Xalqa bağışlanmış ömürdən anlar: 1998-ci ilin sentyabrı
07.04.2023 / Mühüm xəbərlərAzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
2 sentyabr. Prezident Heydər Əliyev “İstiqlal” qazma qurğusunun işə salınması mərasimində nitq söylədi.
5 sentyabr. Türkiyədə layiq görüldüyü “Dədə Qorqud”, “İnsan haqları” mükafatlarının, “İpək yolu” Vəqfinin fəxri üzvü diplomunun və mükafatının təqdimetmə mərasimində çıxış etdi.
6 sentyabr. BMT Baş katibinin müavini, Avropa İqtisadi Komissiyasının katibi İv Bertalodla görüşdü.
7 sentyabr. Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq konfransında iştirak etmək üçün ölkəmizə gəlmiş dövlət başçılarının şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitq söylədi.
8 sentyabr. Tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfransda çıxış etdi.
11 sentyabr. Venesiya Komissiyasının nümayəndə heyəti ilə görüşdü.
15 sentyabr. Azərbaycan qadınlarının qurultayında çıxış etdi.
16 sentyabr. Akademik Yusif Məmmədəliyevin abidəsinin açılış mərasimində nitq söylədi.
24 sentyabr. Şair Tofiq Bayramın büstünün və onun adını daşıyan istirahət parkının açılış mərasimində çıxış etdi.
25 sentyabr. Azərbaycan müəllimlərinin qurultayında nitq söylədi.
27 sentyabr. ABŞ Seçki Sistemləri Beynəlxalq Fondunun respublikamızdakı nümayəndəsi Uilyam Deymuru qəbul etdi.
28 sentyabr. Azərbaycan Tibb Universitetinin yeni tədris binasının açılış mərasimində nitq söylədi.
30 sentyabr. Qafqaz müsəlmanlarının qurultayında çıxış etdi.
NATO-nun Baş katibi Xavyer Solana ilə görüşdü.
Heydər Əliyevin müəllifi olduğu neft strategiyası müstəqilliyin ilk illərində ölkəmizin siyasi, iqtisadi və sosial böhranlardan çıxmasında mühüm rol oynadı. İllər ötdükcə neft hasilatı və neft sənayesinin inkişafı istiqamətində davamlı addımlar atıldı. Bu addımlardan biri də 1998-ci il sentyabrın 2-də “İstiqlal” qazma qurğusunun işə salınması oldu. Mərasimdə nitq söyləyən Ümummilli Lider Azərbaycanın neft sənayesinin zəngin tarixinə diqqət çəkdi: “1848-ci ildə dünyada ilk dəfə məhz Azərbaycan torpağında neft fontan vurub və dünyada neftin sənaye üsulu ilə hasilatına başlanıbdır. XX əsrin əvvəllərində Azərbaycan neftçiləri qurudan dənizə doğru irəliləyiblər və Xəzərin sahillərində neft quyuları qazıb dənizin dibindən də neft çıxarmaqla məşğul olublar. 1922-ci ildə məhz burada, bu sahədə mühəndis, polyak vətəndaşı Pototskinin təklifləri əsasında suda, dənizdə quyular qazılmağa və dənizin dibindən neft çıxarılmağa başlanıbdır”.
“İstiqlal” qurğusuna baxarkən böyük iftixar hissi keçirdiyini bildirən Heydər Əliyev dedi: “Bu qurğu Xəzər dənizinin Azərbaycan sektorunda olan neft və qaz yataqlarının istifadə olunması üçün çox böyük işlər görəcək və bunun tərkibində böyük işlərin görülməsi üçün müasir tələblərə cavab verən texnika, texnologiya, cihazlar insanların səmərəli işləməsi üçün çox gözəl şərait yaratmışdır. Bu qurğunun modernləşməsi, yenidən həyata gəlməsi ilə “Şahdəniz” layihəsi üzrə konsorsium məşğul olmuşdur”.
Həyatının mənasını xalqa xidmətdə görən Heydər Əliyev milli-mənəvi dəyərlərimizdən həmişə hörmətlə, böyük sevgi ilə danışırdı. Türkiyədə layiq görüldüyü “Dədə Qorqud”, “İnsan haqları” mükafatlarının, “İpək yolu” Vəqfinin fəxri üzvü diplomunun və mükafatının təqdimetmə mərasimində olduğu kimi: “Dədə Qorqud” mükafatı mənim üçün əzizdir. Çünki Dədə Qorqud bizim hamımızın babamızdır, atamızdır. Azərbaycanda Dədə Qorqud adı hamı üçün əzizdir. Türkiyədə məlumdur ki, mən “Dədə Qorqud” dastanının, əfsanəsinin 1300 illik yubileyini keçirmək məqsədi ilə mühüm qərarlar qəbul etmişəm, yubiley komissiyası təşkil olunubdur. Biz bunu UNESCO ilə birlikdə beynəlxalq səviyyədə keçirəcəyik. Bayqurtluların bu təşəbbüsləri bizim hamımızın müştərək işimizin bir hissəsidir. Onların Dədə Qorqud simasını bu heykəldə əks etdirməsi və bu mükafatı mənə verməsi mənim üçün çox əhəmiyyətlidir”.
1998-ci ilin sentyabrında müstəqil Azərbaycanın Birinci Qadınlar Qurultayı keçirildi. Bu qurultay müstəqillik illərində Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasətinin uğurundan xəbər verirdi. Azərbaycan qadınının yüksək mənəvi keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini, yeni nəslin formalaşmasında rolunu yüksək qiymətləndirən Heydər Əliyev bu barədə fikirlərini qurultayda çıxışı zamanı bir daha dilə gətirdi.
Sitat: Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir. Tarixi keçmişimizdə Azərbaycan qadınının görkəmli nümayəndələri olmuşdur. Onların adları dünən də, bu gün də burada çəkilibdir. Ancaq bununla yanaşı, Azərbaycan qadını əsrlər boyu bir çox hüquqlardan məhrum olmuşdur. Ona görə də sona çatan XX əsr Azərbaycan qadını üçün böyük nailiyyətlər, hadisələr, böyük dəyişikliklər əsri olmuşdur. Ən böyük nailiyyət ondan ibarətdir ki, Azərbaycan qadını azadlığa çıxmışdır.
Dövlət qadın siyasəti öz bəhrəsini zaman-zaman verməkdədir. Bu gün Azərbaycan qadını yüksək vəzifələrdə, elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində fəal təmsil olunur. Onlar ölkəmizin inkişafında bir çox uğur səhifələrinə imza atırlar.
Azərbaycan xalqı dünyaya görkəmli alimlər bəxş edib. Onlardan biri də akademik Yusif Məmmədəliyev idi. İkinci Dünya müharibəsi zamanı qış mövsümündə təyyarələrin uçuşunu təmin edən yüksək oktanlı və çox aşağı donma temperaturuna malik yanacaqların hazırlanması onun adı ilə bağlıdır. 1998-ci il sentyabrın 16-da Bakıda görkəmli alimin abidəsi açıldı. Mərasimdə çıxış edən Ulu Öndər xalqımızın dünya elminə verdiyi töhfələrdən danışdı, Yusif Məmmədəliyevin elmi irsini Azərbaycan xalqının tarixinin böyük bir fəsli, parçası adlandırdı: “Biz bu gün fəxr edə bilərik ki, Azərbaycan xalqı XX əsrdə dünya elminə böyük töhfələr vermişdir. Azərbaycan ölkəsi elmlər ölkəsidir. Azərbaycan xalqı elmli, bilikli, yüksək təhsilli xalqdır. Azərbaycanın istedadlı insanları elmi axtarışları, elmi ixtiraları, böyük elmi əsərləri ilə dünyada tanınmışdır. Azərbaycanın həm alim, həm gözəl insan, həm ictimai-siyasi xadim kimi görkəmli simalarından biri Yusif Məmmədəliyevdir... Yusif Məmmədəliyevin həyatı, yaradıcılığı, əsərləri və qoyduğu böyük elmi irs Azərbaycan xalqının tarixinin böyük bir fəslidir, hissəsidir, parçasıdır. Bu insan öz zəkası, biliyi, istedadı, fədakarlığı, elmi ixtiraları ilə, elmi əsərlər yaratmaqla, həm də ümumən Azərbaycan elmini təşkil etmək, inkişaf etdirmək sahəsindəki fəaliyyəti ilə Azərbaycan xalqının tarixinə daxil olmuşdur. Ona görə biz bu gün də Yusif Məmmədəliyevin xidmətlərini böyük məmnuniyyətlə xatırlayırıq və onun parlaq siması, əziz xatirəsi qarşısında baş əyirik”.
1998-ci ilin sentyabrı ölkəmizin həyatında daha bir mühüm hadisə - müstəqil Azərbaycanın ilk müəllimlər qurultayının keçirilməsi ilə yadda qaldı. Ulu Öndərin tədbirdəki proqram xarakterli çıxışı onun təhsilə və müəllimə verdiyi yüksək qiymətin ifadəsi kimi diqqət çəkir, 25 il əvvəl söylədiyi fikirlər bu gün də aktuallığını saxlayır.
Sitat: Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Müəllimlik peşəsi asan peşə deyil. Bəziləri hesab edirlər ki, hər adam müəllim ola bilər. Bəzən olur ki, müəllimliyə layiq olmayan adam da müəllimlik edir. Belə hallar bu gün də var, gələcəkdə də ola bilər. Ancaq Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi? Biz bunların hamısını məktəblərdən, universitetlərdən, müəllimlərdən, sizdən almışıq. Mən müəllimlərimi həmişə böyük hörmət və ehtiramla xatırlamışam. Bunu bu gün bir daha bildirmək istəyirəm. Arzu edərdim ki, müəllim elə müəllim olsun ki, bax, mənim hafizəmdə orta məktəbdən indiyədək yaşayan duyğular hər bir gəncin hafizəsində qalsın. Xatirimdədir, biz müəllimi görəndə həmişə özümüzü yığışdırırdıq. Müəllimdən həm qorxurduq, həm də ona hörmət edirdik. Biz müəllimin hər sözünü qanun kimi qəbul edirdik. Şəxsən mənim həyatımda müəllim ən ali sima olmuşdur”.
“Təhsil millətin gələcəyidir”, - deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövründə bu sahənin inkişafına xüsusi diqqət yetirirdi. Bir çox problemləri həll etməklə yanaşı, təhsil sahəsində zamanın tələblərinə uyğun islahatlar aparılmasını vacib hesab edirdi. 1998-ci il martın 30-da Prezidentin Sərəncamı ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı, təqribən bir il sonra “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” təsdiq edildi. Bütün bunlar təhsilin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsində, təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasının möhkəmlənməsində mühüm rol oynadı.