AMEA YT Parkın rezidenti olan “Azcosmetics Group” layihə təqdim edib
25.08.2021 / XəbərlərAMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “Azcosmetics Group” MMC layihə təqdim edib.
YT Parkdan AZƏRTAC-a bildirilib ki, layihə müəssisənin Azərbaycan məhsulu olan saç boyaları istehsalını əhatə edir. Respublikada qeyd olunan sahəyə tələbat yüksəkdir. Şirkət tərəfindən müvafiq istehsalın təşkili nəticəsində, ilk növbədə, ölkəmizdən saç boyası üçün xaricə gedən valyuta axınının qarşısı alınacaq, digər ölkələrdən gətirilən və böyük vəsait tələb edən məhsullarla müqayisədə üç dəfəyədək sərfəli qiymətə olacaq. Bu, tələbatın yerli istehsal hesabına ödənilməsinə şərait yaradılacaq.
Şirkət tərəfindən gələcəkdə şampun, balzam, krem, müxtəlif kosmetik yağlar və dəriyə digər qulluq vasitələrinin istehsalı, eləcə də bu məhsulların ixracı planlaşdırılır. Ölkəmizdə yetişən təbii məhsullardan istifadə etməklə əldə olunan saç boyaları istehsalını hədəfləyən müəssisə “Ağ Naftalan yağı”ndan istifadə etməklə kremlərin hazırlanmasını da nəzərdə tutur.