
Novruzun ilk müjdəçisi: Su çərşənbəsi və yaradılış fəlsəfəsi
24.02.2026 / Xəbərlər
Novruz yaradılış bayramıdır. Bu yaradılışın əsasında dörd müqəddəs ünsür – su, od, yel və torpaq dayanır. Novruzun gəlişini müjdələyən ilaxır çərşənbələrin hər birinin məhz bu ünsürlərin adı ilə adlandırılması təsadüfi deyil. Çünki bu ünsürlər təbiətin canlanmasını və yeni həyatın bərqərar olmasını şərtləndirir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Folklor İnstitutunun əməkdaşı filologiya elmləri doktoru, dosent Şakir Albalıyev bildirib. Onun sözlərinə görə, mərhum folklorşünas professor Azad Nəbiyev çərşənbələrin ardıcıllığına aydınlıq gətirib. Alim yazırdı ki, ab-atəş-xak-bad teoloji düzümü həyatvericilik funksiyasını daşıyır. Burada bad-yel (hava, nəfəs) sonuncu olaraq canverici rolda çıxış edir, yəni Yaradan sudan, oddan və torpaqdan ibarət olan Adəm övladına nəfəs üfürməklə ona can verir. Lakin ritual sistemində bu düzüm dəyişir: su və oddan sonra yel torpaqdan əvvələ keçir. Çünki yaz ərəfəsində oyanan su, od və yel birlikdə hərəkətə gələrək yeni məhsulun mənbəyi olan torpağı oyadır. Torpağın oyanması və əkinə hazır olması ilə dörd ünsürün həyatvericilik dövrəsi tamamlanır. Bu silsilənin birincisi Su çərşənbəsidir.
Müsahibimizin fikrincə, xalqımızın təfəkküründə su saflıq və duruluq rəmzi kimi müqəddəsdir. “Qurani-Kərim”də buyurulan “hər bir canlını sudan yaratdıq” ayəsi suyun yaradıcı gücünü dini-mifoloji baxımdan təsdiqləyir. Su çərşənbəsində insanlar gün doğmamış bulaq başına gedər, əl-üzlərini yuyar və evlərinə rəmzi “dirilik suyu” gətirərlər.
“Tədqiqatçı Kəmalə Osmanovanın tərtib etdiyi “Xalq mərasimləri və nəğmələri” kitabında bu günlə bağlı icra olunan nəğmələr suyun həm də mənəvi təmizləyici rolunu vurğulayır. İnanca görə, Novruzda sübh tezdən gətirilən su bərəkətvericidir. Bu su ilə yoğrulan xəmirin ruzisi əskik olmaz”, - deyə Ş.Albalıyev qeyd edib.
O bildirib ki, suyun həm də şəfaverici gücü “Qurd və su” mifində parlaq şəkildə əks olunub: “Mifdə Oğuz oğlunun Su çərşənbəsində Buz bulaqdan götürdüyü su ilə yaralı qurd balasını sağaltması, nəticədə onunla evlənərək nəslinin əbədiyyət qazanması təsvir edilir. Bu, suyun həm fiziki sağalma, həm də soyun yenidən yaradılışındakı rolunu göstərir. Beləliklə, çərşənbə ritualları, mərasim nəğmələri və miflər sübut edir ki, su təkcə fiziki təmizlik vasitəsi deyil, təbiətin və insanın dirçəlişini təmin edən fövqəltəbii yaradıcı qüvvədir”.


