Xalqa bağışlanmış ömürdən anlar: 2003-cü ilin fevralı
16.11.2023 / Mühüm xəbərlərAzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
4 fevral. Prezident Heydər Əliyev MDB-nin üzvü olan ölkələrin Mədəni Əməkdaşlıq Şurasının 18-ci iclasının iştirakçılarını qəbul etdi.
5 fevral. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsinin reallaşdırılması ilə bağlı müşavirə keçirdi.
6 fevral. Türksoy təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının XIX toplantısının iştirakçılarını qəbul etdi.
Görkəmli bəstəkar Qara Qarayevin xatirə gecəsində iştirak etdi və nitq söylədi.
10 fevral. Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
13 fevral. İran İslam İnqilabının 24-cü ildönümü münasibətilə keçirilən mərasimdə nitq söylədi.
14 fevral. Ölkə iqtisadiyyatının inkişafına, islahatların aparılmasına və dövlət büdcəsinin icrasına həsr olunmuş müşavirə keçirdi.
20 fevral. Rusiya Təhlükəsizlik Şurasının katibi Vladimir Ruşaylonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
25 fevral. Xocalı Soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciət etdi.
23 fevral. Prezident Corc Buşun dəvəti ilə ABŞ-a səfərə getdi.
2003-cü il fevralın 6-da Bakıda Türksoy təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının XIX toplantısı keçirildi. Tədbirdə çıxış edən Prezident Heydər Əliyev türkdilli xalqların əsrlər boyu bir-birinə yaxınlaşmasında və birləşməsində müştərək mədəniyyətin, mənəvi dəyərlərin müstəsna əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, sonradan rus və sovet imperiyaları türk xalqlarını bir-birindən müəyyən qədər aralasa da, bağlantılar qırılmadı.
Sitat: Sonra rus imperatorluğu, ondan sonra isə sovet imperatorluğu dövründə biz bunları itirmədik, ancaq bir-birinizdən bir qədər aralandıq. Doğrudur, tamam aralanmadıq, biz Türkmənistan nümayəndələri ilə hər il burada görüşdük, yarış keçirdik. Türkmənistan pambıqçıları Azərbaycana gəlirdilər, bizim pambıqçılar isə Türkmənistana gedirdilər. Yəni bunlar var idi. Amma oturub danışmırdıq ki, axı, bizim dilimizin bir kökü vardır. Bizim yaxın adət-ənənələrimiz vardır.
Prezident Heydər Əliyev təkcə türk xalqlarının deyil, müsəlman dünyasının həmrəylik və qardaşlığına nail olunmasını vacib hesab edirdi. Onun bu barədə fikirləri fevralın 10-da Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrikində bir daha əksini tapdı. Ümummilli Lider müsəlmanların böyük təntənə ilə, həmrəylik və qardaşlıq rəmzi kimi qeyd etdikləri Qurban bayramının insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmaq imkanları yaratdığını, Azərbaycan xalqının bu dəyərlərə bütün dövrlərdə sadiq qaldığını vurğulayaraq dedi: “İslamın insanpərvərlik, mehribanlıq və mərhəmət prinsiplərinə həmişə sadiq qalmış Azərbaycan xalqı tarixinin çətin dövrlərində belə, Qurban bayramını özünün ən əziz günlərindən biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi şəkildə bayram edilməsi xalqımızın öz milli və dini ənənələrinə sədaqətinin parlaq ifadəsidir... Qoy bütün böyük milli və dini bayramlarımız kimi, mübarək Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafında daha sıx birləşməsini təmin etsin, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirsin!”
Azərbaycan-Rusiya münasibətlərinin möhkəmləndirilməsi, bu kontekstdə terrorizmlə mübarizə Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursunun prioritetləri sırasında yer alırdı. 2003-cü il fevralın 20-də Ulu Öndərin Bakıya səfər etmiş Rusiya Təhlükəsizlik Şurasının katibi Vladimir Ruşaylonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə də iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olundu. Bununla yanaşı, Ermənistan–Azərbaycan münaqişəsinin həllinə, habelə beynəlxalq terrorizm və onun hər cür təzahürləri ilə mübarizənin gücləndirilməsinin zəruriliyinə dair fikir mübadiləsi aparıldı.
Prezident Heydər Əliyev söhbət əsnasında bildirdi ki, terrorizmlə mübarizə sahəsində Rusiya ilə Azərbaycan arasında həm yaxşı əməkdaşlıq təcrübəsinin, həm də yaxşı nəticənin olması məmnunuq doğurur.
Sitat: Terrorizmlə daim mübarizə aparmaq çox mühüm bir məsələdir. Təəssüf, indi dünya elədir ki, hər hansı bir dövrə yekun vurmaq və terrorizmin, xüsusən də beynəlxalq terrorizmin daha olmadığını demək səhv olardı. Dünyanın, əslində bütün regionlarında, xüsusən Amerika Birləşmiş Ştatlarında baş vermiş 11 sentyabr hadisələrindən sonra terrorçular baş qaldırmışlar – bunlar narkotiklərlə və bir çox digər əməllərlə məşğul olan müxtəlif cinayətkarlardır. Ona görə də mübarizə davam edir və indi də, gələcəkdə də birgə fəaliyyətimizin mühüm istiqaməti beynəlxalq terrorizmlə və onun hər cür təzahürləri ilə mübarizədə fəal əməkdaşlıqdan ibarət olacaqdır.
2003-cü il fevralın 23-də Heydər Əliyev ABŞ Prezidenti Corc Buşun dəvəti ilə Birləşmiş Ştatlara səfər etdi. Səfər çərçivəsində “Şərq-Qərb enerji dəhlizi reallıqdır” mövzusunda keçirilən beynəlxalq konfransda geniş nitq söyləyən Ümummilli Lider Xəzər dənizindəki böyük neft və qaz ehtiyatlarına diqqət çəkərək dedi ki, bu sahədə Azərbaycanla əməkdaşlıq Qərb ölkələrinə də fayda gətirəcək: “İlkin qiymətləndirmələrə görə, ancaq Azərbaycan sektorundan 4 milyard ton neft, 5 trilyon kubmetr qaz gözlənilir. Birinci müqavilədən 740–750 min ton neft gözləyirik və bu, Bakı–Ceyhan kəməri ilə ixrac ediləcəkdir. Ancaq Azərbaycan sektorunda çox perspektivli başqa yataqlar da var. Ona görə də görürsünüz, ümumi miqdar çoxdur – 4 milyard ton neft və 5 trilyon kubmetr qaz. Bunlar ancaq Azərbaycan sektorundadır. Demək, bu, 50–100 ilə qədər işlənilməsi mümkün olan bir sahədir. Ona görə də bu həm Azərbaycan üçün, onun iqtisadiyyatını inkişaf etdirmək, xalqımızın rifah halını yaxşılaşdırmaq üçün, həm də bizimlə əməkdaşlıq edən Qərb ölkələri, şirkətləri üçün çox böyük mənfəət, fayda gətirəcəkdir”.
Ulu Öndər konfransdakı çıxışında Qarabağ məsələsinə də toxunaraq ABŞ-ın regiona daha çox diqqət ayırmasının vacibliyini vurğuladı və qeyd etdi ki, neft-qaz layihələri münaqişənin həllinə yardımçı ola bilər.
Sitat: Amerika Birləşmiş Ştatları bundan sonra bu regiona daha da diqqətli olmalıdır. Biz hesab edirik ki, Minsk qrupunun həmsədrləri kimi, Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa bu məsələnin sülh yolu ilə həll olunmasında qəti addımlar atmalıdırlar. Biz yenidən müharibənin başlanmasını istəmirik. Baxmayaraq ki, Azərbaycanda əhali artıq dözə bilmir. Belə vəziyyətə dözə bilmir ki, torpaqlarının 20 faizi on ildir işğal altındadır. Belə vəziyyətə dözə bilmir ki, bir milyon qaçqın-köçkün azərbaycanlının əksəriyyəti çadırlarda yaşayır. Ona görə xalq tərəfindən çox təkliflər alırıq, insanlar tələb edirlər: “Biz istəyirik müharibə edək, ya gedək torpaqlarımızı geriyə alaq, ya da məhv olaq!” Biz bunların qarşısını alırıq, bundan sonra da alacağıq. Ancaq vəziyyəti həmişə bu cür saxlamaq mümkün deyildir. Güman edirəm ki, bizim bu layihələrin həyata keçirilməsi münaqişələrin də həll olunmasına yardımçı ola bilər. Arzu edirəm ki, belə də olsun”.
Prezident Heydər Əliyevin ABŞ-a səfər proqramı olduqca zəngin idi. Fevralın 26-da Ağ evdə ABŞ Prezidenti Corc Buşla görüş oldu. Həmin gün Dövlət Departamentində Azərbaycan Prezidentinin iştirakı ilə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 98-ci maddəsinə dair sazişin imzalanma mərasimi keçirildi.
Səfər müddətində Prezident Heydər Əliyev ABŞ-ın vitse-prezidenti Riçard Çeyni, Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Corc Tenet, ticarət naziri Donald Evans, energetika naziri Spenser Abraham, ATƏT-in Minsk qrupunun ABŞ tərəfindən həmsədri Rudolf Perina ilə görüşdü, Vaşinqtonda jurnalistlər üçün mətbuat konfransı keçirdi. Həmçinin Dövlət Departamentində Azərbaycan Prezidentinin şərəfinə rəsmi qəbul təşkil olundu.