
Professor Faiq Abdullayev vəfat edib
22.07.2021 / Xəbərlər
Görkəmli elm xadimi, t.e.d., professor Faiq Abdullayev vəfat edib.
1936-cı il 26 dekabr tarixində Naxçıvan şəhərində anadan olan alim 84 yaşında dünyasını dəyişmişdir.
Əmək fəaliyyəti çoxşaxəli olan professor "Neftqazavtomat" Elmi-İstehsalat Birliyinin baş direktorunun elmi işlər üzrə birinci müavini, Azərbaycan Dövlət Neft Akademiyası "Avtomatika, Telemexanika, Elektronika" kafedrasının professoru, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi vəzifələrində çalışmışdır.
239 elmi əsəri olan alimin bir sıra mühüm elmi nailiyyətləri olmuşdur. Onun elmi əsərlərinə monoqrafiyalar, dərs vəsaitləri, tematik icmallar və 70-ə qədər ixtira daxildir.
Qeyd edək ki, F. Abdullayev 1970 -ci ildə "Rəşadətli Əməyə görə", 1977-ci ildə Qırmızı Əmək Bayrağı Ordeni medalları ilə təltif olunmuş və 1981 -ci ildə isə SSRİ Nazirlər Sovetinin mükafatı laureatı olmuşdur.
Texnoloji proses və istehsalatların avtomatlaşdırılması sahəsi üzrə çalışan professor gənc kadrların yetişdirilməsinə mühüm töhfələr bəxş etmiş, onun rəhbərliyi ilə bir çox tədqiqatlar aparılmışdır.
Tanınmış elm xadimi, professor Faiq Məmmədəli oğlu Abdullayevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!


