ortaya çıxan menyuda “End task” bəndini seçmək kifayətdir.
Windows 11 üçün Taskbar-ın bu yeni funksiyasını aktivləşdirmək üçün əməliyyat sisteminin ayarlarında “Privacy & security” bölməsinə və daha sonra “For developers” bəndinə daxil olmaq lazımdır. Hal hazırda Taskbar-ın bu yeni funksiyası Windows Insider proqramının iştirakçıları qismində çıxış edən məhdud sayda istifadəçi arasında əməliyyat sisteminin test versiyaları üçün aktivdir. Bu funksiyanın aktivləşdirilməsi düyməsinin “For developers” bəndində yerləşdirilməsi onun əməliyyat sistemində standart şəkildə deaktiv olacağına və ilk növbədə tərtibatçılar tərəfindən istifadəyə istiqamətlənəcəyinə işarə edir.