Xalqa bağışlanmış ömürdən anlar: 1999-cu ilin apreli
01.05.2023 /AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
2-3 aprel. Prezident Heydər Əliyev MDB ölkələrinin Dövlət Başçılarının Zirvə görüşündə iştirak etmək üçün Rusiyada səfərdə oldu.
4 aprel. Bakının “Şən və hazırcavablar klubu”nun konsertinə baxdı.
7 aprel. Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidzeni qəbul etdi. Gürcüstan jurnalistlərinin suallarını cavablandırdı.
8 aprel. “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının növbəti iclasında nitq söylədi.
9 aprel. İçərişəhərdə İtaliya səfirliyinin açılış mərasimində iştirak etdi.
10 aprel. ABŞ ilə Azərbaycan arasında Təhlükəsizliyə dair dialoqun növbəti mərhələsində iştirak edən ABŞ nümayəndə heyətini qəbul etdi.
14 aprel. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Zərifə xanım Əliyeva” kitab-albomunun təqdimat mərasimində iştirak etdi.
17 aprel. Gürcüstanda işgüzar səfərdə oldu. Bakı-Supsa ixrac boru kəmərinin, Supsa yerüstü terminalının və Varna-Poti-Batumi-İliçovsk bərə keçidinin rəsmi açılış mərasimində nitq söylədi.
22-29 aprel. NATO-nun 50 illik yubiley tədbirlərində iştirak etmək üçün ABŞ-da səfərdə oldu.
Prezident Heydər Əliyev Azərbaycanın üzv olduğu bütün beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan münaqişəsinə ədalətli qiymət verilməsinə çalışır, problemi dərinləşdirən qüvvələri, iri dövlətlərin birtərəfli mövqeyini cəsarətlə tənqid edirdi. Onun 1999-cu il aprelin 2-3-də MDB ölkələrinin Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Moskvada olarkən Rusiyanın Baş naziri Yevgeni Primakov ilə görüşündə söylədiyi fikirlər bunu bir daha təsdiqləyir: “...Rusiya – həm MDB Ölkələri Dövlət Başçıları Şurasının sədri kimi, həm də Minsk qrupunun həmsədri kimi Azərbaycana və Ermənistana daim eyni münasibət göstərməli və hansısa tərəfə heç vaxt xüsusi yardım və ya kömək etməməlidir. Biz Rusiyanın gizli olaraq Ermənistana külli miqdarda müasir hərbi silahlar verməsindən xəbərdarıq və bu, bizi olduqca narahat edir. Azərbaycan Respublikasının Prezidenti kimi, mən dövlətimizin və xalqımızın adından Rusiyanın bu addımını bir daha qətiyyətlə pisləyirik və bunun regionun digər ölkələri üçün də böyük təhlükə yaratdığını nəzərinizə çatdırırıq”.
Ulu Öndər müstəqil Azərbaycanın beynəlxalq təşkilatlarda fəal təmsil olunmasına diqqət yetirməklə yanaşı, ölkəmiz barədə həqiqətlərin dünyaya çatdırılmasında mötəbər kürsülərdən bir vasitə kimi istifadə edirdi. NATO-nun 50 illik yubileyi mərasimlərində iştirak etmək üçün ABŞ-a yola düşməzdən əvvəl aprelin 22-də Binə Hava Limanında jurnalistlərdən birinin “Qarşıdakı səfər NATO–Azərbaycan əlaqələrinin inkişafına və regionda sülhün, təhlükəsizliyin təmin olunmasına necə təsir göstərəcəkdir” sualına cavabı bu baxımdan diqqət çəkir: “Bilirsiniz ki, bizim bütün səfərlərimizdə məqsədimiz birinci, Azərbaycanın reallığını bütün ölkələrə, dünyaya çatdırmaq, Azərbaycanın inkişafı üçün bütün bu imkanlardan istifadə etmək, ən əsası isə Azərbaycanda sülhün, əmin-amanlığın təmin olunması üçün, bölgədə münaqişənin, xüsusən Ermənistan–Azərbaycan münaqişəsinin ləğv olunması üçün lazımi addımlar atmaqdır. Məqsədimiz budur. Güman edirəm ki, bu, bizim üçün xeyirli olacaqdır”.
Dahi rəhbərin ABŞ-a səfəri çox məhsuldar oldu. Təkcə səfər proqramına nəzər yetirmək kifayət edər: ABŞ-ın senatorları və görkəmli ictimai-siyasi xadimlərlə birgə ziyafətdə iştirak etmək, Hərbi Dəniz Akademiyasının rektoru vitse-admiral Con Rayanla görüş, kursantlar qarşısında çıxış, “Vaşinqton post” qəzetinin müxbirinə müsahibə, NATO-nun yubiley tədbirlərində iştirak, GUAM ölkələri başçıları, ABŞ Prezidenti Bill Klinton, dövlət katibi Madlen Olbrayt, Fransa, Bolqarıstan, Polşa, Latviya prezidentləri, Norveç və Belçikanın Baş nazirləri ilə görüşlər...
Qeyd edək ki, Heydər Əliyev aprelin 26-da NATO-nun 50 illik yubileyinə həsr olunmuş Zirvə görüşündə çıxışı zamanı Ermənistanın təcavüzkar siyasətinə diqqət çəkərək Azərbaycan torpaqlarının iyirmi faizə qədərinin işğal edildiyini, bir milyondan çox həmvətənimizin öz ərazisində etnik təmizləməyə məruz qaldığını və qaçqın vəziyyətinə düşdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırdı. Eyni zamanda, Azərbaycanın “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini və Azərbaycanın Şimali Atlantika Alyansı ilə münasibətlərinin daha da dərinləşdirilməsinə öz tərəfindən hər cür kömək göstərəcəyini bəyan etdi.
Dahi rəhbər Azərbaycanın haqq səsini ABŞ senatorları və görkəmli ictimai-siyasi xadimləri ilə görüşdə də çatdırdı, Konqresin qəbul etdiyi 907-ci düzəlişi tarixi ədalətsizlik adlandırdı: “Mən ölkəmizin sosial-iqtisadi inkişafına mənfi təsir göstərən bədnam 907-ci düzəliş barədə söhbət açmaq istəyirəm. Vaxtilə erməni lobbisinin səyləri sayəsində ABŞ Konqresi tərəfindən qəbul edilmiş bu sənəd Azərbaycan xalqına qarşı tarixi ədalətsizlikdir”.
Qeyd edək ki, həmin görüşdə ABŞ Senatının üzvləri – Senatın Büdcə Komitəsinin sədri Pit Dominiçi, Silahlı Qüvvələrə Yardım Komitəsinin sədri Con Uorner, Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Komitəsinin sədri Riçard Luqar, İdarəetmə Məsələləri Komitəsinin sədri Ared Tompson, həmçinin senatorlar Ted Kokren, Pol Koverdell, ABŞ-ın keçmiş dövlət katibi səfir Lourens İqlberger, görkəmli ictimai xadim Hovard Beyker və səfir Corc Krenvell Montqomeri iştirak edirdilər.
Ulu Öndərin bu cəsarətli çıxışı senatorlarda müsbət reaksiya doğurdu. Onlar Heydər Əliyevin dövlətçilik fəaliyyətinə, açıq və cəsarətli mülahizələrinə, fikir mübadiləsi aparmaq məharətinə məftun olduqlarını dilə gətirdilər, onun barəsində digər yüksək fikirlər səsləndirdilər. İki sitata nəzər salaq.
Hovard Beyker: Siz həmişə olduğu kimi, yenə də bizi valeh etdiniz. Biz Sizin iradənizə, cəsarətinizə heyranıq və qeyd etdiyimiz kimi, dünyanın çox təhlükəli bir regionunda yerləşən dövlətinizə necə rəhbərlik etdiyinizə vurğunuq. Bizim bir çoxumuz Sizin ölkənizdə olmuşuq. Biz Sizin çox yüksək qonaqpərvərliyinizə, açıq və cəsarətli mülahizələrinizə, fikir mübadiləsi aparmaq məharətinizə məftunuq. Dövlətiniz zəngin təbii sərvətlərə malikdir. Sizin böyük xidmətləriniz sayəsində ABŞ ilə Azərbaycan arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələri yaranmışdır və ölkələrimizin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. ABŞ ilə Azərbaycanın bütün sahələrdə, o cümlədən Xəzərin enerji ehtiyatlarından istifadə sahəsində əməkdaşlığının gündən-günə genişlənməsi bizi sevindirir.
Lourens İqlberger: Dünyada çox az prezident olubdur ki, onlarla görüşlərdən sonra mən belə qənaətə gəlmişəm ki, nə isə öyrəndim. Siz sayca çox az olan belə prezidentlərdən birisiniz.
Ulu Öndər ABŞ-da yəhudi xalqının soyqırımı tarixini əks etdirən “Holokost” xatirə muzeyində çıxışı zamanı Azərbaycan xalqına qarşı törədilmiş qətliamlardan danışdı, dünya birliyini belə faciələrin baş verməməsi üçün səyləri gücləndirməyə çağırdı.
Sitat: Biz Azərbaycanda soyqırımın nə olduğunu bilirik. XX əsrdə bizim də xalqımıza qarşı bir neçə dəfə soyqırımı siyasəti həyata keçirilmiş və azərbaycanlılar dəhşətli faciələrə düçar olmuş, məhv olmuşlar. Bunları görərək, xalqımız bu faciələrin şahidi olaraq, biz yəhudilərin dünyada nə qədər faciələrlə rastlaşdığını da bilirik və bunu öz faciəmiz kimi qəbul edirik...
Bu muzey təkcə yəhudilər üçün yox, dünyanın bütün xalqları üçün lazımlıdır. Hər bir insan bu muzeylə tanış olarkən, eksponatları seyr edərkən özü üçün nəticə çıxarmalıdır. Yeganə nəticə ondan ibarətdir ki, bəşəriyyət bundan sonra heç yerdə, heç bir xalqa qarşı soyqırımına yol verməməlidir. Dünya birliyi müharibə alovlarını söndürməli, münaqişələri ləğv etməli, dünyada sülhün, əmin-amanlığın yaranması üçün daha çox səylər göstərməlidir.
Birləşmiş Ştatlara səfər çərçivəsində bir sıra tarixi sənədlər - Azərbaycan Dövlət Neft Şirkəti (indiki SOCAR) ilə “Monkrift oyl”, “Eksson”, “Mobil” şirkətləri arasında müqavilələr imzalandı.
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycanın milli, iqtisadi maraqlarına xidmət etməklə yanaşı, ölkəmizin dünya birliyinə inteqrasiyasını addım-addım təmin edirdi.