İdarəetmə Sistemləri İnstitutunda Çin Milli Kosmik Administrasiyasının nümayəndələri ilə görüş keçirilib
09.10.2023 / Mühüm xəbərlər5 oktyabr 2023-cü il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Bakıda səfərdə olan Çin Xalq Respublikasının Milli Kosmik Administrasiyasının nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə İSİ-nin baş direktoru, akademik Əli Abbasov, Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev və şöbənin əməkdaşı Xalidə Məlikova, Çin Milli Kosmik Administrasiyasının Dərin Kosmik Tədqiqatlar Laboratoriyasının Beynəlxalq Əməkdaşlıq və Mübadilə Mərkəzinin direktoru Wang Zhongmin və direktor müavini Linq Fei, beynəlxalq əməkdaşlıq direktoru Tian Jian, Beynəlxalq Əməkdaşlıq şöbəsinin rəhbəri Şa Ti və Beynəlxalq Əməkdaşlıq sektorunun rəhbəri Xi Xiangyu, “Kəmər və Yol” Assosiasiyasının baş katibinin elm və texnologiya üzrə müavini Li Renyinq iştirak etmişlər.
Əvvəlcə akademik Əli Abbasov qonaqlara instituta göstərilən diqqətə görə təşəkkürünü bildirərək rəhbərlik etdiyi elmi müəssisədə idarəetmənin nəzəri və tətbiqi problemləri, süni intellekt texnologiyaları və sosial-iqtisadi sistemlərin tədqiqi kimi əsas fəaliyyət istiqamətləri, aparılan fundamental elmi tədqiqatlar və AzərKosmosla mövcud işgüzar əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib. Akademik, həmçinin 3-10 sentyabr 2023-cü il tarixlərində Çin Xalq Respublikası Elmlər Akademiyasının Aerokosmik İnformasiya Tədqiqat İnstitutunun dəvəti ilə Çinə səfəri zamanı keçirilən işgüzar görüşlərdən söz açıb.
Sonra Çin nümayəndə heyətinin rəhbəri Wang Zhongmin Bakıya səfəri barədə təəssüratlarını bölüşüb, 74-cü Beynəlxalq Astronavtika Konqresində və konqres çərçivəsində baş tutan sərgidə iştirakından söz açıb. Alim, həmçinin Kosmosun tədqiqi sahəsində Çində həyata keçirilən işlər, o cümlədən istifadəyə verilən süni peyklər, məlumatların alınması və emalı texnologiyalarından bəhs edib, Dərin Kosmik Tədqiqatlar Laboratoriyasının fəaliyyətindən danışıb.
Görüş çərçivəsində sözügedən elmi müəssisələr arasında birgə fəaliyyət imkanları və davamlı əməkdaşlıq perspektivləri müzakirə edilib.
Sonda qonaqlar İSİ rəhbərliyinə Dərin Kosmik Tədqiqatlar Laboratoriyasının fəaliyyətini əks etdirən lövhə təqdim ediblər. İSİ-nin baş direktoru isə təmsil etdiyi qurum adından qonaqlara hədiyyə olaraq Azərbaycan xalçasını təqdim edib.