
Türkiyənin milli təhsil nazirinin səfəri davam edir

Yanvarın 31-də Türkiyənin milli təhsil naziri Mahmut Özer ölkəmizə səfəri çərçivəsində STEAM İnnovasiya Mərkəzini ziyarət edib.
Nümayəndə heyətinə mərkəzdə yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, mərkəzdə aviasiya məkanı, klassik və uşaqlar üçün Nyuton, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonaları mövcuddur. Mərkəzə müraciət edən müxtəlif yaş kateqoriyasından olan məktəbli və tələbələr XXI əsr bacarıqlarını – kreativlik, əməkdaşlığın inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər.
Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti eyni gündə Bakı Türk Anadolu liseyi, Azərbaycan Beynəlxalq Maarif Məktəbi, eyni zamanda Bakı Avropa liseyi və Bilim Bakı Mərkəzini ziyarət edib. Türkiyəli nazir sözügedən təhsil müəssisələrinin rəhbər və pedaqoji kollektivi ilə görüşüb, təhsil ocaqlarındakı mövcud şərait barədə məlumat alıb.