
Akademik Asəf Hacıyevin 70 yaşı tamam olur

Bu gün görkəmli alim, riyaziyyat elmləri doktoru, professor, AMEA –nın həqiqi üzvü Asəf Hacıyevin 70 yaşı tamam olur.
Asəf Hacı oğlu Hacıyev 1951-ci il may ayının 29-da Gəncə şəhərində dünyaya göz açmışdır. 1968-ci ildə Gəncə şəhər 4 saylı orta məktəbini bitirmiş və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1978-ci ildə oranı bitirmişdir.
Alim 1978-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantura, 1989-ci ildə isə doktorantura pilləsini bitirmişdir.
Dünyanın aparıcı alimləri ilə birgə elmi araşdırmalar aparan, elmi əsərlər hazırlayan A. Hacıyev akademik A.N.Kolmoqorovun yaratığı Moskva Ehtimal nəzəriyyəsi məktəbinin yetirməsidir.
A.Hacıyev Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin tələbəsi olaraq 1970-ci ildə elmi fəaliyyətinə bu universitetdə akademik A.N.Kolmoqorovun yaratdığı və rəhbərlik etdiyi Fakültələrarası Statistik Metodlar Laboratoriyasında başlayıb. 1973-cü ildən isə İdarəetmə Sistemləri (Kibernetika) İnstitutunda baş laborant, kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb.
Əmək fəaliyyəti çoxşaxəli olan A.Hacıyev 2001-2015-ci illərdə Bakı Dövlət Universitetinin ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri olmuşdur. 2019-cu ildən Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvüdür.
Akademik dünyanın aparıcı nəşrlərində çap olunmuş 160-dan çox elmi əsərin müəllifidir. A.Hacıyev dəfələrlə dünyanın aparıcı elmi mərkəzlərinin (ABŞ, İsveç, Almaniya, Portuqaliya, Çin, Sinqapur Milli Universiteti, Türkiyə, Bolqarıstan Elmlər Akademiyasının Riyaziyyat və İnfromatika İnstitututu və digərlər müəssisələrin) dəvəti ilə mühazirələr oxumuş, elmi araşdırmalar aparmışdır.
Alim 2011-ci ildə Berkli Universitetində Lütfü Zadənin doğum gününə həsr olunmuş elmi müzakirələrdə dairəvi masanın rəhbəri olmuşdur. O, 2005-ci ildə Ümümdünya Elmlər Akademiyasının (İtaliya), 2008-ci ildə Monqolustan Milli Elmlər Akademiyasının, 2016-cı ildə Moldova Elmlər Akademiyasının və 2011-ci ildə Çenqdu (Çin) Universitetinin Fəxri professoru seçilmişdir. A.Hacıyev 2015-ci ildən Çenqdu Universitetinin Birinci Beynəlxalq Məsləhətçilər Şurasının təsisçisi və üzvüdür.
O, 2011-ci ildə Makao adasında və 2016-cı ildə Lissabonda (Portuqaliya) keçirilən Management Science and Engineering Management Beynəlxalq konfranslarında etdiyi Plenar məruzələrə görə “Grand Prize” mükafatlarına layiq görülmüşdür. 2011-ci ildə “Şpringer” nəşriyyatında nəşr olunmuş “Statistik elmlər ensiklopediyası” kitabında, “Naməlum parametrləri artan reqressiya modelləri” adlı məqalə nəşriyyatın sifarişi ilə A.Hacıyev tərəfindən hazırlanmışdır.
Asəf Hacıyev bir çox beynəlxalq jurnalların redaksiya heyətiinin üzvüdür. O, Londonda nəşr olunan “Management Science and Engineering Management” beynəlxalq jurnalın baş redaktorunun birinci müavini, ABŞ-ın Linkoln universitetində ehtimal nəzəriyyəsi, tətbiqi mexanika və statistika sahəsi üzrə nəşr olunan məqalələrin redaktorudur. “Şpringer” nəşriyyatında nəşr olunmuş 10 kitabın baş redaktorudur. Onun rəhbərliyi altında ilk dəfə olaraq Azərbaycan dilində Ehtimal nəzəriyyəsi Ensiklopediyası və Azərbaycan-İngilis-Rus-Türk dilləri Ehtimal nəzəriyyəsi və riyazi statistika terminləri lüğəti nəşr edilib.
Professor 1988-ci ildə Bernulli adına Ehtimal və Riyazi Statistika Ümumdünya Cəmiyyətinin, 2005-ci ildə Beynəlxalq Statistika İnstitutunun üzvü seçilmişdir. A.Hacıyev 2001-ci ildə AMEA-nın müxbir üzvü və 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. O, 2005-сi ildə Cənubi Qafqaz və Orta Asiyadan Dünya Elmlər Akademiyasına seçilən ilk alimdir.
Görkəmli alim 2001-2015-ci illərdə AMEA-nın Riyyaziyyat üzrə Koordinasiya şurasının və 2005-2015-ci illərdə İdarəetmə Sistemləri İnstitutunun nəzdində fəaliyyət ğöstərən D 01.121 müdafiə şurasının sədri olmuşdur.
Azərbaycanda Ehtimal nəzəriyyəsi məktəbinin yaradılmasının əsasını qoyan alimin ölkəmizdə elmi kadr hazırlığında da müstəsna xidmətləri vardır. Onun rəhbərliyi altında 4 elmlər doktoru və 8 fəlsəfə doktoru dissertasiyası müdafiə edilib. O, Respublikada və bir çox xarici dövlətlərdə müdafiə olunmuş çox saylı doktorluq dissertasiyaları üzrə rəsmi opponent kimi çıxış etmişdir.
Akademik Asəf Hacıyevin elmi tədqiqatlarının ən böyük əhəmiyyəti onların praktik tətbiq imkanları ilə ölçülür. Belə ki, alimin rəhbərliyi altında Azərbaycan hərflərinin kompüter klaviaturasında optimal düzülüşü təklif olunub. Təklif olunan düzülüş Microsoft şirkətinin Windows 8.2 və sonraki versiyalarda ”Azerbaijani standart” adı ilə yerləşdirilib.
Professor 1996-2015 illərdə Azərbaycan Respublikasının Milli Məclisinin Elm və Təhsil komitəsinin üzvü, 2002-2015-ci illərdə isə 12 dövlətdən 77 millət vəkillərinin təmsil olunduğu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Milli Məclisin nümayəndə heyətinin rəhbəri olmuşdur. 2006-2008 və 2011-2013-cü illərdə QDİƏT PA Vitse-Prezidenti seçilmiş və 2015-ci ildən isə (2025-ci ilə qədər) adı gedən təşkilatın baş katibidir. Alim, həmçinin 2008-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. O, 2009-2015-ci illərdə YAP Xarici Əlaqələr Departamentinin rəhbəri, 2013-2021 illərdə isə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü olub.
Dünya elminə mühüm töhfələr bəxş etmiş tanınmış elm xadimi Asəf Hacıyevi 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və yeni uğurlar arzulayırıq!