Xalqa bağışlanmış ömürdən anlar: 1972-ci il
21.10.2022 / Mühüm xəbərlərAZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
9 fevral. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Səməd Vurğun adına Rus Dram Teatrının 50 illiyinə həsr olunmuş təntənəli gecədə çıxış edib.
7 aprel. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.
19 aprel. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda çıxış edib.
26 aprel. Azərbaycan rəssamlarının VII qurultayında nitq söyləyib.
15 may. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.
6 iyun. Nəriman Nərimanovun heykəlinin açılış mərasimində nitq söyləyib.
10 avqust. Özbəkistan, Türkmənistan və Tacikistan pambıqçılarının qarşılıqlı yoxlama briqadalarının işlərinin yekununa həsr olunmuş müşavirədə çıxış edib.
16 avqust. “Literaturnaya qazeta”nın baş redaktoruna verdiyi müsahibə dərc olunub.
18 avqust. Azərbaycan KP MK-da keçirilən müşavirədə nitq söyləyib.
25 avqust. Zaqafqaziya respublikaları jurnalistlərinin Bakıda keçirilmiş seminar-müşavirəsinin bir qrup iştirakçısını qəbul edib.
28 avqust. Sovet İttifaqının müxtəlif şəhərlərindəki ali təhsil ocaqlarına qəbul olmuş azərbaycanlı gənclər qrupunu qəbul edib.
5 sentyabr. Azərbaycan bəstəkarlarının V qurultayında nitq söyləyib.
6 sentyabr. Şamxor (indiki Şəmkir) rayonuna səfər edib.
3 oktyabr. Azərbaycanda RSFSR ədəbiyyat və incəsənət günlərinin təntənəli açılışında nitq söyləyib.
7 oktyabr. Azərbaycan rəssamlarının sərgisinə tamaşa edib.6 noyabr. Bakı metropolitenin üç stansiyasının - “Əzizbəyov” (indiki “Koroğlu”), “Avrora” (indiki “Qara Qarayev) və “Neftçilər” stansiyalarının açılış mərasimlərində iştirak edib.
14 noyabr. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.
11 dekabr. Lenin adına sarayın (indiki Heydər Əliyev Sarayı) açılış mərasimində iştirak edib.
Mədəniyyəti xalqın böyük sərvəti hesab edən Heydər Əliyev bəstəkarların, kinematoqrafların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında mütəmadi iştirak edirdi. Onun bu tədbirlərdəki hər çıxışı mədəniyyətin müvafiq sahəsinin gələcək inkişaf proqramına çevrilirdi. “Teatr müqəddəs yerdir! İnsanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə çox böyük rol oynamışdır”, - deyən ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə teatrın qayğısına qalırdı. O, tamaşaların premyeralarına gələr, tamaşa bitdikdən sonra səhnə arxasına keçər, dramaturqla, rejissorla, aktyorlarla söhbət edər, fikirlərini bölüşərdi. Ulu Öndərin 1972-ci ildə Rus Dram Teatrının, Azərbaycan Dövlət Konservatoriyasının 50 illik yubileylərində iştirakı buna bariz nümunədir.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk illərdən gənclərin təhsilini diqqətdə saxlayırdı. 1972-ci il avqustun 28-də dahi rəhbər Sovet İttifaqının müxtəlif şəhərlərindəki ali məktəblərə qəbul olmuş azərbaycanlı gənclərlə görüşərək onların təhsili ilə maraqlandı və tövsiyələrini verdi. Ötən əsrin 70-80-ci illərində Sovet İttifaqının nüfuzlu ali məktəblərində 15 mindən çox azərbaycanlı gəncin təhsil alması, yüksəkixtisaslı mütəxəssis kimi hazırlanması təmin olundu. Azərbaycan gənclərinin 1996-cı ilin fevralında keçirilmiş l Forumunda bu barədə danışan Heydər Əliyev deyirdi: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm”.
Ötən əsrin 70-80-ci illərində Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Tikinti, nəqliyyat, rabitə, kənd təsərrüfatı və digər sahələr məhz Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi dövrlərdə yüksək inkişaf mərhələsinə qədəm qoydu. Bu baxımdan Bakı metrosu da onun diqqət və qayğısının nəticəsi olaraq sürətlə inkişaf edirdi. 1972-ci il noyabrın 6-da Bakı metropoliteni özünün 5 yaşını qeyd etdiyi gün metronun daha 3 stansiyası - “Əzizbəyov” (indiki “Koroğlu”), “Avrora” (indiki “Qara Qarayev”), “Neftçilər” stansiyaları respublika rəhbəri Heydər Əliyev iştirakı ilə istifadəyə verildi. Bu, Bakının tarixinə həmin dövrün mühüm hadisəsi kimi yazıldı.
Heydər Əliyevin “Literaturnaya qazeta”ya müsahibəsindən:
“Azərbaycan neftçilərinin qəhrəmanlığı, əfsanəvi Neft daşları, Xəzər sahilindəki Sumqayıt, Azərbaycanın pambığı və neft avadanlığı, kimya məhsulları və xalçaları, ipəyi və meyvəsi, alimlərimizin kəşfləri, yazıçılarımızın, bəstəkarlarımızın, rəssamlarımızın əsərləri - respublikamızın hüdudlarından uzaqlarda şöhrət qazanmış bu kəşflər və əsərlər xalqımızın nailiyyətlərinin yalnız qısa siyahısıdır...
Biz bu gün 140 elmi idarəni, 17 min nəfərdən çox elmi işçini təmsil edən Azərbaycan elmi ilə haqlı olaraq fəxr edirik. Axı, yarım əsr bundan əvvəl bizdə bir dənə də olsun elmi-tədqiqat idarəsi yox idi, milli elmi ziyalı kadrlarını barmaqla saymaq olardı...”
Azərbaycanda RSFSR ədəbiyyatı və incəsənəti günlərinin açılışında nitqindən
“Rusiya mədəniyyəti tarixində Qafqaz xüsusi yer tutur. Rus və dünya ədəbiyyatının Qızıl fonduna həmişəlik daxil olan bir sıra ilhamlı əsərlər bu diyara həsr olunmuşdur. Qafqaz təbiətinin əzəməti burada yaşayan məğrur, azadlıqsevən xalqların xarakteri ilə heyrətamiz bir ahəngdarlıq yaradır...
Mirzə Fətəli Axundovun dərin həyəcan hissi ilə yazdığı “Puşkinin ölümünə Şərq poeması” Azərbaycan-Rusiya mədəni əlaqələri salnaməsində dərin iz buraxmışdır”.