Azərbaycan müəllimlərinin XVI qurultayı öz işinə davam edir.
16.12.2023 / Xəbərlərİki gün keçiriləcək qurultayda Elm və Təhsil Nazirliyinin əsas fəaliyyət istiqamətlərini əhatə edən mövzular üzrə panel sessiyalar təşkil olunub.
“Elm və ali təhsilin inteqrasiyası” mövzusunda təşkil olunan paneldə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentləri Dilqəm Tağıyev və İradə Hüseynova çıxış ediblər.
Spikerlər panel müzakirədə elm və ali təhsilin inteqrasiyasının əhəmiyyətindən, bu istiqamətdə inkişaf etmiş ölkələrdə tətbiq olunan modellərdən, elmi tədqiqat işinin genişləndirilməsi və bu işdə müasir yanaşmanın tətbiq olunmasının önəmindən danışıblar.
Agentliyin direktoru Ülkər Səttarova ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin elmi fəaliyyətinin önəmini və bu fəaliyyətin tədrisə inteqrasiyasının əhəmiyyətini vurğulayaraq, bunun tələbələrin biliklə yanaşı bacarıq və səriştə əldə etməsində mühüm rol oynadığını nəzərə çatdırıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əsas missiyasının elmi-tədqiqat institutlarının ali təhsil müəssisələri ilə sıx əməkdaşlığını təmin etmək olduğunu diqqətə çatdıran Ülkər Səttarova, həmçinin elmin çevik maliyyələşməsi istiqamətində mexanizmlərin hazırlanmasının nəzərdə tutulduğunu qeyd edib.
Panel sessiyası iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam etdirilib.