
20 Yanvar faciəsinin anım günü qeyd edildi

18.01.2012-ci ildə Kibernetika İnstitutunda Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsinin anım günü qeyd edildi. İclasda İnstitutun direktoru, akademik T.A.Əliyev, müxbir üzv A.H.Hacıyev, professorlar M.A.Quliyev, O.Q.Nüsrətov, K.Ş.Məmmədov, dosent G.G.Abdullayeva və başqaları 1990-cı ilin yanvar qırğını haqqında şahidi olduqları hadisələri danışdılar və qeyd etdilər ki, Qanlı yanvar günü nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini İnstitutun əməkdaşları hər il ümumxalq hüzn günü kimi qeyd edir.