Xalqa bağışlanmış ömürdən anlar: 2002-ci ilin sentyabrı
12.10.2023 /AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
2 sentyabr. Prezident Heydər Əliyev Bilik Günü münasibətilə Suraxanı rayonundakı 275 nömrəli məktəbdə keçirilən mərasimdə iştirak etdi.
6 sentyabr. Görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevə “İstiqlal” ordenini təqdim etdi.
8 sentyabr. Müslüm Maqomayevin şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitq söylədi.
10 sentyabr. Türk Sənayeçiləri və İş Adamları Vəqfinin sədri Vəli Sarıtoprağın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
11 sentyabr. Dünya Turizm Təşkilatının baş katibi Françesko Franjiallini qəbul etdi.
12 sentyabr. Gəncə şəhərinə getdi. Orada Olimpiya İdman Kompleksinin açılışında iştirak etdi. “N” hərbi hissəsində əsgər və zabitlərlə görüşdü, Gəncə şəhəri İcra Hakimiyyətində müşavirə keçirdi.
13 sentyabr. Gəncədən Goranboy rayonuna gəldi. Aşağı Ağcakənd qəsəbəsinin açılışında nitq söylədi.
17 sentyabr. Ölkəmizə işgüzar səfərə gəlmiş Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərlə, Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə görüşdü. ABŞ-ın energetika naziri Spenser Abrahamı və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
18 sentyabr. Səngəçal Sahil terminalında Baki-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin təməlinin qoyulması mərasimində Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə birgə iştirak etdi.
BTC-nin təməlinin qoyulması münasibətilə dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafətdə nitq söylədi.
22 sentyabr. Rusiya Dövlət Dumasının sədri Gennadi Seleznyov başda olmaqla RF nümayəndə heyətini qəbul etdi.
24-27 sentyabr. Rusiya Federasiyasında işgüzar səfərdə oldu. Səfər zamanı RF Prezidenti Vladimir Putinlə, Moskva şəhərinin meri Yuri Lujkovla, RF xarici işlər naziri İ.İvanovla, Moskva hökumətinin yüksək vəzifəli nümayəndələri ilə görüşdü.
28 sentyabr. ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etdi.
Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə mədəniyyət və incəsənətin inkişafına, mədəniyyət xadimlərinə böyük diqqət və qayğı göstərirdi. Azərbaycan naminə yaşayıb yaradan hər bir sənət adamı kimi, əfsanəvi bəstəkar və müğənni Müslüm Maqomayev də bu qəbildən idi. Ulu Öndər onu musiqi sənətinin canlı əfsanəsi adlandırır, yaradıcılığını və ifasını yüksək qiymətləndirirdi. Müslüm Maqomayev ömrünün böyük hissəsini Moskvada yaşasa da, azərbaycanlı olması ilə fəxr edir, Prezident Heydər Əliyevin dəstəyini heç vaxt unutmurdu. Bu qarşılıqlı hörmət və sevginin nəticəsi idi ki, dünyaşöhrəti musiqiçinin son mənzili doğma Bakı, Fəxri xiyaban oldu.
2002-ci il sentyabrın 6-da Prezident iqamətgahında görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin 60 illiyi ilə əlaqədar Azərbaycanın ali dövlət mükafatının – “İstiqlal” ordeninin təqdim edilməsinə həsr olunmuş mərasim keçirildi. Mərasimdəki nitqində onun yaradıcılığını Azərbaycan mədəniyyəti və incəsənətinin ayrılmaz və çox mühüm hissəsi adlandıran Ulu Öndər dedi ki, mədəniyyətimizin son 40 ildən artıq tarixini Müslüm Maqomayevsiz təsəvvür etmək mümkün deyil.
Sentyabrın 7-də isə görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Heydər Əliyev yubilyarın ifa etdiyi “Azərbaycan” mahnısının böyük təsir gücünə malik olduğunu vurğuladı: “Bu, Müslüm Maqomayevin öz əsəridir. Onu özü yaratmışdır və neçə illərdir harada, hansı ölkədə çıxış edirsə-etsin, onu hər yerdə və hər yanda gözəl oxuyur. Müslümün ifasında bu mahnı güclü təəssürat doğurur və çox böyük təsir bağışlayır, ən başlıcası isə, xalqına, respublikasına sadiq olan Müslüm öz hisslərini bu mahnı vasitəsilə ifadə edir və Azərbaycanımızı tanıdır. Təkcə bu mahnıya görə Müslüm həm bir bəstəkar kimi, həm də ifaçı-müğənni kimi ən yüksək qiymətə layiqdir”.
Ulu Öndər çıxışında Müslüm Maqomayevin 60 illik yubileyinin Azərbaycanda belə yüksək səviyyədə keçirilməsini onun yaradıcılığına ümumxalq ehtiramının əlaməti və Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xidmətlərinə verilən yüksək qiymətin ifadəsi kimi səciyyələndirdi.
İndi isə Prezident Heydər Əliyevin Bakı Əyləncə Mərkəzində Müslüm Maqomayevin şərəfinə təşkil olunmuş rəsmi qəbuldakı nitqindən götürülmüş iki sitata nəzər salaq.
Birinci sitat: Müslüm Maqomayev özünün gözəl mahnıları ilə və incəsənət, mədəniyyət sahəsində görkəmli fəaliyyəti ilə Azərbaycanın tarixinə daxil olmuşdur. O bizim mədəniyyətimizi, mahnı sənətimizi zənginləşdirmişdir, böyük məhəbbət, çox yüksək nüfuz qazanmışdır. O, Azərbaycan xalqının oğlu olaraq, burada dünyaya gəlmiş və ilk addımlarını Azərbaycanda atmışdır, amma sonra, sadəcə, Azərbaycanın çərçivəsinə sığmamışdır. Bu da təbiidir. Çünki onun yaradıcılığı, onun sənəti, onun mahnıları daha geniş auditoriya, xalqla daha geniş ünsiyyət tələb edirdi. Odur ki, Müslüm hələ çox-çox illər əvvəl, hələ erkən yaşlarından Moskva səhnəsində görünmüşdür. Onun Azərbaycanda olduğu kimi, Moskva səhnəsində görünməsi də Sovetlər İttifaqı paytaxtının, Moskva kimi çox iri şəhərin mədəni həyatında hadisəyə çevrilmişdir.
İkinci sitat: O harada olurdusa-olsun, hər yerdə hamını heyran qoyur, böyük hisslər oyadırdı, onun konsertlərinə düşmək çətin idi və xalq onu görmək istəyirdi... Belə maraq ilk növbədə onun əla, nadir səsi ilə bağlı idi. Belə maraq onun təkraredilməz ustalığı ilə bağlı idi. Güclü, yaxşı, xoş avazlı səsə malik olmaq kifayət deyildir, əgər müğənni öz səsindən, Allah vergisi olan istedadından istifadə edə bilmirsə, insanların məhəbbətini və rəğbətini qazana bilməz. Müslüm isə bu baxımdan böyük artist, çox böyük usta, mahnı ustası, söz ustası, artistizm ustası olduğunu göstərdi.
Xronologiyadan göründüyü kimi, 2002-ci ilin sentyabrında baş verən ən əlamətdar hadisə Səngəçal sahil terminalında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin təməlinin qoyulması oldu. Sentyabrın 18-də bu münasibətilə keçirilən təntənəli mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyevlə yanaşı, Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Gürcüstan Prezidenti Eduard Şevardnadze də iştirak etdilər.
Mərasimdə çıxış edən Ulu Öndər bu layihənin əsasının 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının müştərək işlənilməsi üçün Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında müqavilə imzalanarkən qoyulduğunu xatırlatdı. “Əsrin müqaviləsi” adlanan sənədə əsasən, həmin yataqlardan gələcəkdə ildə 50 milyon tondan artıq neft hasil edilməsinin nəzərdə tutulduğunu bildirərək dedi: “Hasil olan neft dünya bazarlarına çıxarılmalıdır. Bunun üçün müxtəlif yollar var idi, müxtəlif marşrutlar var idi. Ancaq biz Azərbaycan olaraq öz dostlarımızla – Türkiyə Cümhuriyyəti ilə, Gürcüstanla və təbiidir ki, bu layihədə iştirak edən şirkətlərlə birlikdə gələcəkdə hasil olunacaq nefti Bakı–Tbilisi–Ceyhan boru xətti ilə Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına çatdırmağı qərara aldıq”.
Bu qərarın çox mübahisələr doğurduğunu, müqavimətlə üzləşdiyini deyən Ulu Öndər çıxışında bəyan etdi ki, neftin sahibi bizik və nefti də haradan ixrac etmək birinci növbədə, bizim hüququmuz idi: “Bizə çox təzyiqlər etdilər. O vaxt Azərbaycanda ictimai-siyasi vəziyyət o qədər də sabit deyildi. 1993-cü ildə burada vətəndaş müharibəsi baş vermişdi. Biz onların qarşısını aldıq və müqaviləni imzaladıq”.
Daha sonra BTC-yə gedən yoldan danışan Azərbaycan Prezidenti 1999-cu ilin noyabrında İstanbulda Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan arasında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəmərinin inşasına başlamaq üçün anlaşma və bəyanat imzalandığını diqqətə çatdırdı. Qeyd etdi ki, ABŞ Prezidenti Bill Klinton da öz dövləti adından bu bəyanata öz imzasını qoydu. Bu da BTC boru xətti layihəsinin reallaşması istiqamətində atılan həlledici addımlardan biri oldu.
Cəmi üç il sonra - 2005-ci il mayın 25-də Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılış mərasimi keçirildi. Beləliklə, vaxtilə xəyal, əfsanə hesab edilən nəhəng layihə uğurla tamamlandı.
Ulu Öndərin BTC ilə bağlı gözləntiləri özünü günümüzdə tamamilə doğruldur. Xəzər dənizi sahilindəki Səngəçal terminalını Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalı ilə birləşdirən BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. Bu boru kəməri vasitəsilə, həmçinin Türkmənistan, Qazaxıstan və Rusiya nefti də dünya bazarlarına ötürülür.
2023-cü ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 546 milyon tondan çox (4,1 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5402 tankerə yüklənərək dünya bazarlarına göndərilib. BTC-nin ümumilikdə 4 milyard barel neft ixracına nail olması əlamətdar bir uğur kimi 2023-cü il yanvarın 18-i tarixində qeyd edilib. Azərbaycan öz neftinin 80 faizini dünya bazarına məhz bu boru kəməri vasitəsilə çıxarıb.