Tehsilim.edu.az portalında tədqiqat, biznes və innovasiyalarla bağlı onlayn kurslara qeydiyyat aparılır
14.10.2022 / Maraqlı məlumatlarAvropa İttifaqı tərəfindən maliyyələşdirilən və Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanmış “Elmi işlərin yazılması və nəşri”, “Tədqiqat metodologiyası, təcrübələr və layihələr”, “Verilənlərin toplanması, təhlili və idarə edilməsi”, “Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma” və “Sahibkarlıq təhsili və startap” adlı onlayn kurslara tələbə qəbulu elan edilir.
Təhsil İnstitutundan bildirilib ki, onlayn kurslar Azərbaycan dilində ödənişsiz şəkildə təklif olunur. Kurslar doktorantlar, tələbələr, tədqiqatçılar, müəllimlər və ali təhsil müəssisələrində müvafiq struktur bölmələrin əməkdaşları üçün nəzərdə tutulub. Hər bir kursu bitirmək üçün tələbələrə 2 ay vaxt verilməsi nəzərdə tutulub. Kursları müvəffəqiyyətlə bitirən şəxslərə sertifikat təqdim olunacaq.
Maraqlanan şəxslər tehsilim.edu.az onlayn platformasına daxil olaraq oktyabrın 21-dək qeydiyyatdan keçə bilərlər. Oktyabrın 24-dən etibarən kurslar start götürəcək.
İnstitutun saytında hər bir onlayn kurs haqqında ətraflı məlumat əldə etmək mümkündür.