Xalqa bağışlanmış ömürdən anlar: 1999-cu ilin dekabrı
22.05.2023 /AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
2 dekabr. Prezident Heydər Əliyev Bolqarıstan Prezidenti Petar Stoyanov ilə görüşdü.
4 dekabr. İsrail Dövlətinin müdafiə nazirinin müavini Efroim Snehinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
8 dekabr. AŞPA siyasi komitəsinin sədrini və Azərbaycan üzrə məruzəçiləri qəbul etdi.
10 dekabr. Xalq şairi Nəbi Xəzrinin 75 illiyi münasibətilə Akademik Milli Dram Teatrının səhnələşdirdiyi “Burla xatun” pyesinin tamaşasına baxdı.
11 dekabr. Qarşıdakı bələdiyyə seçkiləri ilə əlaqədar xalqa müraciət etdi.
12 dekabr. Respublikada ilk dəfə keçirilən bələdiyyə seçkilərində səs verdi.
Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə keçirilən şənlikdə iştirak etdi.
13 dekabr. ATƏT-in sədri, Norveçin xarici işlər naziri Knut Vollebeni qəbul etdi.
Bələdiyyə seçkilərini izləmiş türkiyəli müşahidəçilərlə görüşdü.
17 dekabr. Rusiyanın Azərbaycandakı səfiri Aleksandr Bloxini qəbul etdi.
18 dekabr. Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidzeni qəbul etdi.
21 dekabr. Yeni Azərbaycan Partiyasının birinci qurultayında nitq söylədi.
22 dekabr. MDB-nin icraçı katibi Yuri Yarovu qəbul etdi.
25 dekabr. Rusiya jurnalistləri ilə görüşdü.
29 dekabr. Qaradağ rayonunda qaçqınlar və məcburi köçkünlər üçün tikilmiş evlərin istifadəyə verilməsi mərasimində nitq söylədi.
31 dekabr. Uşaqların Yeni il şənliyində iştirak etdi.
X X X
Prezident Heydər Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycanın ikitərəfli əməkdaşlıq əlaqələr qurduğu ölkələrin siyahısı gündən-günə genişlənirdi. Bu ölkələrdən biri də Bolqarıstan idi. Ulu Öndərin 1995-ci ilin iyununda Bolqarıstana rəsmi səfəri iki ölkə arasında əməkdaşlıq münasibətlərinə güclü təkan verdi. 1999-cu ilin dekabrında isə Bolqarıstan Prezidenti (1997-2002) Peter Stoyanov Azərbaycanda rəsmi səfərdə oldu.
Bolqarıstan liderinin səfər çərçivəsində söylədiyi bu fikirlər diqqət çəkir: “Azərbaycan və Bolqarıstanın coğrafi mövqeyi elədir ki, onlar bir-biri ilə əməkdaşlıq etməlidirlər. Əminəm ki, TRASEKA və İNOQEYT kimi böyük layihələr əlaqələrimizi daha da sıxlaşdıracaqdır. Mən istər TRASEKA nəqliyyat dəhlizinin inkişafı barədə, istərsə də neftin Bolqarıstan vasitəsilə Avropaya ixracı barədə məsələni Prezident Heydər Əliyevin qarşısında tamamilə açıq şəkildə qaldırdım - mən bunu özümə rəva görə bilərəm, çünki bu, bizim ilk görüşümüz deyildir, biz bu barədə çox danışmışıq”.
Həmin səfər zamanı Azərbaycanla Bolqarıstan arasında ikitərəfli sənədlər - prezidentlərin birgə bəyanatı, statistika sahəsində əməkdaşlıq haqqında, Azərbaycan və Bolqarıstan hökumətləri atasında gömrük işi, standartlaşdırma və metrologiya, turizm sahəsində əməkdaşlığa dair sazişlər imzalandı.
Azərbaycan-Bolqarıstan münasibətləri bu gün yüksək səviyyəyə çatıb və strateji tərəfdaşlıq xarakteri alıb. Bu baxımdan Prezident İlham Əliyevin 2023-cü ilin aprelində Sofiyaya işgüzar səfərini xatırlamaq yerinə düşər. Səfər çərçivəsində “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması, SOCAR-ın Bolqarıstandakı ofisinin açılışı münasibətlərin yüksək səviyyəsindən xəbər verir.
Ümummilli Lider gərgin iş qrafikinə baxmayaraq, Azərbaycanın gələcəyi olan uşaqları unutmur, onlarla görüşlərə də vaxt ayırırdı. Ulu Öndər 1999-cu il dekabrın 12-də Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə keçirilən şənlikdə, dekabrın 31-də valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün təşkil edilən Yeni il şənliyində iştirak etdi. Tədbirlərdəki çıxışı zamanı Azərbaycanın uşaqlarının hamısını öz övladları kimi qəbul etdiyini dilə gətirdi:
Sitat: Siz mənə burada “baba” deyərək müraciət edirsiniz. Sizə çox təşəkkür edirəm. Mən sizi və bütün Azərbaycanın uşaqlarını öz uşaqlarım hesab edirəm, övladlarım hesab edirəm, nəvələrim hesab edirəm. Mən sizinlə birlikdə burada olmağımdan özümü çox xoşbəxt hiss edirəm. Sizi dinləyərək düşünürəm ki, mən dünyanın ən zəngin adamıyam, ən xoşbəxt adamıyam. Ona görə ki, müstəqil Azərbaycanın uşaqları, balaları kimi mənim övladlarım var, balalarım var. Əmin ola bilərsiniz ki, mən sizi öz övladlarım, balalarım, nəvələrim hesab edərək sizin üçün daim istəkli baba olacağam, ata olacağam.
1999-cu ilin dekabrında ölkəmizin həyatında ən mühüm hadisələrdən biri Yeni Azərbaycan Partiyasının (YAP) ilk qurultayının keçirilməsi oldu. Qurultayda nitq söyləyən Prezident Heydər Əliyev Azərbaycan xalqının partiya yaradılmamışdan əvvəl və YAP-ın fəaliyyəti dövründə keçdiyi yola nəzər saldı.
X X X
Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının birinci qurultayındakı nitqindən
- Yeni Azərbaycan Partiyası addım-addım irəliləyib, inkişaf edib, genişlənib və böyük bir partiyaya çevrilibdir. Bugünkü qurultay partiyanın nə qədər güclü, nə qədər əzəmətli və nə qədər dərin fikirlərə malik olduğunu sübut edir.
- Bu partiyanı bir adam yox, o illərdə Azərbaycanın ağır vəziyyətini görən, buna dözə bilməyən və bu ağır vəziyyətdən çıxış yolunu axtaran insanlar və xüsusən ziyalıların hamısı birlikdə yaradıblar. Bu gün bir daha qeyd etmək istəyirəm ki, mənim o vaxt partiya yaratmaq fikrim yox idi. Mənim həyatım sizə məlumdur. Bunun məni həmişə sevindirmiş parlaq illəri də, ancaq həyatım üçün çox ağır, çətin, təhlükəli illəri də olubdur. Mən keçmiş zamanlarda xalqıma həmişə sədaqətlə xidmət etmişəm. Amma Moskvada yüksək vəzifələrdən kənarlaşdırılandan, istefaya gedəndən sonra ətrafımda cərəyan edən ədalətsizliyi və on illər boyu sədaqətlə xidmət etdiyim hökumətin, partiyanın mənə qarşı təzyiqlərini, təqiblərini görərkən yenidən siyasətə qayıtmaq fikrində olmadım. Hesab etdim ki, mən həyatda öz missiyamı yerinə yetirmişəm, onun qiymətini isə gələcək, tarix verəcəkdir. Məni siyasi həyata qayıtmağa məcbur edən 1990-cı ildəki yanvar hadisələri oldu...
- Bizim partiya sağlam düşüncə, sağlam fikir – xalqı birləşdirmək və Azərbaycanın o mürəkkəb həyatında ölkənin problemlərinin həll olunmasında iştirak etmək, öz xidmətlərini göstərmək məqsədi ilə yarandı.
- Azərbaycan Prezidenti və Yeni Azərbaycan Partiyasının sədri kimi mənim əsas gücüm, əsas mənbəyim xalqdır.
- Öz aqibətini Yeni Azərbaycan Partiyası ilə bağlayanlar səhv etməmişlər. Tarix, keçən illər bunu göstərdi. Yeni Azərbaycan Partiyası sədrinin, Azərbaycan Prezidentinin həyata keçirdiyi daxili və xarici siyasət ilbəil uğurlar gətirir, Azərbaycan yüksəlir, inkişaf edir.
- Bir tərəfdən iqtisadi böhran, ikinci tərəfdən daxildə qanunsuz silahlı dəstələr, cinayətkarlar və sair, sabitliyin olmaması, bununla yanaşı Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarını ardıcıl surətdə işğal etməsi və belə şəraitdə hər bir cinayətkar dəstənin, hər bir cinayətkarın öz şəxsi məqsədləri üçün yeni cinayətlər törətməsi – bunlar hamısı 1993-94-cü illərin gerçəklikləri idi. Biz bunların qarşısını aldıq.
- Yeni Azərbaycan Partiyası Azərbaycanın həyatında ən güclü, ən böyük intellektual səviyyəyə malik, ən böyük hörmətə malik olan siyasi partiyadır. Yeni Azərbaycan Partiyası Azərbaycanın bu gününün partiyasıdır, Azərbaycanın sabahının partiyasıdır, XXI əsrin partiyasıdır, üçüncü minilliyin partiyasıdır.
- Biz 1992-ci ilin şaxtalı bir günündə, elektrik enerjisinin olmadığı bir halda, Naxçıvan Dövlət Teatrının binasında paltoda və çoxları papaqda oturaraq ilk konfransımızı keçirdik. Doğrudur, mən papaqda deyildim. Təbiətim belədir ki, mən hər bir soyuq havada papaqdan istifadə etmirəm. Amma burada oturanların əksəriyyəti papaqda idilər. Üşüyürdük, əlimizi-əlimizə sürtürdük. Amma iradəmiz yüksək idi, iradəmiz güclü idi və gələcəyə çox nikbinliklə baxırdıq. Budur, yeddi ildən sonra Yeni Azərbaycan Partiyası Azərbaycanın ən möhtəşəm sarayında öz qurultayını keçirir.