
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib
18.04.2022 / Mühüm xəbərlər
İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı, r.ü.f.d., dosent Şamil Əliheydər oğlu Hacıyev ömrünün 87-ci ilində vəfat edib.
Şamil Əliheydər oğlu Hacıyev 28 iyun 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, Kirov adına Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirmişdir. Sonra Hesablama riyaziyyatı mövzusunda “Elastiqiyyat nəzəriyyəsi bəzi məsələlərinin həlli və tədqiqi” adlı namizədlik dissertasiyasını müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Tətbiqi məsələlərin ədədi üsullarla həlli, incəsənət məsələlərinin identifikasiyası üçün proqram vəsaitinin yaradılması, Azərbaycan xalq mahnıları və muğamlarının statistik tədqiqi və rəngli təsvirinin alınması və araşdırılması kimi bir çox elmi nailiyyətləri olan alim ölkə daxilində və xaricdə bir çox nüfuzlu elmi əsərlərin müəllifidir. Ş.Hacıyev, həmçinin pedaqoji fəaliyyətlə məşğul olmuş, çoxsaylı gənc kadrların yetişməsinə öz töhfələrini vermişdir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası elmi laboratoriyasının baş elmi işçisi kimi də çalışan alim “Əmək veteranı” adına layiq görülmüşdür.
Tanınmış alim, Şamil Əliheydər oğlu Hacıyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət etsin!


