Xalqa bağışlanmış ömürdən anlar: 1993-cü il yanvar-iyun
23.11.2022 /AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü
1990-cı ilin əvvəllərində ağır vəziyyətə düçar olmuş Azərbaycan xalqının yanında olmağa qərar verən Ulu Öndər Moskvadan Vətənə qayıtdı. Ovaxtkı rəhbərlik onun paytaxta yolunu kəsdiyi üçün iyulun 22-də doğma yurdu Naxçıvana getdi. Çox keçmədən muxtar respublikanın Ali Sovetinə və Azərbaycan SSR Ali Sovetinə Naxçıvandan deputat seçildi. Onun təşəbbüsü ilə üçrəngli bayrağımız 70 illik imperiya dövründə ilk dəfə Naxçıvanda ucaldıldı. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Heydər Əliyev muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu.
1993-cü ilin iyununda - Azərbaycan çox qorxunc təhlükələrlə üz-üzə qaldığı bir vaxtda xalq öz Ulu Öndərini köməyə çağırdı. Vətənin ağır vəziyyətinə biganə qala bilməyən Heydər Əliyev iyunun 9-da Bakıya gəldi.
20 yanvar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Qanlı Yanvar faciəsinin 3-cü ildönümü ilə əlaqədar Naxçıvandakı Şəhidlər xiyabanında keçirilən mitinqdə çıxış etdi.
27 yanvar. “Nezavisimaya qazeta”nın müxbirinə müsahibə verdi.
2 fevral. BMT-nin Azərbaycandakı nümayəndəsi Mahmud əl-Səidi qəbul etdi.
4 fevral. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Maylsı qəbul etdi.
13 fevral. YAP-ın Bakıdakı qərargahında partiya təəssübkeşləri ilə ilk görüşü keçirildi.
18 fevral. Böyük Britaniyanın Rusiyadakı səfiri Brayan Folla Moskvada görüşdü.
3 mart. Bakıda olarkən Türkiyənin Azərbaycandakı səfiri Altan Karamanoğlu və ABŞ-ın Azərbaycandakı səfiri Riçard Mayls ilə ayrı-ayrılıqda görüşdü.
8 mart. İranın Naxçıvanda Konsulluğunun açılış mərasimində çıxış etdi.
11 mart. Böyük Britaniyanın Azərbaycandakı səlahiyyətli nümayəndəliyinin rəhbəri Harold Fomstounu qəbul etdi.
12 mart. Naxçıvanda blokada nəticəsində yaranmış iqtisadi vəziyyətə həsr olunmuş müşavirə keçirdi.
16-19 mart. İran İslam Respublikasında rəsmi səfərdə oldu.
1-2 aprel. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin iclaslarında çıxış etdi.
10 aprel. YAP-ın mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetinin nəşrə başlaması münasibətilə təbrik teleqramı göndərdi.
16 aprel. Türkiyənin Naxçıvana yaxın bölgələrinə səfər etdi.
23-25 aprel. Ankarada Türkiyənin Baş naziri Süleyman Dəmirəllə görüşdü.
2 may. “Moskovskiye novosti” qəzetinə müsahibə verdi.
19 may. Məkkəyə yola düşən zəvvarları qəbul etdi.
26 may. Amerika Beynəlxalq Yardım və İnkişaf Agentliyinin nümayəndələri ilə görüşdü.
27 may. Azərbaycan Xalq Cümhuriyyətinin 75 illiyi münasibətilə təntənəli yığıncaqda çıxış etdi.
7 iyun. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin və Nazirlər Kabinetinin Gəncə hadisələrinə həsr olunmuş birgə iclasında çıxış etdi.
20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməməsi ulu öndər Heydər Əliyevi çox düşündürən məsələlərdən biri idi. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi keçirdiyi bütün görüşlərdə və çıxışlarında bu faciədən bəhs edir, sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı hərbi və siyasi təcavüz edildiyini vurğulayırdı. Ulu Öndər 1993-cü ildə Qanlı Yanvar faciəsinin 3-cü ildönümü ilə əlaqədar Naxçıvandakı Şəhidlər xiyabanında keçirilən mitinqdə çıxış etdi.
Sitat: O günün, o gecənin, o tarixi hadisənin mənası vətəninin, xalqının azadlığını müdafiə edərək həyatını qurban vermiş adamların dünyadan getməsi ilə tamamlanmır. Bu faciə Azərbaycan xalqına qarşı yönəldilmiş siyasi, hərbi və mənəvi təcavüz idi. Bu, Azərbaycan xalqının qüdrətini, iradəsini qırmağa yönəldilmiş əməliyyat idi.
Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə muxtar respublikanın dünyanın digər ölkələri və beynəlxalq qurumları ilə münasibətlərinin əsası qoyuldu. Dahi rəhbər blokada şəraitində olan muxtar respublikanı vəziyyətdən çıxarmaq üçün bütün mümkün vasitələrdən istifadə edirdi. Təkcə 1993-cü ilin fevral ayında BMT-nin Azərbaycandakı nümayəndəsi Mahmud əl-Səidin, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Maylsın və digər xarici nümayəndə heyətlərinin Naxçıvana gəlməsi real vəziyyətin, Ermənistanın təcavüzkar hərəkətləri haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan ətrafında yaranmış informasiya blokadasının aradan qaldırılması baxımından atılan önəmli addımların nəticəsi idi.
Amerika diplomatı Riçard Mayls müsahibələrindən birində Naxçıvana səfəri barədə belə demişdi: “Naxçıvan Muxtar Respublikası Azərbaycan ictimai-siyasi həyatında mühüm və əhəmiyyətli rol oynadığı üçün ilk tanışlığı buradan başlamağı qərara aldım. Bir də mən Heydər Əliyevin adını eşitmişdim, böyük nüfuzundan xəbərdar idim, şəxsən tanış olmaq arzum vardı. Biz onunla faydalı söhbətlər apardıq. Məndə xoş təəssürat oyatdı”.
Ulu Öndər ağır blokada şəraitində olan Naxçıvanın dirçəldilməsi üçün qardaş Türkiyə ilə münasibətlərə xüsusi diqqət yetirirdi. Heydər Əliyev aprelin 16-da Türkiyəyə işgüzar səfəri çərçivəsində İqdır vilayətində oldu. Naxçıvana qayıtdıqdan sonra muxtar respublikada ərzaq qıtlığı ilə əlaqədar Türkiyənin kənd təsərrüfat naziri Nəcməddin Cevheri ilə telefonla danışdı.
Heydər Əliyev Naxçıvanın qonşu İranla əlaqələrinə də diqqət yetirirdi. 1993-cü il martın 8-də Naxçıvanda İran Konsulluğu açıldı. Martın 16-19-da İrana səfər edən Heydər Əliyev İran Prezidenti ilə, energetika və kooperasiya nazirləri ilə görüşdü. Təbrizdə Şərqi Azərbaycanın ostandarı Əli Əbdüləlizadə ilə əməkdaşlıq haqqında protokol imzaladı. Xudafərin-Culfa istiqamətində çəkilən yolun vəziyyəti ilə tanış oldu.
Ümumiyyətlə, Azərbaycan üçün çox ağır olan həmin dövrdə Heydər Əliyev Yeni Azərbaycan Partiyasının Sədri kimi YAP-ın təşkilati işlərində də vaxt tapıb iştirak edir, respublikanın gələcəyi ilə bağlı fikirlərini bölüşürdü. Aprelin 10-da YAP-ın mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetinin nəşrə başlaması münasibətilə təbrik teleqramı göndərdi. Dahi rəhbərin məsləhətləri, onun siyasi sistemin inkişafı və ölkəmizdə mövcud problemlərin aradan qaldırılması barədə düşüncələri qəzetin fəaliyyət istiqamətini müəyyənləşdirdi.
Heydər Əliyevin muxtar respublika üçün gördüyü böyük işlər KİV nümayəndələrində maraq doğururdu. Onlar görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevlə görüşərək müsahibə almağa can atırdılar. 1993-cü il yanvarın 27-də “Nezavisimaya qazeta”, mayın 2-də “Moskovskiye novosti” qəzetində dərc olunmuş müsahibələrində səsləndirilən fikirlər bu gün də aktualdır:
Tarixin dərslərini, cəmiyyətin qırmızılara və ağlara bölünməsinin nəyə gətirdiyini unutmaq olmaz. Keçmişə irad insanların bölgüsündə əsas tutulmağa layiq olan meyar deyil...
Demokratiya dövlət prinsipləri və etika qaydaları kompleksindən ibarətdir. Bu təcrübəyə məhəl qoymamaq olmaz. Onu da deyim ki, yüksək mənəviyyat, siyasi mədəniyyət və məsuliyyət olmayan yerdə əsl demokratiya qeyri-mümkündür...
Tarixin bizə demokratik və əsl hüquqi bir cəmiyyət qurmağa imkan verdiyi bir dövrdə siyasi mübarizənin yalnız mədəni üsullarından istifadə edilməlidir. Ağlın və zehnin gücü, professionallıq və nəhayət, müdriklik siyasi mübarizənin əsas vasitələri olmalıdır...
“Keçmişlərin” böyük siyasətə qayıtması bütün dünyada normal hal sayılır. Yadınızdadır, Çörçill nə demişdir: “Əgər İngiltərənin mənafeyi tələb edərsə, mən öz dünya baxışlarımı üç dəfə dəyişməyə hazıram”. Dövlət xadimləri təkcə bu adı daşımaq yox, həqiqətən dövlət xadimi olmaq istəyirlərsə bunu rəhbər tutmalıdırlar...
Öz xalqına kimin və necə xidmət etdiyini isə tarix aydınlaşdırıb qiymət verəcək.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını 70 illik imperiya dövründə ilk dəfə Naxçıvanda ucaldan Heydər Əliyev dövlətçilik tariximizdə onun rolunu yüksək qiymətləndirirdi. Cümhuriyyətin 75 illiyi münasibətilə Naxçıvanda keçirilmiş tədbirdəki çıxışı bunun bariz nümunəsidir.
Sitat: Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində əhəmiyyətli rol oynamışdır. Fəaliyyəti qısa bir dövrü əhatə etsə də, ilk milli-demokratik hökumət xalqın həyatında böyük dəyişikliklərin başlanğıcı oldu...
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və onun müvəffəqiyyəti məhz uzun əsrlər boyu xalqın müstəqillik və azadlıq idealının həyata keçirilməsi yolunda ilk addım kimi böyük əhəmiyyətə malikdir və biz bunu yüksək qiymətləndiririk.
1993-cü ilin 4 iyun Gəncə hadisələri Azərbaycanda hakimiyyət böhranının daha da dərinləşməsinə gətirib çıxardı. Bu hadisələr Ulu Öndərin hədsiz narahatlığına səbəb oldu. O, iyunun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin və Nazirlər Kabinetinin Gəncə hadisələri ilə bağlı birgə iclasında çıxış etdi. Qəbul edilən bəyanatda Gəncədə baş verənlərdən dərin narahatlıq ifadə olunur, qardaş qanı tökülməsi pislənilir, milli birliyə və vətəndaş həmrəyliyinə çağırış edilirdi.
Ölkənin bu taleyüklü anında xalqın yeganə ümidi Heydər Əliyev idi və xalqımız öz böyük oğlunu təkidlə Bakıya çağırırdı.
Sonralar “Rossiyskiy fermer” qəzetinin müxbiri ilə söhbətində Heydər Əliyev Naxçıvandakı fəaliyyəti haqqında belə deyəcəkdi: “Öz adıma artıq heç bir şey çıxmayaraq, deyə bilərəm və həyatda fəxr etməyə həqiqətən dəyər ki, mən həmin müddət ərzində Naxçıvanı müharibədən qorudum”.