İdarəetmə Sistemləri İnstitutunda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib
25.02.2023 / TədbirlərAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, alim və mütəxəssislər iştirak ediblər.
Əvvəlcə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xocalı soyqırımının tarixi anlarını xatırladan videoçarx nümayiş olunub.
Tədbiri İSİ-nin baş direktoru, akademik Əli Abbasov açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə xüsusi amansızlıq və qəddarlıqla Xocalı şəhərində həyata keçirdiyi genosidin təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd edib. Faciənin tarixi köklərindən bəhs edən akademik Xocalı soyqırımının erməni təcavüzkarları və havadarları tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən iki yüz illik işğalçılıq və etnik təmizləmə siyasətinin davamı olduğunu bildirib. “Böyük Ermənistan” yaratmaq xülyasına xidmət edən bu dəhşətli cinayət aktı milli haqları uğrunda mübarizə aparan Azərbaycan xalqını qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarının itirilməsi ilə barışmağa məcbur etmək məqsədi daşıyırdı.
Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində görülən işlərdən bəhs edən akademik bildirib ki, faciəyə siyasi-hüquqi qiymət vermək üçün Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı Soyqırımı Günü haqqında qərar qəbul edib, fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan edilib. Ötən illərdə dövlət başçısı cənab İlham Əliyevin göstərişi ilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün yerli və beynəlxlaq tədbirlər həyata keçirilib, dünyanın əksər ölkələrində onların xatirəsinə abidələr ucaldılıb.
Ə.Abbasov həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətdə xüsusilə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb, fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə yaradılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası barədə məlumat verib. Cinayətkarların ifşa olunması istiqamətində illərdir əməli tədbirlərin görüldüyünü vurğulayan alim ötən otuz bir il ərzində faciənin Türkiyə, İsrail, İtaliya, İndoneziya, Ukrayna, ABŞ, Almaniya, Moldova kimi müxtəlif ölkələrin mətbuatında işıqlandırıldığını qeyd edib. “Milliyyət”, “Washington Post”, “The Independent”, “The Times”, “Le Monde” və sairə KİV-də Azərbaycanın haqlı mövqeyinin əks olunduğunu qeyd edib.
Ə.Abbasov çıxışının sonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şücaətli Azərbaycan ordusu tərəfindən 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində tarixi ədalətin bərpa edildiyini, Xocalı soyqırımı qurbanlarının, eləcə də Vətən uğrunda canını fəda edən bütün şəhidlərin qisasının alındığını bildirib. Faciə qurbanlarını ehtiramla yad edən akademik şəhidlərimizin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağına əminliyini ifadə edib.
Sonra İSİ Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) katibi, kiçik elmi işçi Rayihə Niyazova çıxış edərək Azərbaycan torpaqlarının işğalına qədərki tarixi proseslərdən bəhs edərək bildirib ki, düşmənin məkrli siyasətinin pik nöqtəsi məhz Xocalı soyqırımı idi. O, qeyd edib ki, faciənin törədilməsində məqsəd bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılaradan ibarət strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən Xocalını yer üzündən birdəfəlik silmək idi.
Xocalı faciəsilə bağlı erməni mənbələrində, tarixçilərin əsərlərində yer alan nüanslardan bəhs edən R.Niyazova mənfur düşmənin öz haqsız mövqeyini nümayiş etdirdiyi məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, bu şəhərin blokadaya salınaraq hədəf seçilməsi heç də təsadüfi deyildi. Çünki Aran və Dağlıq Qarabağ arasında bağlayıcı rolunu oynayan Xocalı qədim və zəngin mədəniyyətə malik yaşayış məskəni olmuşdur. Xüsusi qəddarlıqla həyata keçirilən soyqırımını törədənlər məkrli siyasətləri ilə bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd qoysalar da Azərbaycan xalqının mübarizə əzmini qırmağa nail ola bilmədilər. R.Niyazova faciə qurbanlarını ehtiramla yad edib, bütün şəhidlərə Allahdan rəhmət diləyib.
Tədbirin sonunda r.e.d. İlqar Məmmədov çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli soyqırımı aktının tarixi səbəbləri və dünyada tanıdılması yönündə aparılan əməli tədbirlərdən söz açıb. Alim bildrib ki, bu faciəli gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıq və işgəncə verməklə öldürülüb, 76-sı uşaq olmaqla, 487 nəfərə ağır bədən xəsarəti yetirilib, 1275 sakin girov götürülərək ağlasığmaz zülmə, təhqir və həqarətlərə məruz qalıblar. Əsir düşənlərdən 150 nəfərin taleyi barədə Ermənistan tərəfinin hələ də məlumat verməməsi isə onların cinayətkar siyasətinin bariz göstəricisidir. Bu dəhşətli cinayəti törədənlərin layiqli cəzalarını alacaqlarına əminliyini ifadə edən İ.Məmmədov faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad edib.