
Alimlərin yeni ixtirası plastik tullantıları məhv edəcək

Çexiyanın Praqa Kimya-Texnologiya Universitetinin alimləri dünya okeanını mikro-plastik tullantılardan təmizləmək üçün mini-robotlar ixtira ediblər.
Layihəyə kimyaçı Martin Pumera rəhbərlik edib. Alimlərin əsas məqsədi dünyanın istənilən yerində istifadə edilə bilən ucuz və ekoloji təmiz robotlar yaratmaqdır.
Onun sözlərinə görə, maqnitli robotların ölçüsü iti karandaşın ucundan böyük deyil. Tullantılardan əks olunan işıq qurğuya düşdüyü təqdirdə kimyəvi reaksiyalar başlayır ki, bu da kiçik botun suda müəyyən bir istiqamətdə hərəkət etməsinə səbəb olur. Bundan sonra aparat aşkar edilmiş mikroplastik hissəciyi məhv etməyə başlayır.
Kimyaçı alim bildirib ki, bu cür texnologiya ilk növbədə çirkab suların təmizlənməsi üçün faydalı ola bilər, çünki mini robotlar açıq dənizə girməzdən əvvəl plastikləri məhv edə biləcəklər.