İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilmişdir
08.11.2021 / Xəbərlər8 noyabr 2021-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Zəfər Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə İnstitutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, alim və mütəxəssislər iştitak ediblər.
İSİ-nin baş direktoru, akademik Əli Abbasov tədbiri giriş nitqi ilə açaraq Zəfər Günü münasibəti ilə institutun kollektivini təbrik edib. Qələbənin ildönümündə yaxın keçmişə nəzər salan Ə.Abbasov Ümummilli lider Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünü qorumaq istiqamətində misilsiz xidmətlərindən bəhs edib.
Ə.Abbasov müasir dövrdə Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın istər siyasi, istər hərbi, istərsə də mədəni sahələrdə çiçəkləndiyini qeyd edib. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən qazanılan qələbənin əhəmiyyətinə toxunan Ə.Abbasov bu yolda canlarını fəda etmiş şəhidləri dərin ehtiramla yad etdi. Sonra Ə.Abbasov sözü çıxış üçün İntellektual informasiya-ölçmə sistemləri laboratoriyasınin rəhbəri, t.ü.f.d., dosent Məzahir İsayevə verdi.
Uzaq keçmişə nəzər salan M.İsayev Azərbaycanın keçdiyi çətin tarixi dövlərdən, o dövrdə baş verən siyasi proseslərdən, mənfur düşmənin xislətindən və nəhayət xalqın mübarizə əzmindən tədbir iştirakçılarına ətraflı şəkildə məruzə etdi.
M.İsayev bütün türk dünyası üçün xüsusi əhəmiyyətə malik olan Zəfər Günün önəmini vurğulayaraq Azərbaycanın haqq mübarizəsindən bəhs etdi. Ötən il baş verən İkinci Qarabağ müharibəsinin xronikasını yada salan M.İsayev Azərbaycanın bu qələbə ilə tarixi gerçəklikləri bir daha bütün dünyaya bəyan etdiyini bildirdi.
Sonra İSİ-nin icraçı direktoru Əminağa Sadıqov çıxış edərək Zəfər Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. Azərbaycanın tarixi torpaqlarını azad edərək müasir dövrdə inkişaf etmiş bir ölkə kimi nümunə olduğunu qeyd etdi.
Ə.Sadıqov, həmçinin ölkə başçısının daim gənc kadr potensialının inkişaf etdirilməsi istiqamətində dəstəyindənbəhs etdi. İstər müharibə dövründə, istərsə də sonrakı dövrdə arxa cəbhədə alimlərin, gənc tədqiqatçıların rolunun önəmini vurğulayaraq, qarşıda duran vəzifələrdən söz açdı.
Daha sonra professorlar Knyaz Məmmədov, Ramin Rzayev və İlqar Məmmədov çıxış edərək Ali Baş Komandanın rəhbərliyi ilə şücaətli Azərbaycan ordusunun qazandığı tarixi qələbənin önəminə toxundular. Bir ili tamam olan Zəfər Günü ilə bağlı xatirələrini bölüşərək, Qarabağın yenidən qurulmasının önəmini vurğuladılar.
Sonra İSİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Gənc Alim və Mütəxəssislər şurasının (GAMŞ) sədr müavini Aygün Əliyeva çıxış edərək Zəfər Günü münasibəti ilə kollektivi təbrik etdi. Çıxışına ölkə başçısının sözləri ilə başlayan A.Əliyeva müasir dövrdə gənc kadr potensialının önəminə toxundu. Milli ruhda yetişdirilən savadlı gənclərin ölkənin inkişafında oynadıqları rola diqqət yetirərək azad olunan torpaqların yenidən qurulmasında onların qarşısında mühüm missiyaların dayandığını bildirdi. Müharibə dövründə torpaqların azadlığı uğrunda şücaətlə vuruşan gənclərdən bəhs edən A.Əliyeva ölkə başçısı tərəfindən təsis olunan medal və ordenlərdən bəhs etdi.
Sonra GAMŞ sədr müavini Lamiyə Nəcəfova çıxış edərək Azərbaycanın müxtəlif sahələrdə inkişafı istiqamətində gənclərin töhfələrindən bəhs etdi, qarşıda duran vəzifələrdən danışdı.
Tədbirin sonunda akademik Əli Abbasov İSİ-də ölkənin inkişafı istiqamətində görülən işlərin əhəmiyyətinə toxundu, institut əməkdaşlarının Qarabağın dirçəlməsi ilə bağlı həyata keçirilən müxtəlif layihələrdə iştirak etdiklərini bildirdi. Ə.Abbasov tədbir iştirakçılarına təşəkkürünü bildirərək onları Zəfər Günü münasibətilə bir daha təbrik etdi.