Xalqa bağışlanmış ömürdən anlar: 1988-1989-cu illər
17.11.2022 /AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
Heydər Əliyevin Moskva həyatı
1969-1982-ci illərdə Azərbaycana uğurla rəhbərlik edən, yüksək təşkilatçılıq qabiliyyəti və cəsarətli ideyaları ilə SSRİ məkanında tanınan Heydər Əliyev 1982-ci il noyabrın 22-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçildi, noyabrın 24-də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Bununla da dahi rəhbərin Moskva həyatı başladı. Ulu Öndər həmin illəri sonralar “Kreml beşilliyi” adlandırdı.
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yürütdüyü siyasi xəttə etiraz olaraq, Heydər Əliyev 1987-ci il oktyabrın 21-də tutduğu vəzifələrdən istefa versə də, bir müddət Moskvada yaşamalı oldu, təqib və təzyiqlərə məruz qaldığı bir vaxtda da Vətəni, xalqı üçün əlindən gələni edirdi.
1988-1989-cu illərdə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə qarşı Sov. İKP MK-nın Baş katibi Mixail Qorbaçov tərəfindən çirkin kampaniya davam etdirilir və onun Vətənə qayıtmasına maneçilik törədilirdi. Pensiyaya çıxmış Heydər Əliyev Moskvada ciddi nəzarət altında yaşayırdı. Dövlət Təhlükəsizliyi Komitəsi onu sovet quruluşu əleyhinə olan bir şəxs kimi təqib edirdi. Heydər Əliyevi ləkələmək yolu ilə siyasi səhnədən tamamilə uzaqlaşdırmağa aramsız cəhdlər göstərilirdi. Bundan əsas məqsəd Mərkəzi hökumətin Azərbaycana qarşı məkrli planını həyata keçirmək idi.
Dahi rəhbər tutduğu bütün vəzifələrdən istefa versə də, bu taleyüklü anlarda qəlbən xalqının yanında idi. Bu səbəbdən də Qorbaçov onu hər vəchlə gözdən salmağa çalışır, Azərbaycan daxilində təfriqə yaratmaqla Ermənistanın təcavüzkar siyasətinin reallaşmasına rəvac verirdi.
Azərbaycanda Heydər Əliyevə qarşı qarayaxma kampaniyası 70-80-ci illərdə vəzifədən çıxarılmış şəxslərin vasitəsilə həyata keçirilirdi. Onlar respublika KP MK-nın Birinci katibi Əbdürrəhman Vəzirovun himayəsi ilə mətbuata, o cümlədən televiziyaya ayaq açır, özlərini “qəhrəman” cildində təqdim edir, hər cür şər-böhtana əl atırdılar. Eyni zamanda, bu çirkin kampaniyaya Mərkəzi mətbuat da cəlb olunmuşdu. Məsələn, “Literaturnaya qazeta”nın 1988-ci il 21 sentyabr nömrəsində dərc olunmuş “Sürəkli alqışlar” (Burnıye aplodisment) sərlövhəli məqalənin müəllifi Arkadi Vaksberq Azərbaycan SSR Ali Sovetində 1978-ci ildə baş vermiş bir məsələni şişirdərək həmin dövr üçün xarakterik hadisə kimi qələmə verirdi. Ali Sovetin sessiyasında Qambay Məmmədovun respublikada qazanılmış nailiyyətlərin üzərinə kölgə salmağa yönəlmiş çıxışına deputatların əksəriyyətinin etirazını çox təmtəraqlı verməklə müəllif ovaxtkı rəhbərlik haqqında neqativ rəy yaratmaq niyyəti güdürdü. Halbuki deputatlar Qambay Məmmədovun çıxışına obyektiv yanaşmışdılar. Onların etirazları televiziya, radio və mətbuat materiallarına, habelə respublika üzrə hər kəsə məlum olan faktlara əsaslanırdı.
Qorbaçov-erməni qruplaşması çirkin kampaniyanı, eyni zamanda, ermənilərin açıq şəkildə bəyan etdikləri Qarabağ məsələsi üzərindən həyata keçirirdilər. Bu məsələ Moskvada ortaya atılan vaxt Heydər Əliyev Qorbaçovla danışmaq, bu mümkün olmadıqda Liqaçov, Çebrikov və Kryuçkovla görüşmək istəmişdi. Məqsəd ortaya Qarabağın Azərbaycan torpağı olduğunu sübut edən sənədləri qoymaq idi. Onlar isə görüşdən boyun qaçıraraq deyirdilər: “Biz Qarabağda erməni-azərbaycanlı münaqişəsi ilə bağlı problemi özümüz həll edəcəyik”.
Lakin Mərkəzi hökumət məsələni həll etmədi, əksinə, ermənilərin daha geniş əl-qol açmasına şərait yaratdı. Bütün bunların nəticəsində, 1988-ci ilin fevralında Azərbaycanda siyasi vəziyyət olduqca gərginləşdi, hadisələr qan tökülməsinə gətirib çıxardı.
1988-ci ilin mart ayında Sov.İKP MK və SSRİ Nazirlər Soveti Dağlıq Qarabağın sosial-iqtisadi inkişafı barədə qərar qəbul etdi. Həmin qərarda Ermənistan rəhbərliyinə Dağlıq Qarabağda işlərə müdaxilə etmək səlahiyyəti verildi. Heydər Əliyev bu qərarı Azərbaycan Respublikasının və xalqının kürəyinə sancılan süngüyə bənzətmişdi.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 1988-ci ilin iyul ayındakı sessiyasında Dağlıq Qarabağ məsələsi müzakirə olundu. Sessiyada Azərbaycandan olan deputatlarla yanaşı, qanunazid olaraq ermənistanlı deputatlar da eyni hüquqda iştirak edirdilər. Heydər Əliyev Ermənistan deputatlarının sessiyada iştirakını tamamilə qeyri-qanuni sayaraq sual edirdi: axı Ermənistandan olan deputatlar hansı hüquqi əsasla orada iştirak etməli idilər?
1989-cu il yanvarın 12-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə formasının tətbiq edilməsi haqqında” fərman verdi. Ermənipərəst Arkadi Volski Xüsusi İdarə Komitəsinin rəhbəri təyin olundu və bununla da Dağlıq Qarabağda Azərbaycanın bütün dövlət orqanlarının səlahiyyətləri dayandırıldı. Arkadi Volski “Sosialistiçeskaya industriya” qəzetinin 1989-cu il 30 aprel tarixli nömrəsində dərc olunmuş müsahibəsində münaqişəni doğuran səbəbləri əsassız olaraq Heydər Əliyevin üzərinə atmağa cəhd göstərirdi.
“Teatralnaya jizn” jurnalının 1989-cu il 29 noyabr tarixli nömrəsində Andrey Karaulovun Heydər Əliyevlə müsahibəsi dərc edildi. Jurnalistin suallarına Heydər Əliyevin cavabları həmin dövrün hadisələri haqqında aydın təsəvvür yaradır. Azərbaycandakı siyasi vəziyyət, bununla bağlı Əbdürrəhman Vəzirovun əsassız bəyanatlarına dair sualları görkəmli dövlət xadimi məntiqi ardıcıllıqla cavablandırmışdı.
Sitat: Vəziyyət heç vaxt indiki kimi mürəkkəb olmayıb... Mən istisna etmirəm ki, belə bəyanatlar Vəzirovun şəxsi incikliyi ilə bağlı deyil. Mənim MK-da işlədiyim dövrdə onun bir çox yaxın qohumları və dostları ayrı-ayrı əməllərinə görə rəhbər vəzifələrdən azad edilmiş və partiya xətti ilə cəzalandırılmışlar. Bundan başqa, Vəzirovun respublika rəhbərliyində yüksək vəzifə tutmağa dair şəxsi istəkləri də təmin edilməmiş qalmışdı.
Deməliyəm ki, əvvəllər Vəzirovun digər baxışları vardı. Mən Siyasi Büronun üzvü seçiləndə o, səfir işlədiyi Nepaldan mənə belə bir məktub yazmışdı: "Sizinlə bağlı olan hər şey burada, Nepalda, buraya gəlib çıxan mətbuata əsaslansaq, Hindistanda və dünyanın digər ölkələrində geniş şəkildə işıqlandırılır. Nepalın bir çox rəsmi şəxsləri ölkənin ən yüksək rəhbərliyinə daxil edilməyiniz münasibətilə məni Sizin yerliniz kimi məxsusi olaraq təbrik edirlər. Mən çox şadam və Sizinlə fəxr edirəm. Əminəm ki, Sizə xas olan parlaq keyfiyyətlər və qabiliyyətlər gələcəkdə daha tez-tez özünü büruzə verəcəkdir". Məndə belə məktublar çoxdur. Sualınıza cavab verərkən qeyd edə bilərəm ki, mənim Azərbaycanda işlədiyim dövrdə respublikanın həyatında hər hansı mürəkkəbləşmə olmamışdı.
Mən Azərbaycandan 1982-ci ildə getmişəm. İndi isə 1989-cu ildir. Respublikada hansısa iş axıracan görülməmişdirsə, onu bu illər ərzində etmək olardı.
Jurnalistin “Sizin özünüz necə hesab edirsiniz, işinizdə hər hansı çatışmazlıqlar vardı” sualına cavab isə Heydər Əliyevin istənilən məsələdə obyektiv mövqe tutduğunu təsdiqləyən daha bir nümunədir.
Sitat: Bəzilərinə belə gəlirdi ki, mən həddən ziyadə tələbkaram, hər şeyə irad tutanam və bu tələbkarlıq bəzən qəddarlığa gedib çıxır. Mən nə deyə bilərəm...
Bununla belə, mən həmişə hesab etmişəm ki, qəbul edilmiş hər bir qərarın real əsası vardır. Təbiətim etibarilə mən həmişə liberallığın əleyhinə olmuşam... Bəli, liberallığın əleyhinə. Mən, məsələn, həmişə insanlara yüngül münasibət bəsləyən şəxslərə pis yanaşmışam. Mənim üçün ən ağrılı məsələ kadr işində buraxılmış səhvlərdir - 70-ci illərdə formalaşmış və tərəfimizdən məsul vəzifələrə irəli çəkilmiş şəxslərin özünü doğrultmaması və sui-istifadə hallarına yol verməsi hallarıdır. Biz, təkrar edirəm, heç vaxt “mundir şərəfi”nin müdafiəsinə qalxmamışıq. İndi fəaliyyət göstərən kadr korpusu əsasən bizim 70-ci illərdə formalaşdırdığımız şəxslərdən ibarətdir. Gəncləri Moskva və ölkənin digər şəhərlərinin ali məktəblərinə xüsusi olaraq göndərirdik. Respublikanın gələcəyini düşünərək bu məsələlərlə şəxsən özüm məşğul olurdum.
Müsahibədə Heydər Əliyevin yaradıcı insanlara qayğıkeş münasibəti də əksini tapıb. Jurnalistin Azərbaycanda yaradıcı ziyalılar içərisində dissidentlərin olub-olmadığı ilə bağlı sualına verdiyi cavab bu baxımdan diqqət çəkir.
Sitat: Ayrılıqda götürdükdə bizdə dissidentlər olmayıb. Lakin, bəlkə də, dissidentlər ona görə olmayıb ki, biz onları ümumiyyətlə axtarmırdıq.
Dahi rəhbərin həmin müsahibədə səsləndirdiyi bu fikir isə bütün zamanlar üçün aktualdır: Həmişə insanı vəzifədə olarkən tənqid etmək lazımdır ki, o, öz qüsurlarını düzəldə bilsin, işini yaxşılaşdıra bilsin. Təqaüdə çıxdıqdan sonra tənqid etmək xüsusi cəsarət tələb etmir, və heç fikirləşmirəm də ki, o, haradasa xeyir verə bilər.
Jurnalistin “Əgər siz Azərbaycanın rəhbəri olsaydınız, necə düşünürsünüz, indiki vəziyyət mümkün olardımı” sualına cavabı isə xalqına qəlbən bağlı olan görkəmli dövlət xadiminin, eyni zamanda, səmimi düşüncələridir.
Sitat: Mən təqaüddəyəm. İndi Azərbaycanda nə baş verdiyini, xalqımın həyatının necə mürəkkəbləşdiyini böyük təəssüf hissiylə izləyirəm. Bütün bunlar məni son dərəcə ağrıdır. Mən bərk mütəəssir oluram. Əgər bilmək istəyirsinizsə, bu, mənim üçün faciədir...
Bu fikirləri dahi rəhbər Heydər Əliyev 1989-cu ildə söyləmişdi. Sonralar daha mürəkkəb və ağrılı proseslər baş verdi - 1990-cı ilin Yanvar qırğını, müstəqilliyin ilk illərinin çətinlikləri, respublikada hökm sürən hərc-mərclik, Qarabağın Ermənistan tərəfindən işğalı, bir sıra xarici qüvvələrin Azərbaycanı dövlət kimi yox etmək cəhdləri... Böyük təhlükələrlə üz-üzə qalan xalqımız xilasını yenə Heydər Əliyevdə görəcək və onu köməyə çağıracaqdı. Bütün bunlar hələ qabaqda idi...