Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş anım tədbiri keçirilib
26.02.2021 / Xəbərlər AMEA İdarəetmə Sistemləri İnstitutunda (İSİ) onlayn formatda Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdə İnstitutun rəhbərliyi, GAMŞ üzvləri, Təhsil və İctimaiyyətlə Əlaqələr şöbələrinin nümayəndələri və digərləri iştirak ediblər. Öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan İnstitutun baş direktoru, akademik Əli Abbasov qeyd edib ki, Xocalı soyqırımı bəşər tarixindəki ən faciəli hadisələrdən biridir. Bu dəhşətli tarixi bütün dünya azərbaycanlıları dərin kədər hissi ilə anır. O, Azərbaycan torpaqlarının işğalına qədərki tarixi proseslərdən bəhs edərək bildirib ki, düşmənin məkrli siyasətinin pik nöqtəsi məhz Xocalı soyqırımı idi.
Ə.Abbasov Xocalıda Azərbaycan xalqına qarşı törədilən cinayətlərdən bəhs edərkən təəssüflə qeyd edib ki, əsir götürülənlərdən 150 nəfərin taleyi bu günədək məlum deyil. Ermənistanın bu barədə hələ də məlumat verməməsi isə onların cinayətkar siyasətinin göstəricisidir.
Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, cinayətkarların ifşa olunması istiqamətində illərdir əməli tədbirlərin görüldüyünü vurğulayan akademik qeyd edib ki, qətliamın əsl mahiyyətini açıqlamaq, siyasi-hüquqi qiymət vermək üçün Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmiş, fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan edilmişdir.
Ə.Abbasov faciə nəticəsində dağıdılan mədəni irsin əhəmiyyətini vurğulayıb. O, İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun tarixi torpaqları düşmən işğalından azad etdiyini və bu ərazilərdə bərpa və yenidənqurma işlərinin aparıldığını xüsusi qeyd etmişdir. Xocalının yenidən dirçələcəyinə inamını ifadə edən alim canından keçmiş bütün şəhidlərə Allahdan rəhmət diləyib.
İSİ-nin icraçı direktoru, AMEA- nın müxbir üzvü Əminağa Sadıqov Xocalı soyqrımının səbəbləri və mahiyəti ilə bağlı nüansları diqqətə çatdırıb. O, hər il faciə qurbanlarının xatirəsinə həsr edilən müxtəlif formatlı tədbirlərin keçirildiyini, yürüşlərin təşkil edildiyini qeyd edib.
Ə.Sadıqov tarixi həqiqətlərin işıqlandırılması, gənclərin inkişafı, elm sahəsində nailiyyətlərin əldə olunması baxımından yaşadığımız informasiya əsrinin önəmini vurğulayıb və bu sahədə AMEA- nın rolunu xüsusilə qeyd edib. Bildirib ki, İkinci Qarabağ müharibəsi dövründə AMEA-da çoxsaylı tədbirlər keçirilmiş, erməni terroru ilə bağlı məlumatlar ictimaiyyətə çatdırılmışdır.
Alim 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı uğurları xatırladaraq qeyd edib ki, düşmən məğlub olmağına baxmayaraq mənfur siyasətindən hələ də əl çəkmir.
İSİ İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri, i.ü.f.d Aygün Əliyeva bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən dəhşətli hadisəsi baş verdi. O, qeyd etdi ki, erməni təcavüzkarlarının törətdiyi bu faciədə əsas məqsəd Azərbaycan xalqını qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqların bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək idi.
A.Əliyeva bildirib ki, faciənin tanıdılması ilə bağlı müxtəlif təşkilatlar və kampaniyalar hər il Azərbaycanda və xarici ölkələrdə tədbirlər keçirir. Onlardan biri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan "Xocalıya ədalət" beynəlxalq kampaniyasıdır.
Stoxаstik proseslərin identifikasiyası laboratoriyasının rəhbəri, t.e.d., professor Nailə Musayeva Xocalı faciəsinin düyada tanıdılması istiqamətində görülən əməli tədbirləri, layihələri qeyd edib. N.Musayeva bu prosesdə “Azİz” – Azərbaycan- İsrail beynəlxalq assosiasiyasının rolunu vurğulayaraq qeyd edib ki, hər il fevralın 26-sı “Azİz”- in təşkilatçılığı ilə “Xocalıya ədalət” şüarı altında tədbirlər keçirilir.
Diskret optimallaşdırılma modelləri və üsulları laboratoriyasının rəhbəri, r.e.d., professor Knyaz Məmmədov Xocalı soyqırımı şahidlərinin xatirələrini səsləndirib. O, Azərbaycan xalqına qarşı amansız cinayətlər törədən və onları əsərlərində erməni xalqına xidmət adı altında fəxrlə qeyd edən Zori Balayan, Ermənistanın keçmiş siyasi lideri Serj Sarkisyan kimi cinayətkarların əməllərini xatırladıb. K. Məmmədov Azərbaycan xalqının əzmindən, birliyindən, humanistliyindən söz açıb. İkinci Qarabağ müharibəsi dövründə qəhrəmanlıq göstərən Azərbaycan ordusunun ölkənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin qanını yerdə qoymadığını bildirib.
Neft və qaz məhsullarının nəqli prosesinin nəzarət və ölçü vasitələrinin yaradılması laboratoriyasınin rəhbəri, t.ü.f.d., dosent Məzahir İsayev Xocalı soyqırımı haqqında məlumat verib. O, faciədə zərər çəkən, yaxınlarını itirən, doğma yurdlarından didərgin düşənlərin üzləşdiyi çətinliklərdən, ağır həyat şəraitindən söz açıb, bütün şəhidlərə Allahdan rəhmət diləyib.
Sonda akademik Əli Abbasov informasiya müharibəsinin əhəmiyyətinə bir daha toxunaraq qeyd edib ki, tarixi həqiqətlərin müxtəlif dillərdə dünyaya çatdırılması böyük önəm kəsb edir.