İdarəetmə Sistemləri İnstitutunda Cənubi Ural Dövlət Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
21.06.2023 / Xarici əlaqələr və Əməkdaşlıq19 iyun 2023-cü il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Rusiya Federasiyasının Çelyabinsk şəhərində yerləşən Cənubi-Ural Dövlət Universitetinin əməkdaşları ilə görüş keçirilib. Görüşdə İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov, elmi katibi Zəhra Əzizova, laboratoriya müdirləri AMEA-nın müxbir üzvü, professor Ağası Məlikov, t.e.d Məzahir İsayev, Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva, Cənubi Ural Dövlət Universitetinin prezidenti, t.e.d., professor Aleksandr Şestakov, İnformasiya ölçmə texnikası kafedrasının müdiri, t.e.d., professor Marina Samodurova və rektorun müşaviri Leonid Çepurnov iştirak ediblər. Görüşün əsas məqsədi sözügedən müəssisələr arasında elm və təhsil sahələrində əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi olub.
Əvvəlcə Ə.Sadıqov qonaqlara instituta göstərilən diqqətə görə təşəkkürünü bildirərək rəhbərlik etdiyi elmi müəssisənin tarixi, strukturu, idarəetmənin nəzəri və tətbiqi problemləri, süni intellekt texnologiyaları və sosial-iqtisadi sistemlərin tədqiqi kimi əsas fəaliyyət istiqamətləri və aparılan fundamental elmi tədqiqatlar barədə ətraflı məlumat verib. İdarəetmə sistemləri, optimallaşdırma və modelləşdirmə sahələrində əldə olunan mühüm elmi nəticələrdən bəhs edən alim, alınan qrantlar, patentlər və həyata keçirilən layihələrdən danışıb. Azərbaycanda kibernetika, geologiya, neft-qaz və fizika sahələrinin inkişafı istiqamətində aparılan tədqiqatlardan söz açan Ə.Sadıqov, həmçinin xarici müəssisələrlə qurulan beynəlxalq əməkdaşlıq əlaqələrindən bəhs edib.
Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına əsasən, İdarəetmə Sistemləri İnstitutunun Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyini qonaqların diqqətinə çatdıran Ə.Sadıqov İSİ-də elm və təhsilin inkişafı istiqamətində görülən əməli tədbirlərdən söz açıb. Yüksəkixtisaslı kadr hazırlığından bəhs edən alim institutda tədrisin magistratura və doktorantura pillələri üzrə həyata keçirildiyini qeyd edib, müəssisələr arasında mübadilə proqramlarının yaradılması barədə tövsiyələrini səsləndirib.
Sonra A.Şestakov təmsil etdiyi elm və ali təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyət istiqamətləri, aparılan elmi tədqiqatlar və həyata keçirdiyi layihələr barədə məlumat verib. O, ölkənin inkişaf strategiyasını dəstəkləyən Qlobal Mühəndislik Mərkəzi, İnşaat və Ekologiya kimi tədris proqramlarından bəhs edib. Qeyd edib ki, çoxşaxəli elmi fəaliyyətə malik universitetdə texniki, humanitar, təbiət və ictimai elmlərin inkişafı istiqamətində mühüm işlər həyata keçirilir.
Alim Rusiya ilə Azərbaycan arasında əsası ötən əsrdən qoyulan qarşılıqlı elmi əməkdaşlıq əlaqələrindən, sözügedən dövrdə Azərbaycanda informasiya texnologiyalarının inkişafına Ulu Öndər Heydər Əliyevin dəstəyindən söz açıb, ölkəmizdə texnika sahəsində güclü elmi məktəbin mövcud olduğunu, özünün də vaxtilə gənc alim kimi Bakıda ixtisaslaşma keçdiyini qeyd edib. A.Şestakov İdarəetmə Sistemləri İnstitutu kimi böyük tarixə malik, qabaqcıl elmi-tədqiqat müəssisəsi ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirərək birgə elmi tədqiqatlar zamanı əldə olunacaq mühüm nəticələrin istehsalatda tətbiqinin hər iki ölkədə elm və təhsilin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüş çərçivəsində iki müəssisə arasında əməkdaşlıq haqqında memorandumun layihəsi geniş müzakirə edilib və növbəti mərhələdə onun imzalalanması barədə qarşılıqlı razılıq əldə olunub.