
"Transmilli Təhsil" forumu keçirilib

26 yanvar 2024-cü il tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və Britaniya Şurasının (British Council) təşkilatçılığı ilə “Transmilli Təhsil ” adlı forum keçirilib.
Forumun məqsədi hər iki ölkə arasında transmilli təhsil imkanlarının genişləndirilməsi, ali təhsildə beynəlmiləlləşməyə və ali təhsil müəssisələrinin institusional nüfuzunun artırılmasına töhfə verməkdir. Forumda yerli ali təhsil müəssisələrinin rektorları və beynəlxalq əməkdaşlıq sahəsindən nümayəndələr iştirak edib.
Forumda çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova ali təhsildə yeni texnologiyaların təsiri və qlobal çağırışların yaratdığı dəyişiklikləri qeyd edib. Ü.Səttarova ali təhsildə keyfiyyət göstəricilərinin və institusional reputasiyanın artırılmasında beynəlxalq əməkdaşlığın, mübadilə proqramlarının, beynəlxalq reytinq cədvəllərində iştirakın və beynəlxalq ikili diplom proqramlarının önəmli rol oynadığını vurğulayıb.
Forumda “Times Higher Education” beynəlxalq reytinq təşkilatının nümayəndələri qlobal miqyasda institusional nüfuzun formalaşması barədə faydalı məlumatları auditoriya ilə bölüşüblər.