Xalqa bağışlanmış ömürdən anlar: 1997-ci ilin iyunu
17.02.2023 /AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
1 iyun. Prezident Heydər Əliyev Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə keçirilən tədbirdə çıxış etdi.
3 iyun. Bakı İdman-Konsert Kompleksində “Xəzərneftqaz - 97” beynəlxalq sərgisinin və konfransının açılış mərasimində iştirak etdi.
10-11 iyun. Qazaxıstan Respublikasında rəsmi səfərdə oldu.
16 iyun. 1992-ci ilin fevral-may aylarında faciəli günlər yaşamış məcburi köçkünlərin bir qrupu ilə görüşdü.
18-19 iyun. Özbəkistanda rəsmi səfərdə oldu.
28 iyun. Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı gününün təsis edilməsi münasibətilə Milli Təhlükəsizlik Nazirliyində keçirilən tədbirdə çıxış etdi.
Azərbaycanda uşaqların sağlam, firavan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev daim uşaqlara böyük qayğı və diqqət göstərib, onların ən böyük himayədarı olub. Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülüb, müvafiq qanunvericilik aktları qəbul edilib.
Böyüməkdə olan nəslin sağlam, firavan, xoşbəxt yaşaması Ulu Öndərin dövlət siyasətinin prioritet istiqamətlərindən idi. 1997-ci il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən bayram şənliyində Ulu Öndərin çıxışı bu baxımdan diqqəti cəlb edir.
Uşaqların müdafiəsi və onlara göstərilən qayğının əhəmiyyətindən danışan Ümummilli Lider deyirdi ki, biz xalqımızın, ölkəmizin həyatında olan bu çətinlikləri aradan qaldıraraq və iqtisadiyyatımızı inkişaf etdirərək, xalqımızın rifah halını yaxşılaşdıraraq, cəmiyyətimizdə insanların rahat yaşaması üçün şərait yaradaraq, ictimai-siyasi sabitlik yaradaraq həm bütün cəmiyyətimiz haqqında düşünürük və ilk növbədə uşaqları fikirləşirik.
Sitat: “Uşaqlar, gənclər xalqımızın, müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyidir. İndi Azərbaycanda yaşayan uşaqlar ölkəmizi XXI əsrdə irəliyə aparacaqlar, Azərbaycanın müstəqilliyini qoruyacaqlar, inkişaf etdirəcəklər. Bugünkü gənc nəsil bir neçə vaxtdan sonra respublikamızın bir çox sahələrində xalqımızın, ölkəmizin böyük-böyük vəzifələrini öz üzərinə götürəcək və müstəqil respublikamızı, dövlətimizi yaşadacaq, gələcəyə aparacaqdır. Ona görə də uşaqlara qayğı, diqqət hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur”.
Belə də oldu. Müstəqillik dövründə yetişən gənc nəsil bu gün Azərbaycanın inkişafında müstəsna rol oynayır. Gənclərə etimad göstərilir, onlar vəzifələrdə irəli çəkilir. Qırx dörd günlük Vətən müharibəsində qazanılan parlaq Qələbəyə görə məhz gənc nəslə borcluyuq. Həmin vətənpərvər gənclər öz qanları, canları bahasına torpaqlarımızı işğaldan azad etdilər, Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdilər.
1994-cü ildən başlayaraq Bakıda təşkil olunan “Xəzərneftqaz” sərgiləri ənənə halını aldı. Azərbaycanda, Xəzər hövzəsində neft və qaz hasilatına həsr olunmuş sərgi və konfrans neft hasilatı, bu prosesin texnika və texnologiyası sahəsində dünyanın iri neft şirkətlərinin əldə etdikləri nailiyyətlərlə, eyni zamanda, Azərbaycan neft sənayesinin tarixi və nailiyyətləri ilə tanış olmaq baxımından mühüm əhəmiyyət kəsb edirdi. Ulu Öndər bir qayda olaraq bu tədbirlərin açılışında iştirak edir, fikirlərini sərgi və konfrans iştirakçıları ilə bölüşürdü.
1997-ci il iyunun 3-də Bakıda dördüncü “Xəzərneftqaz” sərgisi və konfransı keçirildi. Açılış mərasimində çıxış edən Ulu Öndər bu tədbirin Bakıda keçirilməsini ölkəmizin neft-qaz sənayesinə və Azərbaycan neft sənayesinin tarixinə, ənənələrinə göstərilən böyük diqqət və marağın təzahürü kimi dəyərləndirdi. Məmnunluqla qeyd etdi ki, bu sərgiyə və konfransa maraq ilbəil artır. Əgər 1994-cü ildə keçirilən ilk sərgidə 11 ölkəni təmsil edən 117 şirkət iştirak edirdisə, artıq dördüncü beynəlxalq sərgidə 25 ölkəni təmsil edən 250 şirkət iştirak edir.
Sitat: "Xəzərneftqaz" sərgisi təntənəli bir mərasim deyil. Bu, işgüzar bir tədbirdir, görüşdür. Əgər Azərbaycanın paytaxtı Bakıda keçirilən bu sərgiyə dünya ölkələri və şirkətləri, xüsusən neft və qaz sənayesi ilə məşğul olan şirkətlər tərəfindən maraq bu qısa müddətdə bu qədər sürətlə artıbsa, demək, bunun çox böyük əhəmiyyəti var. Biz, Azərbaycan hökuməti ev sahibi kimi dördüncü dəfə "Xəzərneftqaz" beynəlxalq sərgisinin Azərbaycanda, Bakıda keçirilməsindən çox məmnunuq və bunu ölkəmizin neft-qaz sənayesinə və Azərbaycan neft sənayesinin tarixinə, ənənələrinə göstərilən böyük diqqət və marağın təzahürü hesab edirik. Bu, eyni zamanda, onu göstərir ki, qədim neft diyarı kimi Azərbaycanın neft və qaz sənayesi sahəsi bu gün də özünün dünya miqyasındakı böyük rolunu saxlayıb və Azərbaycan neft və qaz sənayesinin həm tarixinə, ənənələrinə, həm də bugünkü imkanlarına dünyada böyük maraq var”.
1997-ci ilin iyunu Ulu Öndərin Qazaxıstan Respublikasına rəsmi səfəri ilə də yadda qaldı. Səfər çərçivəsində Heydər Əliyev qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə görüşdü. Qazaxıstanla Azərbaycan arasında bir çox mühüm sənədlər, o cümlədən əməkdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında bəyannamə imzalandı. Ulu Öndərə Əl-Fərabi adına Qazax Milli Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim edildi. Heydər Əliyev hər bir xarici səfərində olduğu kimi, Qazaxıstanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə də görüşdü.
Hazırda Azərbaycan-Qazaxıstan münasibətləri, eləcə də türk dövlətlərinin əməkdaşlığının yüksəliş dövrünü yaşayır. Prezidentlərin qarşılıqlı səfərləri, Türk
Dövlətləri Təşkilatının getdikcə genişlənən fəaliyyəti başlanğıcı illər öncə Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin uğurlu nəticəsidir.
Bu sıraya 1997-ci ilin iyunda Ulu Öndərin Özbəkistan Respublikasına rəsmi səfəri də əlavə edilə bilər. Zəngin proqrama malik səfər çərçivəsində Heydər Əliyev Özbəkistan Prezidenti İslam Kərimovla görüşdü, onunla birgə mətbuata bəyanat verdi. Həmçinin Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrında Arif Məlikovun “İki qəlbin dastanı” baletinə tamaşa etdi. Ulu Öndər Özbəkistanda Azərbaycan səfirliyinin binasının açılışı mərasimində çıxış etdi, diasporumuzun nümayəndələri ilə görüşdü.
Səfər zamanı Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi haqqında bəyannamə, əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın yaradılması haqqında protokol imzalandı.
1992-ci ilin fevral-may ayları Azərbaycan tarixində bir sıra faciəvi hadisələrlə yadda qalıb. Bunu daim xatırlayan Ulu Öndər 1997-ci il iyunun 16-da həmin qanlı hadisələrin şahidi olmuş, faciəni şəxsən yaşamış bir qrup qaçqınla, həmçinin telejurnalistlərlə görüşdü. Görüşdəki çıxışında 1992-ci ilin o faciəli günlərini xatırladaraq dedi: “Siz o dəhşətli günləri yaşamısınız və o dəhşətli günlərdə də öz iradənizi, cürətinizi, cəsarətinizi itirməmisiniz. Ağlınız yerində olubdur ki, o dəhşətli günlərdə eyni zamanda o qədər cəsarətli sözlər də demisiniz, xalqı o vəziyyətdən çıxarmaq yollarını görmüsünüz və heç kəsdən qorxmadan, çəkinmədən bunu da açıq-aydın demisiniz. Bu cəsarətinizə, iradənizə, dəyanətinizə görə mən sizə təşəkkür edirəm. Ona görə yox ki, siz orada Heydər Əliyevin adını çəkmisiniz, ona görə ki, o ağır vəziyyətdə çıxış yollarını görmüsünüz. Bir tərəfdən ədalətsizliyi, faciəni görmüsünüz, bir tərəfdən də ümid yolunu görmüsünüz. Bunlar hamısı çox qiymətlidir. Şücaətinizə, ədalətinizə, qəhrəmanlığınıza görə sizi bir daha təbrik edirəm, sizə təşəkkür edirəm”.
Ulu Öndər çıxışında onu da vurğuladı və əmin etdi ki, onun ali məqsədi Azərbaycanı bu bəladan qurtarmaq, işğal olunmuş torpaqları azad etmək və qaçqınları doğma yurdlarına qaytarmaqdır.
Sitat: “Sizin hər biriniz öz torpağınızı sevirsiniz, öz torpağınıza qayıtmaq istəyirsiniz, – bu, təbiidir. Amma mən isə bütün Azərbaycan xalqının məsuliyyətini öz üzərimə götürmüşəm. Bu, mənim daxili mənəviyyatımdır, həyatımdır. Mən həyatımın məqsədini bunda görürəm, başqa heç bir şeydə yox. Məni indi həyatda başqa heç bir şey maraqlandırmır: yaşayışım yaxşıdır-pisdir, işim çoxdur, yoruluram ya yorulmuram, əziyyət çəkirəm çəkmirəm. Əziyyət çəkməliyəm. Mən bu əziyyəti çəkmək üçün doğulmuşam. Hər adamın bir taleyi var, bu da mənim taleyimdir. Mən də taleyimdən razıyam, baxmayaraq ki, sizin kimi mən də köçkün olmuşam, qaçqın vəziyyətində yaşamışam, sürgün olunmuşam”.
Ulu Öndər bu məqsədə doğru qətiyyətlə irəliləyir, gələcəyə hesablanmış addımlar atırdı. Bunun nəticəsi olaraq güclü Azərbaycan və güclü ordu yarandı. Məhz həmin ordu bu sözlərin deyildiyi vaxtdan 23 il sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə torpaqlarımızı işğaldan azad etdi. Bu gün isə həmin torpaqlar - düşmənin darmadağın etdiyi şəhər və kəndlər sürətlə yenidən qurulur, lazımi infrastruktur yaradılır. O yerlərə həyat yenidən qayıdır, Böyük Qayıdış istiqamətində ilk addımlar atılır. Yüz minlərlə məcburi köçkünün doğma yurda qayıdacağı gün heç də uzaqda deyil.