Azərbaycanın tarixi qələbəsindən iki il ötür
08.11.2022 / Mühüm xəbərlər“Zəfər Günü bizim bayramımızdır. Bu Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
Bu gün Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfərinin ikinci ildönümüdür. Bildiyimiz kimi, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribat xarakterli növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərişi ilə müzəffər Azərbaycan Ordusu əks-hücüm əməliyyatına başladı. Məhz ölkə başçısının qətiyyəti, uzaqgörən siyasi iradəsi, rəşadətli ordumuzun şücaəti, xalqımızın birliyi sayəsində İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi və siyasi arenada mütləq qələbəsi ilə nəticələndi. Uzun illərdir işğal altında olan əzəli və əbədi torpaqlarımız düşməndən azad edildi, xalqın doğma yurd həsrətinə 44 gündə son qoydu.
Dünya hərb tarixinə misli görünməmiş qələbə kimi həkk olunan Vətən müharibəsinin ən şanlı səhifələrindən biri də Qarabağın incisi hesab olunan Şuşa şəhərinin əsarətdən xilas edilməsi oldu. Döyüş meydanında düşmən qüvvələrini darmadağın edərək zəfər çalan Azərbaycanın tam qələbəsi isə işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarının ölkə başçısının siyasi iradəsi nəticəsində döyüşsüz geri qaytarılması idi. Bu Zəfər Salnaməsi, eyni zamanda, Prezident-Xalq birliyinin təcəssümü kimi Azərbaycanın hərbi və iqtisadi gücünü bütün dünyaya nümayiş etdirdi.
Son iki il ərzində xalqımızın doğma torpaqlarına geri qayıtması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb, dağıntılara məruz qalmış tarixi abidələr yenidən dirçəldilib, müasir dövrün tələblərinə cavab verən yüksək texnoloji infrastruktur obyektləri istifadəyə verilib. Azad olunmuş ərazilərdə həyat fəaliyyətinin təmin olunması üçün sağlamlıq mərkəzləri, idman kompleksləri, məktəb və bağçalar inşa edilib. Qısa zamanda aeroportlar, elektrik stansiyaları və digər əhəmiyyətli obyektlər inşa olunub, doğma torpaqlarımıza rahat gediş-gəlişin təmin edilməsi məqsədilə nəqliyyat infrastrukturu bərpa olunub. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda həyata keçirilən əməli tədbirlər isə Azərbaycanın regionda mövqeyinin möhkəmlənməsi və beynəlxalq tərəfdaşlığın genişləndirilməsinə istiqamətlənir.
Bu gün tarixi qisasını alan və gələcəyə inamla baxan Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı qələbənin ikinci ildönümünü böyük sevinc və fəxrlə qeyd edir. Milli qürur və iftixar hissini bizə yaşadan əsgərlərimizə təşəkkür edir, Vətənin azadlığı uğrunda canlarını fəda edərək adını tarixə yazan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Dalğalanan bayrağımızın hər zaman yüksəklərdə olmasını arzu edirik!
Zəfər Günümüz mübarək!