2013-cü ildə aparılan elmi-tədqiqat işləri üzrə alınan mühüm elmi nəticələr:
1. Bibiheybət neftqazçıxarma idarəsinin 35 neftçıxarma obyektində, İnstitutda yaradılan siqnalların mövqeli binar identifikasiyası üsulu əsasında dərinlik neftçıxarma avadanlığlarının məsafədən diaqnostikasını və idarə edilməsini təmin edən yeni nəsil robast noise monitorinq sisteminin eksperimental variantı hazırlanmış və tətbiq edilmişdir. Sistem elektrik enerjisinə 50%-dən çox qənaət etməyə, neftçıxarma avadanlığının təmirarası vaxtının xeyli artırmağa və rentabelliyi 2 dəfədən çox yaxşılaşdırmağa imkan verir. AzNeft birliyindən sistemin səmərəliyini təsdiq edən akt alınmışdır və onun istehsalı və başqa neftçıxarma idarələrində tətbiqi məqsədəuyğun hesab edilmişdir. İcraçılar: akad. T.A.Əliyev, t.e.d., prof. O.Q.Nüsrətov, t.f.d. Q.A.Quluyev, t.f.d. As.H.Rzayev, M.H.Rezvan, Y.Q.Əliyev.
2. Ramanı, Balaxanı neft mədənlərində, Türkmənistanda Aşqabaddan 100 km məsafədə Kopet dağının ətəyində və Qazax rayonunun II Şıxlı kəndində 200 m-ə qədər dərinliyi olan quyular üzərində quraşdırılmış seysmoakustik noise monitorinq stansiyalarında aparılan ekspe-rimentlər nəticəsində müəyyən edilmişdir ki, monitorinqin radiusu ilə quyuların dərinliyi arasında korrelyasiya mövcuddur və neft quyusu olmayan seysmoaktiv ölkələrdə də belə stansiyalar düzəltməklə zəlzələlərdən xeyli əvvəl onları yaradan anomal seysmik proseslərin monitorinqini həyata keçirməyə və onların yerini müəyyənləşdirməyə imkan verən seysmoakustik noise monitorinq stansiyalar şəbəkəsi yaratmaq mümkündür. İcraçılar: akad. T.A.Əliyev, t.e.d., t.f.d. Q.A.Quluyev, t.f.d. F.H.Paşayev.
3. Neft yataqlarının həcmini ifadə edən riyazi modellər təklif olunur. Müasir statistik metodlardan istifadə edərək həcmin müxtəlif statistik qiymətləri tapılır. Tapılan qiymətlərin xassələri öyrənilir və effektivliyi göstərilir. İcraçı – AMEA-nın müxbir üzvü A.H.Hacıyev
4.Çoxsürətli Erlang modellərində təsadüfi giriş strategiyası təyin edilmiş və bu strategiyadan istifadə edildikdə onların keyfiyyət göstərici-lərinin hesablanması üçün səmərəli üsullar təklif olunmuşdur. Çoxselli kütləvi xidmət sistemlərində yeni sinif sıçrayışlı prioritetlər təyin edilmiş və bu prioritetlərdən istifadə edildikdə onların xarakteristikalarının hesablanması üçün səmərəli üsullar təklif olunmuşdur. Bu üsulların tətbiqi böyük ölçülü xidmət modellərinin analizini yerinə yetirilməyə imkan yaradır. İcraçılar – AMEA-nın müxbir üzvü A.Z.Məlikov, t.f.d., dos. M.İ.Fəttahova
5. Qeyri – səlis çoxluqlar və qeyri – səlis məntiq nəzəriyyələri əsasında sosial keyfiyyətin faktorlarının qiymətləndirilməsinin qeyri – səlis modelləri qurulmuş və uyğun məsəllərin həlli üsulu verilmişdir. Bu modellər ölkəmizdə iqtisadi sahədə qərar qəbuletmə zamanı istifadə oluna bilər. İcraçı – i.e.d., prof. Q.C.İmanov
6. Su ehtiyatlarının idarə edilməsi üçün qlobal və hidroloji də-yişikliklərin qarşılıqlı təsirinin formallaşdırılması əsasında riyazi yanaşma təklif olunmuşdur. Bu yanaşmanın fərqləndirici xüsu-siyyəti hidroloji sisteminin davranışına təsir edən dəyişənlərin kiçik kəsilməz dəyişikliklərinin nəticəsi olan kəskin sıçrayışlı rejimləri öyrənmək imkanı yaradır.İcraçı – r.f.d., dos. Ə.B.Sadıqov
7. İkinci tərtib hiperbolik tip tən-liklər sisteminə nəzərən ayrılma-mış sərhəd şərtlərinə malik sərhəd məsələləri ilə təsvir olunan mürəkkəb, halqavari struktura malik boru-kəmərlərində neft və qazın hərəkətinin keçid rejimlərinin ədədi yolla tədqiqi aparılmışdır. Düz xətlər və şəbəkə üsullarına əsaslanan iki ədədi üsul və ayrılmayan sərhəd şərtlərinin qovulması üsulunun alqoritmi hazırlanmışdır. İşlənmiş üsullar və alqoritmlər boru-kəməri sistemlərində neft və qazın nəqli rejimlərinin operativ dispetçer idarəetmə sistemlərində istifadə edilə bilər. İcraçılar - r.e.d., prof. K.R.Ayda-zadə, r.f.d., dos. Y.R.Əşrəfova, r.f.d. C.Ə.Əsədova.
8. Qrunt sularının səviyyə dəyişmələrinin monitorinqi və proqnozlaşdırılmasına imkan verən nəzəri tədqiqat üsulları işlənmiş, müxtəlif təbii və antropogen amillər nəticəsində yaranan böyük həcmli torpaq sürüşmələri proseslərinin öyrənilməsinə tətbiq edilmiş, alınan nəticələr əsasında uyğun praktiki məsələlər üçün hesabat alqoritmləri yaradılmışdır. İcraçı - t.e.d., prof. A.B.Həsənov
9.Volterra tipli fərq tənliklər sistemi və Rosser tipli optimal idarəetmə məsələlə-rində xəttiləşmiş maksimum şərti formasında zəruri şərtlər alınmışdır. İcraçılar – r.e.d., prof. K.B.Mənsimov, r.f.d. J.B.Əhmədova, M.M.Nəsiyyəti, S.Ş.Qədirova.
10. Günəşin şüalanma intensivliyinin Azərbay-canın iqtisadi və demoqrafik göstəricilərinə təsirinin ekonometrik modellər qurularaq qiymətləndirilmişdir. Icraçı – i.e.d., prof. Y.H.Həsənli, N.S.İsmayılov
11. Ştanqlı dərinlik nasosları ilə istismar olunan quyuların vattmetroqramlarının və dinamoqramlarının spesifik xüsusiyyətləri araşdırılmış, gediş, qüvvə və güc verilənlər massivinin normallaşdırılma, miqyaslanma alqoritmləri yaradılmış və mövqeli binar texnologiyalar əsasında yerüstü və yeraltı avadanlıqlarının nasazlıqlarının gizli dövrünün vattmetrik məlumatlar əsasında diaqnostikası üçün identifikasiya alqoritmləri işlənmişdir. İcraçılar: akad. T.A.Əliyev, t.e.d., prof. O.Q.Nüsrətov, t.f.d. Q.A.Quluyev, t.f.d. As.H.Rzayev, M.H.Rezvan, Y.Q.Əliyev.
12. Siqnalların mövqeli binar identifikasiya üsulunun dəqiqliyini artıran alqoritm təklif edilmişdir. Bu alqoritmlə, müqayisə olunan siqnalların hər bir diskretləşdirmə anında diskretləşdirmə nöq-tələrinin sürüşdürülməsi əməliyyatı yerinə yetirilir və alınan qiymətlərin ən kiçik qiyməti bu nöqtələr üçün siqnalların yaxınlı-ğının hesablanmasında istifadə edilir. Alqoritm neftçıxarma obyektlərinin diaqnostika sistemində tətbiq edilmiş və onun yüksək effektivliyi təsdiq edilmişdir. İcraçı – t.ed., prof. O.Q.Nüsrətov, r.f.d., dos. A.B.Kərimov.
13. Zəif strukturlaşmış zaman sıraların yeni qeyri-səlis proqnozlaşdırma modeli işlənilmişdir və digər məlum olan uyğun modellərlə müqayisədə statistik ölçmə meyarlarına əsasən (MSE – orta kvadratik səhv və MAPE – orta mütləq faiz səhvi) onun üstünlüyü isbat edilmişdir. İcraçı - t.e.d., dos. R.R.Rzayev
14.Regional risklərin müxtəlif parametrlər üzrə klassifikasiya alqoritmi işlənib hazırlanmışdır. Müa-sir proqramlaşdırma texnologiyalarından istifadə edə-rək işlənmiş alqoritmlər əsasında regional və ölkə əhəmiyyətli risklərin monitorinqi üçün interaktiv regional və ölkə əhəmiyyətli risklərin monitorinqi üçün interaktiv proqram təminatı hazırlanmışdır. Hazırlanmış proqram təminatı risklərə nəzarət və idarəetmənin sürətli təşkilinə xidmət edir. İcraçılar- t.f.d, dosent E.R.Əliyev, tex.f.d. X.X.Abdullayev
15.Elektron sənəd dövriyyəsi mühitində elektron imza ilə əlaqəli mübahisəli halların aşkarlanması üçün üsul işlənib hazırlanmışdır. Bu üsulda simmetrik və asimmetrik kriptoqrafik alqoritmlər, müxtəlif heşləmə alqoritmləri və müxtəlif şəbəkə protokolları istifadə olunmuşdur. Hazırlanmış üsul əsasında mübahisəli halların araşdırılması üçün audit tipli proqram təminatı hazırlanmışdır. Proqram təminatı audit komissiyalarının əsas texniki proqram vəsaiti kimi istifadə üçün nəzərdə tutulmuşdur. İcraçılar- I.M.Əhmədov, Ü.Q.Qurbanlı.
16. Fazi qonşuluq münasibətləri əsasında klasterizasiya məsələlərinin həlli üçün daha effektiv olan yeni bir MFJP (Modified Fuzzy Joint Points) alqoritmi təklif olunmuş və bu alqoritmin bilinən təməl FJP alqoritmindən dəfə daha sürətli olduğu isbat edilmişdir. İcraçı - r.e.d., prof. Ə.N.Nəsibov.
17.Verilənləri tamədədli intervallar olan bir məhdudiyyətli Bul proqramlaşdırması məsələsində optimist, pessimist, suboptimist və subpessimist həll anlayışları verilmiş və bu həllərin qurulması üçün üsullar işlənmişdir. İcraçılar - r.e.d., prof. K.Ş.Məmmədov, A.H.Məmmədova.
18. Mayenin qərarlaşmamış axınının modeli Laqranj yanaşması əsasında işlənmişdir. Ədədi eksperimen-tlər aparmaq üçün "system of systems” idealogiya-sına əsaslanan proqram modulu hazırlanmışdır. İcraçı – r.f.d., dos. Ə.B.Paşayev, r.f.d., dos. E.N.Səbziyev
19.İnnovasiya inşaat materialları istehsalı texnoloji proseslərinin gedişinin dəyişməsinin dinamikasını aşkar etmək üçün informativ əlamətlərin robast çoxluqlarının formalaşdırılması alqoritmləri, texnologiyaları və proqram vasitələri işlənmişdir. Bu da prosesin normal iş rejiminin pozulmasına, buraxılan məhsulun keyfiyyətinin dəyişməsinə nəzarəti və qəza hallarının proqnozlaşdırılmasını təmin edir. İcraçı – t.e.d., prof. N.F.Musayeva, t.f.d. Ü.E.Səttarova, N.E.Rzayeva, Z.Y.Bəşirova.
20. Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) metodologiyasının "sistem təbəqəsi” (proto-freym) və E.Şortlifin ümumməşhur modelindən (NYCIN ekspert sistemi) fərqli olaraq n ≥ 2 halı üçün istifadə olunan "şəhadətnamələr birləşməsi mexanizmi” işlənmişdir. İcraçı – t.f.d., dos. R.Ə.Qarayev.
21. Verilməmiş başlanğıc şərtlər daxilində paylanmış parametrli dinamik sistemlərin ədədi tədqiqi aparılmışdır. Prosesin cari vəziyyətinə başlanğıc şərtlərin təsirinin davam etmə müddətinin məsələnin qoyuluşundakı müxtəlif parametrlərdən asılılığı öyrənilmişdir. Nəzərdə tutulur ki, tədqiqatların nəticələri uzun müddət fəaliyyət göstərən prosesləri, xüsusi halda, neft-qaz yataqlarının istismarı, qazın, mayenin boru-kəməri ilə nəqli zamanı, regionların ekoloji vəziyyətinin monitorinqi və s. məsələlərinin həllində istifadə edilə bilər. İcraçılar – r.e.d., prof. K.R.Ayda-zadə, r.f.d., dos. Y.R.Əşrəfova.
22. Ayrılmamış nöqtəvi və inteqral müşahidələrə malik yüklənmiş adi və xüsusi törəməli xətti diferensial tənliklərə nəzərən tərs məsələlər sinfi tədqiq olunmuşdur. İlkin məsələnin ədədi həlli üçün yanaşma təklif edilmişdir. Bu yanaşma tənliklər sisteminin ölçüsünün artırılmasını tələb etmir və burada iterasiya üsullarından istifadə edilmir. Tədqiqatların nəticələri yeraltı suların, neftin, qazın hərəkət proseslərinin vəziyyətinin tədqiqi zamanı istifadə edilə bilər, bu zaman nəzərə almaq lazımdır ki, yataqların istismarı zamanı xammalın kəmiyyət hesabatı, məsələn, sutka ilə və ya daha uzun dövrdə aparılır. İcraçılar - r.e.d., prof. K.R.Ayda-zadə, r.f.d., dos. Y.Ə.Şərifov, t.f.d., dos. V.M.Abdullayev
23.Qeyri-lokal şərtlərlə verilmiş para-bolik və hiperbolik tip xətti tənliklərə nəzərən əmsaltərs məsələnin ədədi həlli üçün yanaşma təklif olunmuş və əsas-landırılmışdır. Yanaşma düz xətlər üsuluna və sərhəd məsələsinin xüsusi şəkildə qurulmuş həllinə əsaslanır. Bu təsvirdə adi diferensial tənliklər sisteminə nəzərən köməkçi məsələlərin həlli iştirak edir. Tədqiqatların nəticələri zamana görə ani və ya obyektin ayrı-ayrı nöqtələrində vəziyyət ölçülərinin aparılması mümkün olmadığı hallarda yeraltı hidrodinamika, ekoloji və digər proseslərin riyazi modelləşdirilməsi zamanı istifadə oluna bilər. İcraçılar - r.e.d., prof. K.R.Ayda-zadə, r.f.d., dos. S.R.Musayev, r.f.d., dos. A.B.Rəhimov
24.İnsan kompüter dialoq sistem-lərində istifadəçi müraciətinin mə-ramının anlanılması məsələsinin həlli üçün neyro qeyri-səlis nəticə-çıxarma modeli və gizli Markov modeli əsasında hibrid sistem yaradılmışdır. Göstərilmişdir ki, hibrid sistemin nəticəsi bu sistemi təşkil edən individual modellərinin nəticələrindən daha effektlidir. Sistem böyük təşkilatların informasiya-axtarış mərkəzlərində sorğuların kompüter vasitəsilə işlənməsi və sorğunun uyğun şəxsə, altbölməyə ünvanlanması üçün qərarların qəbul edilməsi məqsədi ilə istifadə edilə bilər. İcraçılar - r.e.d., prof. K.R.Ayda-zadə, t.f.d., dos. S.S.Rüstəmov, t.f.d. E.E.Mustafayev.
25. Çoxdəyişənli funksiyaların şərtsiz optimallaşdırılması sistemi hazırlanmışdır. Bu sistem optimallaşdırma proqramları paketinə dialoq və avtomatik intellektual idarə etmə blokuna malikdir. Sistem paralel hesablama texnologiyalarının tətbiqi ilə həyata keçirilmişdir. Sistem müxtəlif praktiki optimallaşdırma, məsələlərinin həlli və qərar qəbuletmə zamanı istifadə oluna, həmçinin avtomatlaşdırılmış və texnoloji prosesləri və texniki obyektləri avtomatik idarəetmə sistemlərində altsistem kimi daxil edilə bilər. İcraçılar - r.e.d., prof. K.R.Ayda-zadə, r.f.d., dos. S.Z.Quliyev, r.f.d., dos. S.Q.Talıbov.
26. İnteqral sərhəd şərti ilə optimal idarəetmə məsələləri öyrə-nilmişdir. Hər bir qeyd olunmuş mümkün idarəedici üçün sərhəd məsələsinin həllinin varlığı və optimallıq üçün birinci və ikinci tərtib zəruri şərtlər tapılmışdır. Alınmış nəticələr atom şualanmasından qorunmaq üçün qurğuların yaradılmasında, riyazi biologiyada, demoqrafik proseslərin modelləıdirilməsində və s. sahələrdə istifadə oluna bilər. İcraçı – r.f.d, dos. Y.Ə.Şərifov.
27. Neftin termokimyəvi hazırlanması qurğusunun səmərəliliyini artırmaq üçün yeni idarəetmə texnologiyası yaradılmısdır. İcraçı - t.e.d. Ab.H.Rzayev
28. Müsbət meyilli mənfi sıçrayışlı semimarkov dolaşma prosesinin paylanmasının zamana görə Laplas, fazaya görə Furye-Stilties çevirməsi üçün analitik ifadə tapılmışdır. İcraçılar - r.f.d. E.A.İbayev, t.f.d. Ş.B.Baxşıyev.
29. Dəm qazı və oxşar klinikaya malik 15 toksiki maddələrlə zəhərlənmələrin diferensial diaqnostikası üçün ikilaylı neyron şəbəkə qurulmuş, öyrədici alqoritm yaradılmış, eksperimentlərlə adekvatlığı təsdiq edilmiş və sistem Respublika Toksikoloji mərkəzində aprobasiyadan keçirilmişdir. İcraçı – r.f.d., dos. G.G.Abdullayeva.
30. Metrik tanınma üsullarına əsaslanan neyron şəbəkələrin modeli təklif edilmişdir. Göstərilmişdir ki, bu şəbəkələr üçün neyronların, təbəqələrin və əlaqələrin sayını, məsələnin ilkin şərtlərinə əsasən, sürətlərin, etalonların və informativ əlamətlərin sayı əsasında analitik təyin etmək mümkündür. Neyron şəbəkənin parametrlərinin analitik üsulla təyin edilməsi parametrlərin optimal seçilmə-sinə və tez bir zamanda şəbəkənin çoxməsələli rejimdə tətbiqinə imkan yaradır. İcraçı – t.f.d., dos. P.Ş.Heydərov
31. Ədədi əlamətləri ilə təsvir edilmiş obyektlərin avtomatik təsnifat məsələsinin optimal həllinin qurulması üçün evolyusion prinsiplərinə əsaslanan, hesablama baxımdan səmərəli yeni alqoritmlər təklif edilmiş, uyğun proqram təminatı yaradılmışdır. Təklif edilən alqoritm geoloji, tibbi, kosmik, sosial-iqtisadi məsələlərin təhlilində istifadə edilə bilər. İcraçı – r.f.d. R.İ.Davudova.
32. Diffuziya əmsalı idarəetmədən asılı olan dəyişən strukturlu stoxastik idarəetmə sistemlərində keçid anları üçün transversallıq şərtləri tapılmış və optimal həll üçün maksimum prinsipi isbat olunmuşdur. İcraçı – r.f.d., dos. Ç.A.Ağayeva.
33. Burulğan tipli enerji lokallaşmalarının tədqiqi məqsədi ilə Ranke-Hilş effektinin riyazi modeli müəllif tərəfindən daxil edilmiş əsil-həll anlayışının tətbiqi ilə qurulmuşdur. İcraçı - t.f.d. Ə.Ə.Axundov.
34. Eninə inersiya effektləri nəzərə alınmaqla, nazik elastiki çubuqlarda uzununa dalğaları təsvir edən Bussinesk-Lyava tənliyini ümumiləşdirən bir psevdoparabolik tənlik üçün qeyri-klassik traktovkada, şərtləri bütün sərhəddə verilən məsələ əsaslandırılmış və onun üçün yeni həll üsulu işlənmişdir. İcraçı – r.f.d., dos. İ.Q.Məmmədov
35. Aller tənliyini, Manjeron tənliyini və digər model tənliklərini ümumiləşdirən bir psevdoparabolik tənlik üçün qeyri-klassik traktovkada final-sərhəd məsələsi əsaslandırılmış və onun üçün yeni həll üsulu təklif edilmişdir. İcraçı – r.f.d., dos. İ.Q.Məmmədov
-
13.03.2025
“Mühəndislik Problemlərinin Həllində Menecment və İdarəetmə” adlı beynəlxalq konfrans (MaCoSEP 2025) keçiriləcək -
06.02.2025
Elmi Şuranın növbəti iclası keçiriləcək -
21.01.2025
İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək -
17.01.2025
20 Yanvar Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçiriləcək