Yadplanetli sivilizasiyalar qara dəlikləri kvant kompüterlər kimi istifadə etmiş ola bilərlər
20.02.2023 / Maraqlı məlumatlarƏgər kainatda həyat təkcə Yer kürəsində mövcud deyilsə, bəs nəyə görə biz hələ də onun digər planetlərdə varlığını göstərəcək sübutlar aşkar etməmişik? Fermi paradoksunda formalaşmış bu sual indiyənə kimi alimləri rahat buraxmır. Bu suala çoxlu sayda mümkün cavab mövcuddur. Yeni cavabı isə Almaniyadan və Gürcüstandan olan alimlər qrupu təklif edib. Onların təkliflərinə əsasən kosmosda tamamilə yeni texnoloji izlər axtarmaq lazımdır. Söhbət, iri miqyaslı kvant hesablamalardan gedir. Maks Plank İnstitutunun nəzəriyyəçi fiziki Gia Dvali və Azad Tbilisi Universitetinin professoru Zaza Osmanov International Journal of Astrobiology adlı jurnalda dərc edilməsi üçün nəzərdə tutulmuş məqalə hazırlayıblar və həmin məqalədə onlar kvant kompüteri funksiyalarını reallaşdıran qara dəliklər vasitəsilə bir-biriləri ilə ünsiyyət qurmağı bacaran hipotetik yadplanetli sivilizasiyanı təsvir ediblər.
“Bugünki gündə biz əsasən radio siqnalları analiz edirik və kosmosda Dayson kürələri (ulduzlar ətrafında inşa edildiyi fərz edilən texnoloji strukturlar) adlı texnoloji strukturların axtarış cəhdləri olub. Digər tərəfdən SETI-nin (yadplanetli sivilizasiyaların axtarışı üçün nəzərdə tutulmuş layihə) problemi o qədər qəlizdir ki, bütün mümkün variantları nəzərdən keçirtməkdə fayda var” - deyə mütəxəssislər qeyd ediblər. Mütəxəssislər kosmosda yeni texnoloji izləri axtarmağı təklif edirlər. Söhbət, iri miqyaslı kvant hesablamalardan gedir. Kvant hesablamaların ənənəvi hesablamar üzərində sahib olduqları üstünlüklər yaxşı məlumdur. Onlar məlumatları daha sürətlə emal etməyə imkan verirlər və üstəlik bu cür məlumatları demək olar hack etmək mümkün deyil. Müasir kvant texnologiyaların inkişaf templərini nəzərə alsaq, məntiqlə düşünmək olar ki, daha aparıcı texnologiyalara sahib sivilizasiya bu texnologiyanı daha iri miqyasda istifadə etmiş ola bilər.
Bu ideya fizik Roger Penrose-un fərziyyəsindən formalaşır. Roger Penrose-un fərziyyəsinə əsasən qara dəliklər sonsuz enerji mənbəyi ola bilərlər və həmin sonsuz enerjini qara dəliyin hadisələr üfüqi adlı sahəsinin ətrafında olan erqosferadan əldə etmək mümkün ola bilər. Bir çox alimlərin fikirlərinə əsasən yetəri qədər inkişaf səviyyəsinə sahib sivilizasiyalar bunu reallaşdırırlar. Lakin Gia Dvali və Zaza Osmanov qara dəliklərin yeni tətbiq variantını təklif ediblər. Kvant mexanikasının prinsiplərindən istifadə edərək onlar mikroskopik ölçüyə sahib süni yaradılmış qara dəliklərin kvant məlumatları necə effektiv saxlaya bildiklərini aydınlaşdırmağa çalışıblar. Həm təbii həm də süni qara dəliklər müxtəlif növ subatom hissəciklər olan Hokinq şüalanması ifraz edirlər və müasir texnologiyalar vasitəsilə həmin hissəcikləri təyin etmək mümkündür.
Məsələn neytrinolar özlərinin nüfuzedici bacarığı sayəsində məlumatların saxlanması üçün ideal variant ola bilərlər. Beləliklə yadplanetli sivilizasiyalar mikroskopik ölçüdə olan qara dəliklərin ifraz etdikləri Hokinq şüalanması nəticəsində məlumat daşıyan yüksək enerjili neytrino axınlarını və bu hissəciklərin bir-biriləri ilə toqquşmaları üçün nəzərdə tutulmuş xüsusi kosmik stansiyaları inşa etmiş ola bilərlər. IceCube adlı neytrinolar rəsədxanası nəzəri cəhətdən bu cür texnoloji izləri aşkar edə bilər. Başqa sözlə desək, alimlərin təklif etmiş olduqları yeni fərziyyəyə əsasən biz indiyənə kimi bəlkə də doğru izləri axtarmadığımız üçün hələ də yadplanetli sivilizasiyaları aşkar edə bilməmişik. Nəticə etibarilə əgər yadplanetli sivilizasiya texnoloji inkişaf baxımından insan sivilizasiyasını geridə qoyubsa, onlar radio əlaqə və rəqəmsal kompüterlərdən artıq imtina etmiş ola bilərlər.