Chrome brauzerində faydalı süni zəka funksiyası istifadəyə veriləcək
31.10.2023 /Chrome brauzerinin test versiyasında Compose AI adlı yeni maraqlı funksiya aşkar edilib. Faktiki olaraq bu, Microsoft-un Edge brauzerindəki çat-bot həllinə bənzəyir. Lakin Edge brauzerindəki çat-botdan fərqli olaraq Chrome üçün nəzərdə tutulmuş Compose AI funksiyası daha konkret istifadə ssenarisinə hədəflənib. İnsayderlərin verdikləri məlumata əsasən Compose AI adlı süni zəka funksiyası çatlardakı cavablar, sənədlər və elektron məktublar üçün mətnlərin avtomatik şəkildə tərtib olunmasına istiqamətlənib.
Sözügedən funksiya ilk növbədə ingilis dilli regionlarda aktiv olacaq. Lakin daha sonra ona əlavə dillərin dəstəyi də əlavə oluna bilər. Məlumata əsasən Compose AI funksiyası Chrome brauzerinin təkcə veb versiyasında deyil, həmçinin Android və iOS versiyalarında da aktiv olacaq. Sözügedən funksiyanın Chrome brauzerinin stabil versiyasında nə zaman istifadəyə veriləcəyi bilinmir.